Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15131/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Məmməd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1980-ci ildə X3 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.1981-ci ildə Xəyalə, xx.xx.1983-cü ildə Fatimə, xx.xx.1985ci ildə Əli və Royal adlı uşaqları anadan olmuşdur. 1982-1989-cu illərdə “Kalinin” adına kolxozda sıravi kolxozçu işləmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Şəhriyar” kənd dövlət uşaq bağçasında qrup tərbiyəçisi işləmişdir. 0433155 №-li əmək kitabçasına əsasən iddiaçı: xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də aşpaz işləmişdir. xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də aşpaz işləmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aşpaz işləmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Resant” Consulting and Magament Company” MMC-də aşpaz işləmişdir. xx.xx.2023-cü il tarixdən hazıradək “Baku Castle” Restoranında (fərdi sahibkarla əmək müqaviləsinə əsasən) aşpaz işləyir. İddiaçı xx.xx.2025-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə cavabdehə ərizələrlə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin eyni məzmunlu imtina məktublarında bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən övladlarına xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək və xx.xx.1984-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək qulluq etdiyi (3 yaşınadək) dövrlər də nəzərə alınmaqla ümumi sığorta stajı 23 il 1 ay 28 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 3 ay 28 gün sığorta stajına uyğun 13725,15 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 17381,47 manat olmaqla, ümumilikdə 31106.62 manat (2025-ci il tarixinə indeksləşdiriimiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Şərur rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli 10/112 nömrəli arayışında qeyd olunan Kalinin adına sovxozda mötəbərliyinə əsaslı şübhələr olan 1982-ci il tarixindən 1989-cu il tarixinədək və 10/113 nömrəli arayışda qeyd olunan Şərur rayon Şəhriyar kənd dövlət uşaq bağçasında xx.xx.1990-ci ii tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və müvafiq quruma sorğu göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək Şərur rayon Şəhriyar kənd dövlət uşaq bağçasında adına əməkhaqqı hesablanan aylar sığorta stajınızda nəzərə alınmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən Kalinin adına kolxozda kişi və qadınlara aid adam günü normasını təsdiq edən sənəd mühafizə olunmadığından 1988- 1989-cu illər üzrə əmək fəaliyyəti dövrlərinizin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən X1 ilə qüvvədə olan əmək müqaviləsi olduğu və aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi mümkün hesab olunmur. Əmək müqaviləsinə xitam verildikdən və VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra təkrar müraciət əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır.”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı, 64 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, cavab məktubunda iş stajının 25 ildən az olduğu və pensiya kapitalının cəmi 31106.62 manat olduğu qeyd olunmuşdur. Lakin Kalinin adına kolxozda 1982-ci il tarixindən 1989-cu il tarixinədək və 10/113 nömrəli arayışda qeyd olunan Şərur rayon Şəhriyar kənd dövlət uşaq bağçasında xx.xx.1990-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmamışdır. Kalinin adına kolxozda fəaliyyət göstərməsinə dair xx.xx.2008-ci il tarixli 10/112 nömrəli Şərur rayon Dövlət Arxiv arayışı təqdim olunmuşdur.. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı 64 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının sığorta stajının 25 ildəm az olmasına istinad edərək (mübahisələndirilməyən dövr 23 il 1 ay, 28 gün) iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh bu halla bağlı qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən Kalinin adına kolxozda kişi və qadınlara aid adam günü normasını təsdiq edən sənəd mühafizə olunmadığından 1988-1989-cu illər üzrə əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsinin mümkün olmamışdır. Hazırda iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 64 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. İddiaçının uşaqlarına 3 yaşınadək qulluq etdiyi dövlər də daxil olmaqla cavabdeh tərəfindən mübahisə edilməyən iş stajı 23 il 1 ay 28 gündür. İş materiallarınd olan sənədlərə əsasən iddiaçı 1982-1989-cu illərdə Kalinin adına sovxozda işləmişdir. Cavabdeh iddiaçının 1988-1989-cu illər üzrə Kalinin adına sovxozda işlədiyi dövrləri (uşaqların qulluq etdiyi dövlər çıxılmaqla) sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən Kalinin adına kolxozda kişi və qadınlara aid adam günü normasını təsdiq edən sənəd mühafizə olunmadığından 1988-1989-cu illər üzrə əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2006-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2006-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”larının: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Məhkəmə qeyd edir ki, Kalinin adına kolxozda kişi və qadınlara aid adam günü normasını təsdiq edən sənədlərin mühafizə olunmaması iddiaçının məsuliyyət sferasına aid deyil və onun ziyanına şərh edilməməlidir. Digər tərəfdən işdə olan arxiv arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Şəhriyar” kənd dövlət uşaq bağçasında qrup tərbiyəçisi işləmişdir. Cavabdeh iddiaçının həmin dövlər üzrə stajını hesablayarkən bütün dövləri deyil, yalnız əmək haqqı aldığı dövləri hesablamışdır. Belə olan halda, cavabdeh iddiaçının 1991-ci ildə fevral, 1992-ci ildə may, 1994-cü ildə iyul və 1995-ci ildə mart aylarının iddiaçının sosial sığorta stajına daxil etməməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həm kolxozda, həmdə “Şəhriyar” kənd dövlət uşaq bağçasında işləməsi arxiv arayışlarına əsasən təsdiq edildiyinə görə, həmin dövlər də nəzərə alınmaqla iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alır ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Beləliklə, iddiaçının həmin müəssisədə xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla, iş stajı və təhsil dövrü də daxil edilməklə ümumilikdə 25 idən çox iş stajı vardır. Bunban başqa iddiaçının sosial sığorta stajı ilə bağlı qeyd etdikləri əsaslı hesab edilsə belə, iddiaçnın “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbləri baxımından onun pensiya alaq hüququ yaranmışdır. Belə ki, həmin normaya görə, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş aylıq sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək eyni növ əmək pensiyalarına keçirilməsinə yol verilmir. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı qeydə alındığına görə, həmin istinad olunan normaların təlblərinə əsasən iddiaçıya pensiya təyin edilməməsi iləbağlı cavabdehin mövqeyi əsassız olmuşdur. İddiaçının həmin normanın tədbiqini istisna edəcək (sosial müavinət alması və s) hər hansı müəyyən edilmir. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcud olduğundan iddia tələbi təmin olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcuretmə haqqında iddia olduğuna görə, iddia tələbində cavabdehin imtina qərarının iddiaçı tərəfindən mübahisələndirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1156/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…hazırkı mübahisəyə dair iş üzrə iddiaçı tələbində həmçinin cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********153600 nömrəli qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi alqı-satqı müqaviləsinə əsasən nağdsız qaydada dəyərini satıcıya tam ödədiyi mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq əlavə dəyər vergisi məbləğinin 30 faizinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur”. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov