Məhkəmə qərarları › İş №2-1(112)-1511/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1511/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1511/2022 06.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 12547,08 manat pensiya məbləğinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Filial tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasında xx.xx.1985-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Bakı “Zərif-Mahud” kombinatında toxucu şagirdi, toxucu və parta təmizləyən vəzifəsində, xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində isə "xxxx" ASCdə toxucu peşəsində işlədiyi qeyd olunmuş, Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri tərəfindən cavabdehin sənədlərində qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı ona işlədiyi müəssisə tərəfindən 1998-ci il üzrə 3 ay, 1999-cu il üzrə 4 ay, 2000-ci il üzrə 4 ay, 2001-ci il üzrə 5 ay əmək haqqı ödənilmədiyi müəyyən olmuş, həmçinin 2006-cı il üzrə 3 ay, 2007-ci il üzrə 7 ay, 2008-ci il üzrə 10 ay, 2009-cu il üzrə 2 ay, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı aşkar edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövrlər üzrə ümumilikdə 7 il 5 ay müddətini onun ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də cavabdehin ümumi iş stajı 20 ildən az (19 il 7 ay) təşkil edir. Göründüyü kimi, ona xx.xx.2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati hüquq münasibətləri idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri olaraq dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanın vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Buna görə də məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Bu səbəbdən iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh xx.xx.2014-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli 104 saylı qərarla cavabdehə xx.xx.2014-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən Cavabdeh təyin edilmiş əmək pensiyasının dayandırılması barədə **********8 saylı qərar qəbul etmişdir. Bunan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə **********1 saylı məktub ünvanlayaraq bildirmişdir ki, vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasında xx.xx.1985-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Bakı “Zərif- Mahud” kombinatında toxucu şagirdi, toxucu və parta təmizləyən vəzifəsində, xx.xx.2004xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində isə "xxxx" ASC-də toxucu peşəsində işlədiyi qeyd olunmuş, Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri tərəfindən sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı ona işlədiyi müəssisə tərəfindən 1998-ci il üzrə 3 ay, 1999-cu il üzrə 4 ay, 2000-ci il üzrə 4 ay, 2001-ci il üzrə 5 ay əmək haqqı ödənilmədiyi müəyyən olmuş, həmçinin 2006-cı il üzrə 3 ay, 2007-ci il üzrə 7 ay, 2008-ci il üzrə 10 ay, 2009-cu il üzrə 2 ay, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı aşkar edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün yuxarıda göstərilən dövrlər üzrə ümumilikdə 7 il 5 ay müddətini onun ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də cavabdehin ümumi iş stajı 20 ildən az (19 il 7 ay) təşkil edir. Cavabdeh artıq ödənilmiş 12547,08 manat artıq pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarması, əks halda qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. Hazırda iddiaçı həmin məktuba uyğun olaraq iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12547,08 manat artıq pul vəsaitinin tutularaq geri qaytarılmasını xahiş edir. Məhkəmə bu iddianı əsaslı saymır və qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. -67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.9-cü maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. -68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. -68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. -68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilər. Hazırkı iş üzrə iddiaçı inzibati orqanın qeyd edilən tələblərə riayət edərək inzibati icraatı apardığı müəyyən olunmur. Hər bir halda hazırkı inzibati məhkəmə mübahisəsinin həlli, yəni artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi iddiaçının istinad etdiyi pensiyanın təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan öncə, bu aktın əlverişli və ya əlverişsiz inzibati akt olub-olmamasını, bu aktın ləğvinin yarada biləcəyi hüquqi nəticələrin araşdırılmasını tələb edir. Pensiya məbləğinin geri qaytarılması pensiya təyin edilməsi barədə qərarın qanuni hesab olunmasına əsas yaratmadığı kimi, pensiya təyinatı barədə qərarın qanunsuz olması əsası da ödənilmiş vəsaitin birmənalı olaraq geri qaytarılmasını tələb etməyə əsas vermir. Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, qanunvericilik qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına icazə verir, lakin həmin aktın yaratdığı hüquqi nəticələrin aradan qaldırılmasını müəyyən hallarla şərtləndirir: - maraqlı şəxs etimad hüququna istinad etmək imkanına malikdirmi; - başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurma halı mövcuddurmu; - maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı ehtimalı varmı. Məhkəmə bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Göründüyü kimi qanunverici etimad hüququnun qorunduğu hallarda maraqlı şəxsin inzibati aktın ləğvi ilə əlaqədar mümkün olan mənfi nəticələrindən qoruyur. Yaxud əksinə maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsi istisna edilən hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsi etimad hüququnu istisna edəcək halları konkret olaraq sadalamışdır. Hazırkı iş üzrə iddiaçının pensiya təyinatı ilə bağlı qərarın qəbul edilməsində Qanunun qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş etimadı istisna edən hallar müəyyən edilməmişdir. Belə ki, iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə onun barəsində pensiya təyin edilməsi ilə bağlı əlverişli inzibati aktın qəbul edilməsinə hər hansı müdaxilə edildiyi görünmür. Hazırkı işdə iddiaçı cavabehə ödənilən pulun büdcə vəsati təşkil etməsinə, bununla da dövlət və ictimai maraqlara ziyan vurulmasına istinad edir. Məhkəmə qeyd edir ki, bu hal qanunsuz əlverişli inzibati aktın ləğvi üçün əsas olsa da, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinə əsasən həmin aktın ləğvi onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Yəni həmin aktın ləğvi onun ləğvinə qədər olan münasibətlərə təsir etmir. Bu zaman qanunverici hətta şəxsə aktın ləğvi ilə bağlı vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini də müəyyən edir. Çünki bu halda şəxsdən inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının gözlənilməsi məntiqli hesab olunmur. Bundan əlavə nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman, həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Beləliklə, baxılan iş üzrə Cavabdeh etimadının qorunması hüququna malikdir. Əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz olduğu güman olunsa belə, həmin akt ləğv edilməmişdir, həmçinin əlverişli inzibati akt olmuşdur. Bu halda şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal hazırkı işdə mövcud deyil. İnzibati orqanın pensiyanı səhv təyin etməsi etimad hüququnun qorunduğu müddətdə onun hüquqi nəticələrini - ödənilmiş pensiya məbləğinin geri tələb edilməsini də istisna edir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar