Məhkəmə qərarları › İş №2-1(112)-15128/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15128/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15128/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 16 sentyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Bu barədə ona Moskva şəhəri 55 saylı WAQ orqanın Babuşkino rayonu, Dövlət xidmətlərinin göstərilməsi üzrə Çoxfunksiyalı Mərkəzi tərəfindən 18 sentyabr 2021-ci il tarixli Xİ-МЮ seriyalı 722069 nömrəli Doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləğdirilməsi barədə müvafiq qərar qəbul edilməsi üçün döğum haqqında şəhadətnaməsi və sair təstiqedici sənədlər əlavə edilmiş ərizə ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmiş və bu barədə iddiaçıya 09 oktyabr 2024-cü il tarixli 3-37/2-M-7572-26-108-10075/2024 məktubla rəsmi məlumat verilmişdir. İddiaçı hesab edir ki, cavadehin iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə gəldiyi nəticə qanunsuz və ədalətsizdir, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarının tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, İddiaçı1 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2022ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edirəm ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13301/2024 nömrəli Qərardadı ilə iddiaçının xx.xx.2023-cü il tarixli eyniməzmunlu iddiası mümkün hesab edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı adıçəkilən qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-3214/2024 nömrəli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)- 13301/2024 nömrəli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla yanaşı, iddiaçı xx.xx.2024-cü il tarixdə DMX-ya ərizə ilə müraciət edərək qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. DMX şəxsin ərizəsinə xx.xx.2024-cü il tarixli 3-37/2-M7572-26-1-08-10075/2024 nömrəli məktubla cavab verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli ******* saylı qərarından görünür ki, İddiaçı1 20 iyul 2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Nəticədə həmin qərarla 16 sentyabr 2021-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 iyul 2022-ci il tarixli ******* saylı qərarının ləğv edilməsi və 16 sentyabr 2021-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vəndaşlığına mənsubiyyətinin tanınması haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərardadı ilə müdətin ötürülməsi əsası ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3214/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13301/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığa mənsubiyyətinin tanınması ilə bağlı cavabdehə müraciət etmiş sonuncu xx.xx.2024-cü il tarixli, 3-37/2-M-7572-26-1-08-10075/2024 nömrəli cavab məktubu ilə onun Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 5.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsasların əhatə dairəsi yuxarıda göstərilən normativ hüquqi aktla tənzimlənmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı barəsində artıq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina olunması barədə qərar qəbul edilmiş, o, həmin qərarı mübahisələndirilmiş, lakin prosessual müddətlərə riayət etmədiyindən, onun iddiası mümkün sayılmamış, bu nəticə yuxarı instansiya məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının eyni əsaslara söykənən müraciəti baxılmamış saxlanılmasa da, mövcud vəziyyətdə nəzərə alınmalıdır ki, iddiaçı barəsində ilkin qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati akt qüvvədədir. Belə ki, iddiaçı həmin qərarı mübahisələndirmiş, lakin müddətin ötürülməsi əsası ilə iddia mümkünsüz sayılmışdır. Bu inzibati aktın mövcudluğu, həmin aktın faktiki və hüquqi əsaslarının dəyişməz qalması səbəbindən, iddiaçının hazırkı tələbi ilə mənsubiyyətin yenidən tanınmasını istisna edir. Qeyd edilməlidir ki, inzibati icraat çərçivəsində eyni faktiki əsaslara söykənən və hüquqi mahiyyəti əvvəlki aktla əhatə olunmuş tələblərin təkrar olaraq təqdim edilməsi qanunla nəzərdə tutulmuş mümkünlük şərtlərinə uyğun deyildir. Mövcud inzibati aktın hüquqi qüvvədə olması, inzibati qərarların sabitliyi prinsipindən irəli gəlir və hüquqi qeyrimüəyyənliyin qarşısını almaq məqsədini güdür. Həmçinin, inzibati aktın ləğvi, dəyişdirilməsi və ya yenidən baxılması yalnız həmin aktın hüquqi və faktiki əsaslarının dəyişdirildiyi hallar üçün nəzərdə tutulmuşdur. İddiaçının müraciətində belə əsaslar göstərilməmişdir. Eyni zamanda, iddiaçının tələb etdiyi hüquqi nəticə artıq əvvəlki inzibati aktla həll edilmiş və bu aktın qüvvədə olması səbəbindən yeni tələb üçün hüquqi zərurət yaranmamışdır. Buna əsasən, məhkəmə müəyyən edir ki, iddiaçının hazırkı tələbi üzrə mümkünlük şərtləri ödənilməmişdir və onun baxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar