Məhkəmə qərarları › İş №2-1(112)-151/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-151/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-151/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********316400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********316400 nömrəli qərarı ilə "xxxx" MMC-yə 2019-cu il üzrə 19620,78 manat Mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas kimi 2019-cu il üzrə 98103,9 manatlıq xərci təsdiq edən sənədlərin olmaması əsas gətirilmişdir. Belə ki, müəssiə tərəfindən 2019-cu il təqdim edilimiş mənfəət vergisi bəyannaməsinə, eyni zamanda il üzrə tədim eilmiş elektron qaimə fakturalara əsasən il üzrə gəlir 205761,28 manat təşkil etmiş gəlirin, 147254,12 manatı (71,6%-i) malların təqdim edilməsindən, 58507,16 manatı (28,4%-i) isə xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Yəni müəssisə tərəfindən 2019-cu il ərzində təqdim edilmiş E-qaimə cild fakturalara əsasən satışın 147254,12 manatı (71,6%-i) mal satışından, 58507,16 manatı (28,4%-i) isə xidmətlərdən (quraşdırma, sazlama, təmir) ibarət olmuşdur. Vergi orqanı müəssisə tərəfindən nağd qaydada alınmış malları, hansı ki gəlirin əldə olunmasında birbaşa iştirak edir və həmin mallar satılarkən qaimə fakturada malın adı göstərilir həmin malların dəyərini xərcə tanımamışdır. Bu səbəbdən, yəni Malların alışını təsdiq edən elektron qaimə faktura, vergi hesab fakturası olmadığına görə Müəssisə Vergi Məcəlləsinin 83.9-cu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələblərinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi aşağıdakı qaydada hesablamışdır. M1 = G1:(100 + R)xR Belə olan halda müəssisənin dövr ərzində gəlirinin 205761,28 manat təşkil etməsini nəzərə alsaq mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır. M=205761,28:(100+20)x20=34293,55 manat. Ondan da 20% mənfəət vergisi 6858,71 manat (34293,55*20%) Mənfəət vergisi. Vergi orqanı hesablama apararkən Vergi Məcəlləsinin 14-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş və 67-ci maddəni isə düzgün tətbiq etməmişdir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14-cü maddəsini tətbiq edərək alınmış malların bazar qiymətinin tətbiq edilməsi mümkün olmadığı təqdirdə kameral vergi yoxlamasını aparmaq üçün vergi orqanı Vergi Məcəlləsinin 67.14-cü maddəsinə istinad etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində qeyd edilmiş xərc məbləğlərinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığı müəyyən edimişdir. Qeyd edilən uyğunsuzluq barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********896600 nömrəli və xx.xx.2020-ci 'il tarixli **********710100 nömrəli məktublar göndərilmişdir. İddiaçı tərəfindən əsaslandırılmış izahat məktubu, müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üzrə 20709,35 manat vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********217000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən qərardan inzibati şikayət verərək, 2019-cu il üçün mənfəət vergisi üzrə hesablanmış vergi məbləğinin ləğv edilməsini tələb etmişdir. İnzibati şikayətin araşdırılması zamanı cəmiyyətin icraçı qismində digər şəxslərlə (sifarişçi), o cümlədən Dövlət Neft Şirkətinin "xxxx" İstehsalat Birliyi, Dövlət Neft Şirkətinin (Socar) "Neftqaztikinti" Tresti, "xxxx" MMC, “Gilan FMCG X8” MMC, "xxxx"xxxx"X11 Zavodu" MMC, “Kirs’) Firması, "Zəyəm Texnologiyalar Parkı ASC, "X1" ASC; "X6" MMC və digər şirkətlərlə bağladığı müqavilələrə və 2019-cu il ərzində təqdim edilmiş e-qaimələrə əsasən sonuncuların mülkiyyətində olan avadanlıqların, o cümlədən generatorların qaynaq maskalarının, tutqacların, qaynaq və digər avadanlıqlarının; bərpası, sazlanması, servis xidməti və sair xidmətlər göstərildiyi müəyyən edilmişdir. Həmçinin, uçot baza məlumatlarına və vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə əsasən bu həcmdg olan işlərin göstərilməsinə və xidmətlərin yerinə yetirilməsinə biri rəhbər olmaqla cəmi 3 işçinin -i X5 müəssisənin direktoru vəzifəsində, X2 usta-elektrik-köməkçi fəhlə vəzifəsində və X4 məişət elektrik maşınları və avadanlıqları üzrə elektrik-çilingər vəzifəsində cəlb olunması müəyyəri edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu il ərzində cəmiyyət tərəfindən malların təqdim edilməsindən 147254,12 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən isə 58507,16 manat, cəmi 205761.28 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı gəlirdən çıxılan xərclərin isə 171447,98 manat təşkil etdiyi aşkar edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin tərkibinin 111524,99 manat malın dəyəri xərcindən, 42888,11 manat isə digər xərclərdən ibarət olduğu müəyyən edilmişdir. Həmçinin, 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 103546,76 manat xərc məbləğinin uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığı və bu xərclər barədə müvafiq təsdiqedici sənədlər tələb edilməsinə baxmayaraq, cəmiyyət tərəfindən xərclərə dair təsdiqedici sənəd kimi 74747,0 manat dəyərində müxtəlif elektrik avadanlıqlarının ehtiyat hissələri, o cümlədən 200 ədəd rezin boru, 100 ədəd ucluq M8, 85 ədəd hypertherm, 30 ədəd qaz dağıdıcı diffuzor, 30 ədəd müşdük, 20 ədəd dişli çarx və sair sıravi əhalidən alınması mümkün görünməyən böyük sayda xüsusi avadanlıq hissələri barədə “Malların alış aktları” və kassa məxaric orderləri təqdim edildiyi, lakin alış aktlarında malları satan şəxsin hər hansi bir rekviziti olmadığı və malların satıcısı ümumi olaraq “Bazar” qeyd olunmaqla tərtib olunması müəyyən edilmişdir. Lakin cəmiyyət tərəfindən eyni tipli malların "Carçıoğlu Group" (VÖEN **********), "Hidroterm.Az" (VÖEN **********) "Meckinley" (VÖEN **********) və "X12" MMC (VÖEN **********) kimi şirkətlərdən e-qaimə əsasında alınmasına və digər malların da eyni qaydada alınmasının mümkün olmasına baxmayaraq böyük həcmdə olan malların alış aktları ilə rəsmiləşdirilməsi bildirilmişdir. Eyni zamanda, təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********389200 nömrəli məktubda alınmış mallar barədə cədvəl şəklində məlumat təqdim edilməklə ciddi hesabat blankı sayılan hər hansi bir sənəd təqdim edilməmişdir. Nəticədə, "xxxx" MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2020-ci il tarixli inzibati şikayəti təmin edilməmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05.11,2020-ci il tarixli **********217000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxanda qeyd edilənlərə əsasən vergi ödəyicisi tərəfindən vergi uçotu lazımi qaydada aparılmadığından və qeyd edilən uyğunsuzluğun səbəbi barədə təsdiqedici sənədlər təqdim edilmədiyindən vergi orqanı tərəfindən haqlı olaraq əlavə vergi məbləği müəyyən edən hesablama aparılmışdır. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********316400 nömrəli qərarı ilə 2019-cu il mənfəət vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 6.858,71, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 26.479,49, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 19.620,78 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmənin 9/7629 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, Rəyin tədqiqi hissəsində göstərilənlərə və ekspert qarşısında qoyulan suala əsasən şərti rentabellik norması tətbiq olunmaqla 2019-cu il üzrə müəssisəyə hesablanmış mənfəət vergisinin məbləği 6858,71 manat müəyyən olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli əliverişsiz inzibati aktını xx.xx.2021-ci il tarixdə (inzibati orqan tərəfindən qərarın iddiaçıya rəsmi olaraq hansı tarixdə təqdim edilməsi sübut edilmədiyi halda) məhkəmədə iddia qaldırmaqla mübahisələndirmiş və bununla da 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.20215-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü isə “plastik lövhələrin, zolaqların, borualrın, profillərin istehsalı” olmuşdur. Vergi orqanının araşdırmasına əsasən iddiaçının 2019-cu il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu il ərzində cəmiyyət tərəfindən malların təqdim edilməsindən 147254,12 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən isə 58507,16 manat, cəmi 205761.28 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı gəlirdən çıxılan xərclərin isə 171447,98 manat təşkil etdiyi aşkar edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin tərkibinin 111524,99 manat malın dəyəri xərcindən, 42888,11 manat isə digər xərclərdən ibarət olduğu müəyyən edilmişdir. Həmçinin, 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 103546,76 manat xərc məbləğinin uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığı və bu xərclər barədə müvafiq təsdiqedici sənədlər tələb edilməsinə baxmayaraq, cəmiyyət tərəfindən xərclərə dair təsdiqedici sənəd kimi 74747,0 manat dəyərində müxtəlif elektrik avadanlıqlarının ehtiyat hissələri, o cümlədən 200 ədəd rezin boru, 100 ədəd ucluq M8, 85 ədəd hypertherm, 30 ədəd qaz dağıdıcı diffuzor, 30 ədəd müşdük, 20 ədəd dişli çarx və sair sıravi əhalidən alınması mümkün görünməyən böyük sayda xüsusi avadanlıq hissələri barədə “Malların alış aktları” və kassa məxaric orderləri təqdim edildiyi, lakin alış aktlarında malları satan şəxsin hər hansi bir rekviziti olmadığı və malların satıcısı ümumi olaraq “Bazar” qeyd olunmaqla tərtib olunması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı iddiaçının 2019-cu il üzrə mənfəət vergisini hesablayarkən xərclərin ciddi hesab sənədi hesab edilməyən qaimə fakturalarla rəsmiləşdirdiyini, bununla da həmin il üzrə xərc sənədlərinin tam olmamasını əsas götürərək gəlirdən bir qism xərclər çıxıldıqdan sonra qalan hissəyə birbaşa 20% vergi dərəcəsini tətbiq etməklə 2019-cu il mənfəət vergisi üzrə 26.479,49 manat, əlavə olaraq isə 19.620,78 manat mınfəət vergisi hesablamışdır. Hazırkı iş üzrə iddiaçı 2019-cu il üzrə ümumi gəlirindən çıxılmalı xərcləri təsdiq edən sənədlər (malların alınmasına dair xərci təsdiq edən) olmadığından özü şərti rentabellik normasına əsasən vergi hesablayaraq bəyan etmiş, başqa sözlə, iddiaçı cavabdehin ümumi gəlirinə birbaşa gəlirdən çıxılmalı xərc nəzərə alınmadan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablaması qaydası ilə razılaşmayaraq əlavə verginin hesablanması barədə qərarı mübahisələndirir. Məhkəmə vergi orqanın ümumi gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərc nəzərə alınmadan vergi hesablanması metodu ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; -71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Sadalanan normalardan görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. Hazırkı iş üzrə vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2019-cu il üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən digər şəxslərlə (sifarişçilərlə) əməliyyatlar apardığı (mallar, işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2019-cu il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Məhkəmə işin bu halında iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti renatabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu və yaxud cavabdeh orqanın xərc sənədi olmadığı halda şərti rentabellik norması tətbiq etməklə vergi hesablamaq kimi bilavasitə vəzifəsinin olduğunu qəbul etməsə də eyni zamanda vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu da qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Göründüyü kimi vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik vergi orqanına:

1. vergi ödəyicisinin mənfəətini müəyyən etmək,

2. mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergi hesablanması səlahiyyətini müəyyən etmişdir. Dolayısı ilə, vergi qanunvericiliyi vergi orqanına uçotunu aparmayan, alış sənədləri olmasa da lakin satışı olan vergi ödəyicisinə münasibətdə VM-nin 67-ci maddəsində sadalanan metodlardan istifadə etmədən birbaşa vergi hesablaması qaydasını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 saylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, vergi qanunvericiliyinə tətbiq edilmiş bu dəyişiklik onu ifadə edir ki, bu qayda 2024-cü il yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Əvvəlki dövrlərə aid olan vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi, mühasibat uçotunun aparılmaması və digər səbəblərdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanları ödənilməli olan verginin məbləğini VM-nin 67.1, 67.14, 83.9-cu maddələri əsasında hesablaya bilər. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:- 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2021-ci il tarixli **********316400 nömrəli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********316400 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar