Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1513/2021 26.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasına qarşı «iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X3 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X5, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Məhkəmə iddia ərizəsində cavabdeh olaraq “AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası”nın göstərilməsini formal xəta kimi qiymətləndirmiş və iş üzrə cavabdeh qismində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”ni cəlb olunmuş saymışdır. İddia ərizəsində bildirilir ki, iddiaçı 27 noyabr 2019-cu il tarixli ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin icraatında olan həmin iş ümumi ankologiya şöbəsindən səhhətin ağırlaşması barədə rəy verilməsi zərurəıti yarandığından, baxılmamış saxlanmışdır. O, ankologiya şöbəsinə yenidən müraciət etmiş və cavab almışdır. Cavabda bildirmişdir ki, xəstədə sağ əl 4 və 5-ci barmaqları və daraq sümüklərində xondrosarkoma cərrahi əməliyyatdan sonrakı vəziyyətdir, sağ əl 4 və 5-ci barmaqların bütün oynaqlarında kontraktura var və bundan dolayı sağ əldə ciddi funksional çatışmazlıq təyin olunur. Eyni zamanda say 4 və 5-ci barmaqların bütün oynaqlarının kontrakturası sağ qamış, bud sümüyünün və sağ 6-cı 7-ci qabırğanın fibroz displaziyası müəyyən edilmişdir. Buna baxmayaraq, Tibbi-Sosial Ekspert Komissiyası müxtəlif səbəblər gətirərək əlillik dərəcəsinin verilməsindən imtina edir. Göstərilənlərə əsaslanaraq, ona (iddiaçıya) əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda (yazılı etirazında) aşağıdakılar bildirilir: - 2018-ci ilədək qüvvədə olan AR Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»yə və hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0033003AABYB saylı göndərişi əsasında 23 may 2016-cı il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyac olduğundan əlilliyin təyinindən imtina edilmişdir. Sonradan səhiyyə müəssisəsinin 0033003AACQR saylı göndərişi əsasında 16 oktyabr 2018-ci il tarixdə ılillik vəziyyəti qiymətləndirilərkən diaqnozun dəqiqləşdirilməsindən ötrü biopsiya müayinəsi aparılmadığı müəyyən edildiyindən, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyindən, İddiaçı iddiasının təmin edilməməsi barədsə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayındəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndiriıməsi Qaydası»na görə: - (1.2-ci bənd) Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - (2.2-ci bənd) Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; - (2.3-cü bənd) Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; - (2.4-cü bənd) TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 iş gününədək uzadıla bilər; - (2.9-cu bənd) Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; - (2.10-cu bənd) İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İş materiallarından görünür ki, 15 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının 0033003AABYB nömrəli bildirişində aşağıdakılar qeyd olunmuşdur: - Verilir İddiaçı Gülməhəmməd oğluna ondan ötrü kimi 15 nömrəli Şəhər Poliklinikasının HMK tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin TSEK-ə 0033003AABYB nömrəli göndərişində (2016-cı ildə müayinənin nəticələri üzrə) aşağıdakılar qeyd olunmuşdur: - TSEK-ə göndəriş zamanı diaqnoz: a) Əsas diaqnoz – Yuxarı ətrafın qısa sümüklərinin bədxassəli yenitörəməsi. Sağ əlin İV və V barmaqlarının xondrosarkoması; b) Ağırlaşma – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ əlin İV və V barmaqlarının xondrosarkomasına görə törəmənin küretajı və greflənməsi əməliyyatından sonralı vəziyyət. Digaər daimi ağrı. Çoxsaylı enxondromatozis. Daimi ağrı sindromu ilə; c) Yanaşı xəstəliklər – Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. VDD qarışıq tip. TSEK-ə göndərilmə üçün əsas: Əlillik təzahürlərinin olması. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin TSEK-ə 0033003AACRQ nömrəli göndərişində (2018-cı ildə müayinənin nəticələri üzrə) aşağıdakılar qeyd olunmuşdur: - TSEK-ə göndəriş zamanı diaqnoz: a) Əsas diaqnoz – Yuxarı ətrafın qısa sümüklərinin bədxassəli yenitörəməsi. Sağ əlin və V barmaqlarının xondrosarkoması; b) Ağırlaşma – Oynaqların kontrakturası. Sağ əliln İV – V barmaqlarının tam açıcı kontrakturası. Sağ əlin funksiyalarının pozulması ilə. Dgər daimi ağrı. Sağ əldə və sağ aşağı ətrafda daimi ağrı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ əlin və V barmaqlarının xondrosarkamasına görə törəmənin küretajı və greflənməsi əməliyyatından sonrakı vəziyyət. Enxondramatoz. Sağ bud baldır sümüklərinin və Vİ – Vİİ qabırğaların enxondramatozisi. Daimi ağrı sindromu ilə; c) Yanaşı xəstəliklər – Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. VDD qarışıq tip. TSEK-ə göndərilmə üçün əsas: Ümumi xəstəlik. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Milli Ankologiya Mərkəzi tərəfindən verilmiş 25 dekabr 2019-cu il tarixli arayışda aşağıdakılar bildirilmişdir: - Xəstədə sağ əl 4 və 5-ci barmaq falanqaları və daraq sümüklərində xondrosarkoma cərrahi əməliyyatdan sonrakı xəstəlikdir. Sağ əl 4 – 5-ci barmaqlarının bütün oynaqlarında kontraktura var və bundan dolayı sağ əldə cidd funksional çatışmazlıqlar təyin olunur. Ayrıca xəstədə sağ qanış və bud sümüklərinin diz ətrafı nahiyələrində və sağ 6 və 7-ci qabırğalarda fibroz displaziya mövcud olub dinamiki müşahidə altındadır. İş materiallarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agebtliyinin TSEK tərəfindən İddiaçı müayinədən sonra əlilliyin təyini ilə bağlı aşağıdakı məzmunda imtina cavab verilmişdir (göndərilmə tarixi 14 sentyabr 2019-cu il): - Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əsas diaqnozu – xondrosarkomanı təsdiq edən biopsiya müayinəsinin nəticəsi göstərilməmişdir. Rentgenoloji müayinədə falanqalararası enxondromatoza və eyni zamanda sağ əlin xondrosarkomasına görə aparılmış sərrahi əməliyyatdan sonrakı vəziyyət qeyd edilməmişdir. Diaqnozun dəqiqləşdirilməsindən ötrü biopsiya müayinəsi aparılmalıdır. İş materiallarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agebtliyinin TSEK tərəfindən İddiaçı müayinədən sonra əlilliyin təyini ilə bağlı aşağıdakı məzmunda imtina cavab verilmişdir (göndərilmə tarixi 2 iyul 2020-ci il): - Göndərişin rəsmiləşdirilməsi üçün İTSDA-ya (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) müraciət edilməsi tövsiyə olunur. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq tibb müəssisələrində keçirilmiş əvvəlki müayinələri üzrə cavabdeh tərəfindən əlilliyin təyin olunmasından konkret əsaslarla imtina olunsa da, sonuncu müayinənin nəticələri araşdırılmadan ona imtina cavabı verilmişdir. İmtina üşün əsas kimi İTSDA-ya müraciət olunması tövsiyə edilmişdir. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçının ilkin müayinəsinin əvvəlki dövrdə aparılması da nəzərə alınmaqla bu imtina formal mülahəzələrə istinad edilən hal kimi qiymətləndirilməli və iddiaçının sonuncu müayinəsi üzrə müvafiq tibb müəssisəsinin diaqnozları əsasında iddiaçının əlilliyinin qiymətləndirilməsi məsələsinə yenidən baxılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı əlilliyinin təyin edilməsinə təqdim edilmiş sənədlər (müraciət, diaqnozlar əks olunan sənədlər və s.) əsasında məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı əlilliyinin təyin edilməsinə təqdim edilmiş sənədlər (müraciət, diaqnozlar əks olunan sənədlər və s.) əsasında məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1513/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1513/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver