Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1513/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” barədə ilkin və iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin bərpa edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh artıq ödənilmiş 11989,15 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) nəzərdə tutulmuşdur. Araşdırma zamanı cavabdehə məxsus 28 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində körpülü kran maşinisti vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi körpülü kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də cavabdehin güzəştli iş stajı yoxdur. Göründüyü kimi ona xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11989,15 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala təqdim olunmamışdır. Cavabdehin iddiaya yazılı etirazında bildirilmişdir ki, iddiaçı onu məhkəməyə verərək xx.xx.2016-xx.xx.2020-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən ona təyin olunmuş və ödənilmiş 11989,15 manat pul vəsaitinin büdcəyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində işlədiyi körpülü kran maşinisti vəzifəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) nəzərdə tutulmuş “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” vəzifəsinə uyğun deyil. İddiaçının tələbinin tamamilə qanunsuz və əsassızdır. O, Cavabdeh xx.xx.2009-cu il tarixindən “X7” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində “körpülü kran maşinisti” vəzifəsində işləyir. İşlədiyi sahə isti və zərərli iş sahəsi olduğu üçün “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası əsasında (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığotra stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən ona pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin dekabr ayından etibarən ona təyin edilmiş pensiyanın verilməsi dayandırılmışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etsə də xx.xx.2021-ci il tarixində işlədiyi vəzifənin uyğun olmaması səbəbi ilə təqaüdünün dayandırıldığı bildirilmişdir. Onun işlədiyi sahə təkraremal sahəsi olduğu üçün metalın emalı zamanı aparılan kəsmə və doğrama zamanı istifadə edilən qaynaq aparatlarının istiliyi və çirkli metalın qızması zamanı ortaya çıxan alov və tüstü səbəbilə isti və zərərli sahədir. İşlədiyi sexin poladəritmə sexinin daxilində olması səbəbi ilə istilik dərəcəsi normadan çox artıq olur. Bu halları “X7” MMC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 26/L saylı məktubu da təsdiq edir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi göstərilən halları nəzərə almadan qanunsuz olaraq ona təyin edimiş pensiyanı dayandırmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmış pensiya ödənişinin bərpa edilməsi və 2021-ci ilin yanvar ayından bu günə qədər ödənilməmiş pensiya məbləğinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2003-cü ildən xx.xx.2017-ci il tarixləri ərzində “X7” MMC-nin Poladəritmə sexində Təkrarqarametal tədarükü və emalı sahəsində Körpülü kran maşinisti vəzifəsində çalışmışdır. Çalışdığı sahə zərərli iş sahəsinə aid olduğu üçün 2016-cı ilin avqust ayından etibarən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası əsasında (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə,incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığotra stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən ona pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin dekabr ayından etibarən ona təyin edilmiş pensiyanın verilməsi dayandırılmışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etsə də xx.xx.2021-ci il tarixində işlədiyi vəzifənin uyğun olmaması səbəbi ilə təqaüdünün dayandırıldığı bildirilmişdir. xx.xx.2021-ci il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh məhkəməyə verərək xx.xx.2016-xx.xx.2020-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən ona təyin olunmuş və ödənilmiş 11989,15 manat pul vəsaitinin büdcəyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində işlədiyi körpülü kran maşinisti vəzifəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) nəzərdə tutulmuş “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” vəzifəsinə uyğun deyil. Onun işlədiyi sahə təkrar emal sahəsi olduğu üçün metalın emalı zamanı aparılan kəsmə və doğrama zamanı istifadə edilən qaynaq aparatlarının istiliyi və çirkli metalın qızması zamanı ortaya çıxan alov və tüstü səbəbilə isti və zərərli iş sahəsi hesab olunur. Əlavə olaraq, işlədiyi sexin poladəritmə sexinin daxilində olması səbəbi ilə istilik dərəcəsi normadan çox artıq olur. Bu halları “X7” MMC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 26/L saylı məktubu da təsdiq edir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi göstərilən halları nəzərə almadan qanunsuz olaraq ona təyin edilmiş pensiyanı dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddiasının dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2020-ci il tarixdən bugünə qədər dayandırılmış pensiya ödənişinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh və qarşılıqlı idida üzrə iddiaçı ilkin iddiaya etiraz edərək tələbin təmin edilməməsi, qarşılılqı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 13221399 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1959-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubu ilə göndərilmiş Cavabdeh pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 1403 nömrəli qərarı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdən güzəştli pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş X4 Sistemindən çıxarışdan görünür ki, pensiya ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Sonuncu pensiya ödənişi xx.xx.2020-ci il tarixdə edilmişdir. İş materiallarına əlavə edilmiş “X7” MMC-nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, 26/L nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən hal-hazıradək Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışır. Həmin şöbədə metal tullantıların emal prosesi həyata keçirilir. Cavabdeh körpülü kran maşinisti kimi istehsalat sahəsində texnoloji prosesə uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. “X7” MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X2. Müəssisədə iş şəraiti ağır və zərəlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən Cavabdeh) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Cavabdeh iş yeri bilavasitə X1 daxilində yerləşir. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirir. Bu baxımdan onun peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5 Metal emalı üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsi ilə uyğundur. İş materiallarına əlavə edilmiş “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-Y-0375 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh körpülü kran maşinisti vəzifəsində işlədiyi Təkrarqarametal Tədarükü və Təkrarqarametal Emalı sahəsi isti və zərərli sahə hesab olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri peşəsinə uyğundur. Məhkəmənin sorğusuna cavab olaraq “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-Y- 0218 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2009-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən Təkrarqarametal Emalı sahəsində Körpülü kran maşinisti peşəsində çalışır. Qeyd edilən sahələrdə metal tullantıların emal prosesi həyata keçirilir. Cavabdeh körpülü kran maşinisti kimi istehsalat sahələrində texnoloji prosesə uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. “X7” MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X2. Müəssisədə iş şəraiti ağır və zərəlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən Cavabdeh) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Cavabdeh iş yeri bilavasitə X1 daxilində yerləşir. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirir. Bu baxımdan onun peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5 Metal email üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsi ilə uyğundur. Məhkəmənin sorğusuna cavab olaraq “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-Y- 0549 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh xx.xx.2003-xx.xx.2009-cu illərdə Poladəritmə sexinin Şixtə sahəsində xx.xx.2009-xx.xx.2017-ci illərdə isə Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti vəzifəsində işləmişdir. Poladəritmə sexinin tərkibinə aşağıdakı şöbə və sahələr daxildir: Təkrarqarametal tədarükü şöbəsi, Xəlitə (Şixtə) sahəsi, Soba və soba-çalov sahəsi, Pəstahların fasiləsiz tökülməsi sahəsi, Çalov sahəsi, Pəstahların qüsurlarının emalı və lazımi ölçüdə kəsilməsi sahəsi. Təkrarqarametal Tədarükü şöbəsi Poladəritmə sexinin xammalın hazırlanması sahəsi olaraq əsas fəaliyyəti qəbul olunmuş qara metal tullantıların içərisində ola bilən partlama təhlükəli əşyalardan (qapalı qablar, amartizatorlar, müxtəlif təyinatlı balonlar, hərbi sursatlar və sair) təmizləyib ilkin xammalın təhlükəsizliyini təmin etmək, tələb olunan ölçüyə uyğun metal tullantılarını seçib ayırmaq, böyük ölçülü metal tullantılarını tələb olunan ölçülərdə kəsib-doğrayaraq əridilməyə hazır xammal halına gətirib əridilmək üçün Şixtə sahəsinə göndərməkdən ibarətdir. Şixtə sahəsinin kran sürücüsünün vəzifəsi X6 şöbəsindən hazırlanıb Şixtə sahəsinə göndərilən xammalı (metal qırıntılarını) sobaya göndərmək üçün badyalara yükləməkdir. Təkrarqarametal Tədarükü şöbəsinin kran sürücüsünün əsas fəaliyyəti qəbul olunan metal tullantılarının boşaldılması, seçilməsi və kəsilib doğranılması üçün qazla kəsicilərin iş yerlərinə yerləşdirilməsi, kəsilib doğranmış metalın vaqonlara və ya avtomobillərə yükləməsi və sair ibarətdir. Hər iki sahənin (Şixtə sahəsi və Təkrarqarametal tədarükü şöbəsi) kran sürücülərinin iş şəraiti eynidir və onlara əmək şəraitinin attestasiyasının nəticələrinə əsasən (isti əmək şəraiti, əməyin gərginliyi və əməyin ağırlığı amilləri) əlavə əmək haqqı və əlavə məzuniyyət verilir. İddiaçı orqanın cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli pensiya ödənişinin dayandırılması haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) nəzərdə tutulmuşdur. Araşdırma zamanı 28 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində körpülü kran maşinisti vəzifəsində işlədiyiniz müəyyən edilmişdir. Sizin işlədiyiniz körpülü kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Göründüyü kimi sizə xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11989,15 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağınız xahiş edilir. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati hüquq münasibətləri idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri olaraq dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanın vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati məhkəmə icraatı da məhz inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Qeyd olunanlara əsasən ilkin iddia mümkün hesab edilir. İnzibati Prosessual Məcəllənin: -2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -53.1-ci maddəsinə görə ilkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir. -53.2-ci maddəsinə əsasən qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. -53.3-cü maddəsinə əsasən mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz. Məhkəmə hazırkı iş üzrə ilkin iddianın İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən əmlak tələbinə dair iddia olduğunu, qarşılıqlı iddianın isə qeyd edildiyi kimi yalnız mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə yol verilə bilmədiyini nəzərə alaraq hesab edir ki, ilkin iddiaya münasibətdə hazırkı öhdəliyin icrası haqqında iddia növündə olan qarşılıqlı iddianın verilməsi mümkündür. Beləliklə, ilkin və qarşılıqlı iddialar üzrə mümkünlük şərtləri ödənilir. İşin mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, ikin iddia mahiyyət üzrə əsassız, qarşılıqlı iddia isə əsaslı iddiadır. İşin hallarından müəyyən olunur ki, Cavabdeh DSMF-nin Nizami rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2020ci il tarixdən dayandırılmış, hazırkı ilkin iddia üzrə iddiaçı qismində çıxış edən inzibati orqan cavabdehin pensiya təyin edilməsi üçün güzəştli iş stajına malik olmadığı halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini, buna görə də xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11989,15 manat artıq pul vəsaitinin ödənildiyini bildirərək həmin məbləğin geri qaytarılmasını məhkəmə qaydasında tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsini mübahisələndirir. Hazırkı iş üzrə iddiaçı artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması tələb etdiyindən, cavabdeh isə inzibati orqanın dayandırdığı pensiya ödənişinin bərpasını tələb etdiyindən məhkəmə ilk növbədə inzibati orqanın pensiyanın dayandırılması, artıq hesab edilən ödənişin geri qaytarılması ilə bağlı hərəkətlərinin “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından qanuniliyini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. -67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, inzibati orqanın cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin qərarla ödənilmiş pensiyanın geri qaytarılmasının tələb edilməsi və yaxud həmin əlverişli inzibati aktın nəticələrinin icrasından imtina edilməsi yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilibödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı pensiyanın dayandırılması, artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində pensiya ödənişinin dayandırılması kimi faktiki hərəkətlər edilmişdir. Bundan əlavə, inzibati orqan pensiya ödənişinin dayandırılmasına əsas kimi istinad etdiyi iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verib-verməməsini inzibati icraat zamanı yoxlamamış, bunun üçün müvafiq sorğular, yerində müayinə və s. kimi sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməmiş, bütün bunları iddiaçının iştirakı ilə aparmamış və yekun olaraq əlverişli inzibati aktı qüvvədən salan maddi və prosessual normalarla əsaslandırılmış inzibati akt qəbul etməmişdir. Qeyd edilməlidir ki, cavabdehin pensiyanın dayandırılması barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda inzibati orqan tərəfindən pensiya təyinatının ləğv edilməsi, pensiya ödənişinin dayandırılması kimi inzibati akt qəbul edilməsə də inzibati orqanın faktiki hüquqi hərəkətləri mövcuddur ki, bu hərəkətlər inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması ilə həyata keçirildiyindən qanunsuz hesab olunur. Qanunsuz faktiki hüquqi hərəkətlərin hüquqi nəticələri də aradan qaldırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hazırkı icraatda inzibati orqanın hərəkətlərini prosessual cəhətdən yoxlayaraq qiymət vermiş, aşkar olunan bu prosessual pozuntular ilk növbədə hazırkı iddia tələblərinin hüquqi həllinə, yəni ilkin iddianın rədd və qarşılıqlı iddianın təmininə imkan verir, bu baxımdan hazırkı icraatda cavabdehin işin mahiyyəti ilə bağlı istinad etdiyi hallara maddi hüquq baxımından qiymət verilməsinə zərurət yoxdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1513/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1513/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver