Məhkəmə qərarları › İş №2-1(112)-1513/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1513/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1513/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12030.6 manat məbləğində aldığı əmək haqqının hesablanaraq, pensiyasına əlavə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, fevral 2018-ci ildən 01 yanvar 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12030.6 manat məbləğində aldığı əmək haqqının hesablanaraq pensiyasına əlavə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 avqust 1954-cü ildə doğulmuşdur. 1991-ci ildən-2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işləmişdir. 28 il dövlət qulluğu stajı var. 2019-cu il 01 yanvar tarixdə müraciəti olmadan “Avtomatlaşdırılmış qaydada” ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin dövlət qulluqçusu kimi isə əmək pensiyasına 2019- cu il avqustun 22-də çıxmışdır. Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12030.6 mananat məbləğində aldığı əmək haqqı pensiyaya çıxarkən nəzərə alınmamışdır. O, fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə nəzərə alınmayan 12030.6 manat məbləğində əmək haqqının pensiyasına əlavə edilməsi barədə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfindən 26 may 2022-ci il tarixli imtina məktubunda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Büdcədənkənar pul vəsaitinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması ilə əlaqədar iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021- ci il tarixli 2-1 (102)- 153/21 nömrəli Qərarına əsasən rədd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, büdcədənkənar vəsaitlər hesabına ona ödənilmiş pul vəsaitinin sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehim imtinasını mövcud qanunvericiliyə zidd hesab edir. Belə ki, o, birinci dəfə cavabdehə hüququnun yarandığı 04 fevral 2018-ci ildən 63,6 yaşdan dövlət qulluqçısu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi barədə müraciət etmişdir və sonuncu tərəfindən müraciəti təmin edilməmişdir. Bundan sonra hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 03 sentyabr tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna 2019-cu il 30 noyabr tarixli, 1362-VQD nömrəli Qanunla yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş və 2019-cu il 1 yanvar tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Ona 2019-cu il 4 fevral tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildiyi, dövlət qulluqçusu kimi pensiya hüququnun 2019-cu il 22 avqust tarixdə yarandığı, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusu kimi pensiyasına əlavələrin hesablandığı müəyyən edildiyindən, pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021- ci il tarixli 2-1 (103)-390/2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli 2-1(102)-153/21 nömrəli Qərarı ilə verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Onun 2019-cu il 01 yanvar tarixdə müraciəti olmadan Avtomatlaşdırılmış qaydada ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki yaşa görə əmək pensiyası hüququ 04 fevral 2018-ci ildə yaranıb, 10 ay sonra isə 01 yanvar 2019-cu ildə Avtomatlaşdırılmış qaydada təyin edilmişdir. Digər tərəfdən isə fevral 2018- ci ildən - 01 yanvar 2019- cu ilə kimi işlədiyi müddətdə 12030.6 manat məbləğində əmək haqqı almışdır və bundan 3007.65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilmişdir. Lakin pensiyaya çıxarkən həmin məbləğ nəzərə alınmamışdır. Mövcud qanunvericiliyə görə isə həmin məbləğ pensiyasına əlavə edilməli idi. Göründüyü kimi birinci dəfə cavabdeh inzibati orqana 04 fevral 2018-ci ildən 63 yaş 6 aydan dövlət qulluqçısu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablablanaraq, ödənilməsi barədə müraciət etmişdir. Hazırda isə fevral 2018-ci ildən - 01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12030.6 manat məbləğində aldığı əmək haqqının pensiyasına hesablanaraq, ödənilməsi tələbi ilə müraciət edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş vəsatətdə göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2018-ci il tarixdən 63 yaş 6 aydan dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsi üçün müraciət etmiş, xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubla pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdən 63 yaş 6 aydan dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(103)- 390/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin 05 oktyabr 2021-ci il tarixli 2-1(102)-1531/2021 nömrəli qərarı ilə Ali Məhkəmənin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(103)-390/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırki iş üzrə iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, qəbul edilmiş qərar qanuni qüvvəyə minmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün hazırki iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 tərəflərindən verilmiş vəsatəti müdafiə edərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. xx.xx.1954-cü il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü ildə Qax rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 №-li 02 avqust 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 000622 №-li pensiya işinin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə DSMF Nizami rayon şöbəsi tərəfindən ona 252 manat 79 qəpik məbləğində pensiya təyin olunmuş, daha sonra DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı təyin olunmuş pensiya məbləği yenidən hesablanaraq, xx.xx.2019-cu il tarixdən ona sabiq dövlət qulluqçusu kimi müddətsiz 730,60 manat məbləğində pensiya təyin olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3365/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 04 fevral 2018-ci ildən 63,6 yaşdan dövlət quluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsini 2-1(112)-3365/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddianın rədd olunması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-390/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-3365/2020 satlı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1531/2021 sqaylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 aprel tarixli, 2-1(103)-390/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəmənin müvafiq sorğusuna **********4 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İddiaçı büdcədənkənar pul vəsaitinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması ilə əlaqədar iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli 2-1(102)- 1531/21 nömrəli Qərarına əsasən rədd edilib. Qeyd olunanları nəzərə alaraq, büdcədənkənar vəsaitlər hesabına İddiaçı ödənilmiş pul vəsaitinin sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması həm qanunvericiliyin tələbləri baxımından, həm də sözügedən məhkəmə qərarına əsasən mümkün hesab edilmir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin məhkəmənin müvafiq sorğusuna 17/430 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 01 iyul tarixli 461 nömrəli Fərmanına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında” Əsasnaməsinə və Nazirliyin 2018-ci il 08 fevral tarixli 94/ü nömrəli Əmrinə əsasən 2018-ci ilin mart ayında İddiaçı Nazirliyin büdcədənkənar “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun vəsaiti hesabına 2012- 2017-ci illər üzrə cəmi 12030,61 (on iki min otuz manat, altmış bir qəpik) manat məbləğində aylıq vəzifə maaşına əlavə hesablanmış, ümumi 3153,72 (üç min bir yüz əlli üç manat, yetmiş iki qəpik) manat məcburi vergilər tutulduqdan sonra yekun 8876,89 (səkkiz min səkkiz yüz yetmiş altı manat, səksən doqquz qəpik) manat məbləğində vəsait ABB-nin Yasamal filialındakı ******************** nömrəli hesabına köçürülmüşdür. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 26 may 2022-ci il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Büdcədənkənar pul vəsaitinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması ilə əlaqədar iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli 2-1(102)-1531/21 nömrəli Qərarına əsasən rədd edilib. Qeyd olunanları nəzərə alaraq, büdcədənkənar vəsaitlər hesabına ona ödənilmiş pul vəsaitinin sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin müraciət baxılmamış saxlanılır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 20.1.8-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) təyin edilir. - 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir). Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı büdcədənkənar vəsaitlər hesabına ona ödənilmiş pul vəsaiti nəzərə alınmamışdır Hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oluşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiya məbləğinin yenidən hesablanması və fərq məbləğinin ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar