Məhkəmə qərarları › İş №2-1(112)-15132/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15132/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15132/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin tibb müəssisəsinin tibbi göndərişi əsasında “Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə qəbul etdiyi əlilliyin təyin olunmasından imtinaya dair qərarının ləğv edilməsi, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü, Konstitusiya quruluşu, müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə orqanizmin funksiyasının pozulması faizinə uyğun əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair mübahisənin aidiyyət məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin tibb müəssisəsinin tibbi göndərişi əsasında “Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə qəbul etdiyi əlilliyin təyin olunmasından imtinaya dair qərarının ləğv edilməsi, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü, Konstitusiya quruluşu, müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə orqanizmin funksiyasının pozulması faizinə uyğun əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinin 2.2.3-cü bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı ilə cavabdeh arasında yaranmış hazırki mübahisə üzrə ərazi aidiyyət məsələsi Azərbaycan Respublikasının İPM-nin 8.1.2-ci maddəsinə uyğun tənzimlənir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddiası məcburetmə iddia növündədir; iddiaçının qeydiyyat ünvanı Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsidir, cavabdeh qismində göstərilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-239/2025 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, İddiaçı istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 23 dekabr 2024-cü il tarixdən 17 yanvar 2025-ci il tarixədək 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 01 (bir) ay 20 (iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 10 (on) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti İddiaçı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və İddiaçı təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. Göründüyü kimi iddiaçı qeydiyyat ünvanı Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsi olsa da, iddia ərizəsində onun, faktiki olaraq ünvan 3 ünvanında yaşadığını göstərmişdir.Xudiyev X1 Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzaya əsasən Bakı, Sumqayıt və Abşeron rayonunun hüdudlarını tərk edə bilmir və ona təyin edilmiş cəzanın icrasını faktiki yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsi həyata keçirir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir: “İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.” Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İPM-nin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı iş baxılması üçün ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 2, 8-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin tibb müəssisəsinin tibbi göndərişi əsasında “Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə qəbul etdiyi əlilliyin təyin olunmasından imtinaya dair qərarının ləğv edilməsi, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü, Konstitusiya quruluşu, müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə orqanizmin funksiyasının pozulması faizinə uyğun əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar