Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-151/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun işdən çıxarılması barədə 23 oktyabr 2019-cu il tarixli 1000/1291Ş saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 iyul 1995-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə qəbul olunmuş və 23 oktyabr 2019-cu il tarixinədək həmin Komitədə müxtəlif vəzifələrdə işləmişdir. 23 oktyabr 2019-cu ildə o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1291Ş saylı əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etmək səbəbilə işdən çıxarılmışdır. Cavabdeh tərəfindən ona heç bir iş təklif olunmamış və o, heç bir işdən imtina etməmişdir. Xidmət etdiyi dövrdə - 24 il ərzində heç bir ciddi tənbeh tədbirləri olmamışdır. İşlədiyi dövrdə həmişə əmək intizamına, Əmək Məcəlləsinin tələblərinə əməl etmişdir. Yaxşı işlədiyinə görə 14 avqust 2018-ci il tarixdə böyük inspektor vəzifəsinə təyin olunmuş, 2018-ci ilin noyabr ayında keçirilən attestasiya nəticəsində imtahanları müvəffəqiyyətlə vermişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/804Ş nömrəli əmri ilə Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunun böyük inspektoru Abbasov X1 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli 1000/1291Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-103/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1694/21 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-103/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İnzibati iş təkrarən Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-151/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdehin işdən çıxarılma barədə xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus ИT-İ № ******* nömrəli, xx.xx.1987-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıqla Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə Bakı Aksiz Gömrük Postunun Qaçaqmalçılıq və Gömrük Qaydalarının pozulması ilə Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə həmin şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin “Bərə keçid” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə həmin İdarənin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə Komitənin sərəncamına götürülmüş, elə həmin tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun böyük inspektoru təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, xx.xx.2019-cu il tarixdə isə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 23 oktyabr 2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi/Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postu, Böyük inspektor) xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” səbəbi ilə 23 oktyabr 2019-cu il tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1368/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 3 (üç) aylıq müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş məktubla Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1368/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrinə dəyişiklik edildiyi bildirilmiş və bununla bağlı Komitənin xx.xx.2020-ci il tarixli 1000/666Ş nömrəli əmrinin surəti təqdim olunmuşdur. Həmin əmrin məzmunundan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. Beləliklə, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıqla Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, xx.xx.2019-cu il tarixdə 1000/1291Ş nömrəli, 23 oktyabr 2019-cu il tarixli əmrə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. Sözügedən 23 oktyabr 2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə istinad olunmaqla iddiaçının xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda”, “və ya həmin vəzifədən imtina etdikdə” səbəblərindən məhz hansı ilə 23 oktyabr 2019-cu il tarixdən xitam verilməsi konkret olaraq göstərilməmişdir. Sonradan cavabdeh orqan xx.xx.2020-ci il tarixli 1000/666ş nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrinə dəyişiklik etmiş, xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözlərini çıxarmışdır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək təkrar baxışa göndərərkən ona istinad etmişdir ki, “(....) əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli idi. Bu dəlillər ilk növbədə hansı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının gömrük orqanlarında hansı vakant vəzifəyə keçirilməsinin hansı səbəblərdən qeyri-mümkün olması hallarını sənədləşdirməli idi”. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə təkrarən birinci instansiya məhkəməsində baxılarkən apellyasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq cavabdeh quruma iddiaçı barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli 1000/1291ş nömrəli əmrinin qəbul edilmə əsasları, o cümlədən, hansı təşkilati-ştat tədbirlərinin keçirildiyi, sərəncamda olduğu dövrdə hansı vakant vəzifələrin mövcud olduğu, iddiaçının hansı digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasının səbəbləri barədə ətraflı məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000-210/2xx-xx/004191 nömrəli məktubunda bildirilmişdir ki, Komitənin 2019-cu il 23 oktyabr tarixli 1000/1291Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmiş İddiaçı barəsində həmin əmrin verilməsinə əsas olan müvafiq sənəd Komitədə təşkilati-ştat tədbirləri olaraq həyata keçirilmiş 2019-cu il 24 iyul tarixli 1000/804Ş nömrəli əmrdir. Həmin əmr əsasında təşkilati-ştat tədbirləri olaraq İddiaçı Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə sərəncamda saxlanılmışdır. İddiaçı sərəncamda olduğu müddət ərzində struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və digər vakant vəzifə olmadığından İddiaçı hər hansı digər vəzifə təklif olunmamışdır. Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edildiyini nəzərə alaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Həmin Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Qeyd olunan inzibati aktların qanuniliyi şübhə doğurmur, çünki formal-hüquqi baxımdan həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Eyni zamanda həmin inzibati aktlar maddi-hüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələbləri Dövlət Gömrük Komitəsi tərəfindən gözlənilmişdir. Həmçinin digər hüquq mühafizə orqanlarının (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (38.2.2 maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” (111.4 maddə) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərinin nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı müddəalar öz əksini tapmışdır. Diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında və digər kütləvi informasiya vasitələrində elan verilir. Sorğuda qeyd edilən dövr ərzində gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir. Əlavə olaraq bildirilir ki, Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəlinin dövri nəşr olunmadığını, həyata keçirilən ştat tədbirləri ilə bağlı həmin cədvəlin elektron qaydada daima yeniləndiyini nəzərə alaraq sorğuda qeyd olunan tarixlər üzrə məlumatların əldə edilməsi, nəşr olunması faktiki olaraq imkan xaricindədir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci bəndinə görə gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Həmin Əsasnamənin 120.3-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. İşin hallarından müəyyən olunur ki, iddiaçı 24 iyul 2019-cu il tarixli 1000/804ş nömrəli tarixli əmrlə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. İddiaçı həmin əmri mübahisələndirməmişdir. Buna görə də iddiaçının həmin əmrlə vəzifəsindən azad edilərək sərəncama götürülməsi, həmin əmrin verilməsinə səbəb olan hallar hazırkı mübahisənin predmeti qismində çıxış etmir. İddiaçının Gömrük orqanlarında xidmətinə Dövlət Gömrük Komitəsinin xx.xx.2019cu il tarixli 1000/1291Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda” əsası ilə xitam verilmişdir. Cavabdeh qeyd edir ki, iddiaçının sərəncamda olduğu dövrdə iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasının səbəbi bilavasitə gömrük orqanlarında müvafiq vakant ştat vahidlərinin olmaması olmuşdur. Bunun sübutu kimi isə cavabdeh istinad edir ki, vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında və digər kütləvi informasiya vasitələrində elan verilir. Lakin iddiaçının sərəncamda olduğu dövrdə gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamasının nəticəsidir ki, gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar qeyd edildiyi kimi Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan yerləşdirilməmişdir. Eyni zamanda Komitədə, strukturuna daxil olan qurumlarda ştat cədvəli dövri nəşr olunmadığından qeyd olunan dövr üzrə hansı ştat vahidlərinin boş olduğu barədə məlumatların əldə edilməsi mümkün deyildir. Məhkəmə hazırkı iş üzrə nəticəyə gələrkən cavabdehin istinad etdiyi iddiaçının xidmətdən azad edilməsinin əsası kimi həmin dövrdə vakant ştat vahidlərinin olmamasının yoxlanılması ilə yanaşı, həm də müvafiq vakant vəzifənin ola biləcəyi təqdirdə işçinin vakant vəzifəyə təyin edilməsi ilə bağlı inzibati orqanın diskresion səlahiyyəti baxımından da qiymətləndirmənin zəruri olduğunu nəzərə alır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. Qeyd edilməlidir ki, sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olub-olmaması (mövcud vakant vəzifə üçün tələb olunan şərtlər, işçinin ixtisası, təcrübəsi, digər işçi keyfiyyətləri və s.) baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamda olma müddəti bitdikdən sonra müvafiq vakant vəzifə üzrə işçinin yerləşdirilməsində qiymətləndirmə də diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, işin hüquqi və faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa” barədə tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-151/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-151/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver