Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15121/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıqödəmənin ləğvi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2-ci qrup əlil kimi pensiyanın verilməsinin təmin edilməsi, 2-ci qrup əlil kimi 2025-ci ilin iyun və iyul ayları üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinin təmin edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş artıqödəmə ilə bağlı qəbul edilmiş qərar, məktubların ləğv edilməsi, artıqödəmə ilə bağlı gəlinmiş nəticələrin qanunsuz hesab edilməsi, artıqödəmələr ilə əlaqədar pensiyanın azaldılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və gələcəkdə pensiyanın tam ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilərək, ondan tutulmasının cavabdehə qadağan edilməsi və xx.xx.2024-cü il tarixən xx.xx.2025-ci il tarixədək ona ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə yenidən ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilərək, ondan tutulmasının cavabdehə qadağan edilməsi, həmin qərara əsasən ondan tutulmuş məbləğlərin geri qaytarılması və xx.xx.2024-cü il tarixən xx.xx.2025-ci il tarixədək ona ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 yanvar 2012-ci il tarixdən əlilliyə görə pensiya alır. 01 iyul 2021-ci il tarixdə əlilliyə görə pensiya ilə əlaqədar inzibati orqana yaxınlaşanda onun pensiyasının davam etdiyi, yəni əlavə hər hansı müayinəyə ehtiyacının olmadığı, 2-ci qrup əlil olmasının bəlli olduğu bildirilmiş və pensiya verilməsi davam etmişdir. Lakin birdən-birə 2024-cü ilin iyun ayında pensiyası kəsilmiş və ona xəstəxanada yatmalı olduğu bildirilmişdir. Həkim tərəfindən sənədlər düzgün doldurulmamış və ondan asılı olmayan səbəblərə görə məsələ uzanmış və nəhayət 2025ci ilin iyun ayında ona yenidən pensiya təyin olunmuşdur. 2025-ci ilin iyun və iyul ayları üçün pensiya məbləğləri ona verilməmiş, təkcə avqust ayının pensiya məbləği verilmişdir. Bundan başqa cavabdeh orqan qeyd edir ki, pensiya altsistemində onlar səhvən güzəştli şərtlərlə yaşa görə qeyd etmişlər. Bu texniki səhvə görə ondan 2021-ci ildən 2024-cü ilə kimi verilən qanuni pensiya pulu tutulmalı deyil. Onun 2-ci qrup əlilliyinə görə 2021-ci il tarixdən 2025-ci il tarixədək pul verilməlidir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2024-cü il tarixədək ödənilmişdir. Nazirliyin elektron İnformasiya ehtiyatlarında olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən həmin tarixdən 420,55 manat məbləğində olmaqla əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi halda “Pensiya" altsistemində səhvən pensiyasının növü güzəştli şərtlərlə yaşa görə qeyd edilmiş və nəticədə əlilliyin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq pensiyanın ödənişi xx.xx.2024-cü il tarixdək davam etdirilmişdir. Bu səbəbdən qanunvericiliyin tələblərinə əsasən əlilliyə görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza izahat verərək edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının pensiya ödənişinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar ilə iddiaçının təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 420,55 manat təşkil etmişdir. Həmin qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, pensiya növü əlilliyə görə seçilməli və müddət qeyd edilməli olduğu halda, yaşa görə qeyd edilmişdir. Vətəndaşın əlilliyi xx.xx.2021-ci il tarixdən bitsə də, pensiya ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilməsi səbəbindən pensiya ödənişində 11780,66 manat artıq ödəmə müəyyən edilmişdir. İcraat materiallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. İcraat materiallarından görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. Onun əlilliyi yenidən qiymətləndirilərək xx.xx.2014-cü, xx.xx.2015-ci və xx.xx.2016-cı il tarixdə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə, yəni 2016-cı ildə iddiaçıya əlillik dərəcəsi 5 il müddətinə təyin edilmiş və əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyi yenidən qiymətləndirilən zaman əlavə müalicəyə ehtiyacın olması səbəbindən ona əlillik verilməsindən imtina edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçıya xx.xx.2027-ci il tarixədək orqanizm funksiyalarının 80 % pozulmasına görə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilərək, ondan tutulmasının cavabdehə qadağan edilməsi, həmin qərara əsasən ondan tutulmuş məbləğlərin geri qaytarılması və xx.xx.2024-cü il tarixən xx.xx.2025-ci il tarixədək ona ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1. ). Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər (3.1.). Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur (39.1.). Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur (39.2. ). Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır (39.3.). Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır (39.4.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilk dəfə 2012-ci ildə əlillik dərəcəsi təyin edilmişdir. Sonradan onun əlilliyinin müddəti uzadılmış və sonuncu dəfə 2016-cı ildə əlillik dərəcəsi 5 il müddətinə təyin edilmiş və əlilliyin müddəti xx.xx.2021-ci ildə bimişdir. Buna baxmayaraq cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənişlərini dayandırmamış və xx.xx.2024-cü il tarixədək iddiaçıya ödənişlərin verilməsi davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunda həmçinin göstərilmişdir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur (11.1.). Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir (12.1.). Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir (32.2.). Ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur (33.1.). 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir (33.2.). Əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır (33.3.). Göründüyü kimi iddiaçıya xx.xx.2025-ci il tarixində yenidən əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra isə ona əlilliyə görə pensiya ödənişləri bərpa edilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək artıq ödənilmiş məbləğlər müəyyən edilmiş və iddiaçının əmək pensiyasından tutulma aparılmağa başlamışdır. Hazırda iddiaçı həmin artıq ödəmənin ləğv edilməsini və tutulmuş məbləğləğlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1.). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.2.). İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir (67.7.). Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır (67.8.). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (67.12.). Qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və uzun müddət fasiləsiz ödənilmişdir. xx.xx.2021-ci il tarixində iddiaçının əlillik müddəti bitsə də, iddiaçının bildirdiyinə görə o, cavabdehə müraciət etdikdə onun əlillik dərəcəsi ilə bağlı problemin olmadığı və ödənişlərin davam etdirildiyi ona bildirilmişdir. Lakin, 2024-cü ildə cavabdeh iddiaçının əlillik müddətinin əslində 2021-ci ildə bitdiyini aşkar etmiş və pensiya ödənişlərini dayandırmışdır. Yəni, həmin hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Məhkəmə hesab edir ki, müvafiq inzibati orqanlar arasında baş verən anlaşılmazlıq nəticə etibarilə iddiaçının təqsiri ucbatından baş vermədiyi üçün onun üçün əlavə öhdəliklərin yaranmasına səbəb olmamalıdır. Belə ki, iddiaçı müvafiq inzibati orqanın şifahi məlumatına etimad göstərərək əlilliyə görə pensiyanı almağa davam etmişdir. Cavabdehin öz etirazında da göstərildiyi kimi pensiya növünün informasiya sistemində səhv qeyd edilməsi cavabdeh orqanın xidməti fəaliyyəti ilə bağlıdır və bu hal iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmamışdır. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqanın yol verdiyi səhvlərin mənfi nəticələri vətəndaşın üzərinə qoyula bilməz. Məhkəmə hesab edir ki, iddiaçıya 2021–2024-cü illər üzrə ödənilmiş pensiya məbləğlərinin artıqödəmə kimi qiymətləndirilməsi və tutulması hüquqi əsaslara malik deyildir. Bu səbəbdən, məhkəmə iddianın artıq ödəmənin ləğvi və tutulmuş məbləğin geri qaytarılması hissəsində əsaslı hesab edir. Məhkəmə iddianın xx.xx.2024-cü il tarixən xx.xx.2025-ci il tarixədək ona ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçının həmin tarixlərdə əlilliyi müəyyən edilməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda göstərilmişdir ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir (3.1.). Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (3.2.). Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (3.3-1.). Göründüyü kimi iddiaçının əlillik müddəti 2021-ci ildə bitmiş, təkrar qiymətləndirmə isə 2025-ci ildə aparılmışdır. Yəni, iddiaçı əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirilməsi aparılmamışdır. Belə olan halda iddiaçı xx.xx.2024-cü il tarixdən ona əlillik dərəcəsi təyin edilən vaxtadək olan dövr ərzində əlilliyi olan şəxs hesab edilmədiyindən, həmin dövr üzrə əlilliyə görə pensiya ona ödənilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilərək iddiaçıdan tutulması cavabdehə qadağan edilməli və həmin qərara əsasən ondan tutulmuş məbləğlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilərək İddiaçı tutulması cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin və həmin qərara əsasən ondan tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-15121/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15121/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver