Məhkəmə qərarları › İş №2-1(112)-1512/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1512/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1512/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi Bəkirov Vəkil Kərəm oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və borcun silinməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «borcun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, İddiaçı vergi ödəyicisidir və kiçik sahibkarlıqla məşğuldur. Bununla bağlı ona VÖEN ********** verilmişdir. X5 Xidmətindən iddiaçıya məktub göndərilərək, guya Dövlət Sosial Müdafiə Fonduna kassa aparatına görə borcunun olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, ona hesablanmış 1.219,73 manat borc qanunsuz və əsasızdır. Belə ki, kassa aparatını 2018-ci ildə vətəndaş Zakir İsayevin adına keçirmişdir. Eyni zamanda kassa aparatını həmin şəxsin adına keçirməmişdən əvvəl Dövlət Sosial Müdafiə Fonduna olan borcunu tam şəkildə ödəmişdir. Borcu tam ödədikdən sonra kassa aparatını başqasının adına keçirilmişdir. Əgər kassa aparatına olan borcu ödəməsəydi, kassa aparatının başqa şəxsin adına keçirilməsi mümkün olmazdı. Bu hadisədən 3 il vaxt keçdikdən sonra Dövlət Vergi Xidmətindən ona məlumat verilmişdir ki, guya Dövlət Sosial Müdafiə Fonduna borcu vardır. Hal-hazırda bu borc 1.219,73 manat təşkil edir. İddiaçı bununla bağlı bir çox dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə olmamışdır. Müraciətinə cavab olaraq bildirilmişdir ki, guya onun əvvəllər mövcud olmuş 1.494,30 manat borcundan cəmi 274,57 manat silinmişdir. Borcun bir qisminin silinməsi, bir qisminin mövcud qalması təəccüblüdür. Qeyd olunmalıdır ki, iddiaçının heç bir borcu yoxdur. Buna görə də o, 1.219,73 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsininə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azdlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Əgər belə bir borc var idisə niyə iddia müddəti keçirilmədən məhkəməyə müraciət olunmurdu. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin emək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərə və MPM-in 4.2, 77.1, 88, 217-ci maddələrinə, “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçının 1.219,73 manat borcunun silinməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiasına etiraz olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, «Sosial sığorta haqqında» və «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi 1 yanvar 2019-cu il tarixdən etibarən vergi orqanına həvalə edilmişdir. İddiaçı şəxsi hesab vərəqəsində hal-hazırda ümumilikdə 1.219,57 manat borc məbləği vardır ki, bunun 893,55 manatı muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə, 100 manatı maliyyə sanksiyası üzrə, 226,02 manat isə faizlər üzrə olan borc məbləğidir. Sosial sığorta haqqı üzrə borc məbləği ilə bağlı bildirilir ki, həmin borc sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin 1 yanvar 2019-cu il tarixdən etibarən vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, «Sosial sığorta haqqında» və «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 1 yanvar 2019cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edildiyindən, vergi ödəyicisinin həmin tarixədək olan borclarının yaranma mənbəyi, tərkibi, tarixi, həmçinin 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Qanuna əsasən silinməli olan borcların olub-olmamasına dair məlumatın əldə edilməsi məqsədilə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna sorğu edilmişdir. Qeyd olunan sorğu cavablandırılaraq, 2018-ci il 6 mart tarixli Qanuna əsasən vergi ödəyicisinin 274,73 manat silinməli borc məbləğinin olduğu bildirilmiş və sözügedən məbləğin şəxsi hesab vərəqəsindən silinməsi 26 yanvar 2022-ci il tarixdə vergi orqanı tərəfindən təmin edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Belə ki, dövlət sosial sığorta haqları üzrə borclar vaxtında ödənilmədikdə, məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın üzərinə düşən öhdəliklərin qarşısına qoyulmuş vəzifələrin, həmçinin, vətəndaşların pensiya və digər təminatlarının vaxtlı-vaxtında icrası ilə bağlı mühüm problemlər meydana gələ bilər. Həmçinin, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019-cu İl tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi ödəyicisinə tətbiq edilmiş 100 manat maliyyə sanksiyasına münasibətdə isə bildirilir ki, vergi orqanı tərəfindən 7 iyun 2021-ci il tarixində vergi ödəyicisinə “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildiriş göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən borc məbləği ödənilməmişdir. 27 aprel 2021-ci il tarixdə fərdi sahibkara “Vergi ödəyicisinin aktivləri barədə məlumat’’ formasının təqdim edilməsi barədə bildiriş göndərilsə də, vergi ödəyicisi tərəfindən məlumat forması təqdim olunmamış və nəticədə vergi orqanı tərəfindən 4 iyun 2021-ci il tarixli **********982800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul olunmuşdur. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin məcəllənin 89.3-cü maddəsinə əsasən Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan’Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq vergi orqanı vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. inzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddia tələbinin artırılaraq «xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi, 1.219,73 manat borcun silinməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Bəkirov Vəkil Kərəm oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onhun təmin olunmasını məhkəmədən xahil etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.4-cü maddəsinə görə bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ona vergi orqanı tərəfindən ********** VÖEN verilmişdir. Ona vergi orqanı tərəfindən bildirilmişdir ki, sosial sığorta haqları və maliyyə sanksiyası üzrə ümumilikdə 1.219,73 manat borcu mövcuddur. Sözügedən borc məbləği əsas (qalıq) borcla yanaşı, həm də iddiaçıya vaxtında ödəniş aparılmamasına görə hesablanmış faiz və borc müvafiq müddət ərzində ödənilməiyindən, tələb olunmasına baxmayaraq aktivləri barədə məlumat təqdim etməməsinə görə tətbiq edilmiş 100 manat maliyyə sanksiyasından ibarətdir. İddiaçı hazırda həmin borcları və ona maliyyə sanksiyasının tətbiqi barədə cavabdeh inzibati orqanın 4 iyun 2021-ci il tarixli qərarını mübahisələndirir. İddiaçının dəlilləri – müvafiq dövr üzrə sosial sığorta haqları üzrə borc ödənilmişdir, təsərrüfat subyektinin nəzarət-kassa aparatı sahibkarın adına keçirilmişdir. Həmin rəsmiləşdirilmə borc ödənilmədiyi halda aparıla bilməzdi. Vergi orqanının qərarı və ona məcburi dövlət sosial sığorta haqları üzrə borc qalığı əsassız və qanunsuzdur. İddia təmin olunmalıdır. Cavabdehin dəlilləri – müvafiq dövr üzrə sosial sığorta haqları üzrə 893,55 manat qalıq borc məbləği iddiaçı tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsində, «Sosial sığorta haqqında» və «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikası Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. İddiaçıya həmin borc məbləğinə münasibətdə 226,02 manat faiz hesablanmış və Vergi Məcəlləsinin 57.2-ci maddəsi rəhbət tutulmaqla, həmin borcla əlaqədar tələb olunmasına baxmayaraq aktivləri barədə məlumatı təqdim etməməsinə görə 4 iyun 2021-ci il tarixli **********982800 nömrəli qərarla 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Onun ümumilikdə 1.219,73 manat borcu mövcuddur. Həmin borc və 4 iyun 2021-ci il tarixli qərar əsaslıdır. İddia rədd edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə görə bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinə görə müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələri sırasına aiddir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: (14.3.1) sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; (14.3.2) sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, «Sosial sığorta haqqında» Qanunun 8-ci maddəsinin tələblərinə əsasən sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Hazırkı İddiaçı vergi ödəyicisi və sığortaedən statuslarında çıxış etməsi işin mübahisələndirilməyən hallarına aiddir. Odur ki, qanunvericiliklə müəyyənləşdirilmiş dövrlərdə və məbləğlərdə sosial sığorta haqlarının ödənilməsi iddiaçının öhdəliyidir. Onun 1 yanvar 2019-cu il tarixədək sosial sığorta haqları üzrə 893,55 manat borcunun olması əvvəlki müvafiq səlahiyyətli qurumdan (DSMF) hazırda həmin səlahiyyəti daşıyan vergi orqanına göndərilmiş məlumatlarda əks olunmuşdur. Lakin iddiaçı həmin dövrdə borcunun olmadığını iddia etsə də, borcun ödənilməsini təsdiq edən heç bir sübutu, o cümlədən ödəniş qəbzlərini məhkəmə icraatında təqdim etməmiş, eləcə də ödənişi təsdiqləyən sübutların hər hansı mənbədən alınması ilə bağlı məhkəmə qarşısında təşəbbüs qaldırmamışdır. Belə hal isə, iddiaçının sosial sığorta haqları üzrə 893,55 manat borcunun əsassızlığna və silinməsinə əsas vermir. İddiaçının sosial sığorta haqları üzrə borcu mövcud olduğu halda, ona qanunvericiliklə müəyyən edilmiş faizin hesablanması da mütləqdir (226,02 manat faiz borcu mövcuddur). İddiaçının mübahisələndirilən borcla bağlı “müddətin keçməsi” dəlili ilə əlaqədar məhkəmə həmçinin vurğulayır ki, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinin tələbləri həmin Məcəllənin 85.4 və 85.5-ci maddələrində müddətlə bağlı müəyyənləşdirilmiş məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqlarına münasibətdə tətbiqini istisna edir. İddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasına gəldikdə isə, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə görə vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Məhkəmə icraatında müəyyən edilir ki, borcunun ödənilməməsi səbəbindən cavabdeh inzibati orqan tərəfindən 27 aprel 2021-ci il tarixdə iddiaçıdan aktiivləri barədə məlumatın təqdim edilməsi tələb olunsa da, o, müvafiq məlumatın vergi orqanına təqdim olunmasını təmin etməmişdir. Odur ki, cavabdeh haqlı olaraq Vergi Məcəlləsinin 57.2-ci maddəsinə istinadən iddiaçıya 100 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunanların məcmusunda məhkəmə İPM-in 58.7 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın 4 iyun 2021-ci il tarixli **********982800 nömrəli qərarı qanuna zidd sayılmamalı və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməli, eləcə də iddiaçının sosial sığorta haqları üzrə 1.219,73 manat (faiz və maliyyə sanksiyası ilə birlikdə) borcu əsaslı sayılmalı və silinməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar