Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15099/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2012-ci il tarixdən kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi xx.xx.2022-ci il tarixdən mənzil növbəsində idi. 15 ildən artıq Silahlı Qüvvələrdə xidmət keçmiş və xx.xx.2002-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu da kifayət edir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi” qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli qərarına əsasən mənzillə təmin olunanadək ona kirayə pulu ödənilsin. Bu səbəbdən tərəfindən cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq, hal-hazırda yaşayış yeri üzrə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsində olmağını nəzərə alaraq, yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9705/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 1580/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9705/2021 saylı qərarı ləğv edilmiş, mənzil növbəsində olmağı nəzərə alınmaqla ona kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-152/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1580/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə ona kirayə pulunun ödənilməsinin xx.xx.2023-cü il tarixdən ödənilməsini qət etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli qərarına əsasən mənzillə təmin olunanadək kirayə pulunun ödənilməsi müəyyən edildiyindən ona qərar qəbul olunduğu tarixdən, yəni xx.xx.2012-ci il tarixdən kirayə pulu ödənilməli idi. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-152/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1580/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(103)-1580/2022 nömrəli qərarına əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9705/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməsi, iddiaçının cavabdehə qarşı “mənzil növbəsində olması nəzərə alınmaqla, kirayə haqqının ödənilməsi" tələbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır.
4. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
10. Beləliklə, məhkəmə müəyyən edir ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(103)-1580/2022 qərarı ilə iddia təmin edilmiş, mənzil növbəsində olması nəzərə alınmaqla kirayə haqqının İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.
12. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
13. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 24-cü bəndinə əsasən “İcra haqqında” Qanunun 26-cı maddəsində icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində nəzarətin həyata keçirilməli olduğu təsbit edilmişdir. Bu normaya uyğun olaraq məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasına nail olmaq üçün icra orqanı qismində çıxış edən hakim icra vərəqəsi verməklə işini bitmiş hesab etməməli, icra məmuru tərəfindən başlanılmış icra icraatının gedişini də nəzarətdə saxlamalıdır. Bunun üçün icra məmurundan görülmüş işlər barədə mütəmadi məlumatlar almalı, işin xüsusiyyətlərindən çıxış etməklə icranın təmin edilməsinə yönəlmiş qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
14. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).
15. Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
16. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
17. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.
18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qərarının düzgün icra olunması üçün icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə ərizə ilə müraciət etməli və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tələb etməlidir. Bu baxımdan hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi icra icraatı qaydasında təmin edilməlidir, ona görə də iddia tələbi mümkün sayılmamalıdır.
19. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva