Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1514/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin bərpa edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təyin olunmuş sosial müavinətin dayandırılaraq bərpasından xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və ödənilən sosial müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, üç övladı dünyaya gətirib tərbiyə etmiş ana kimi xx.xx.2018-ci il tarixdən ona yaşa (57 yaş) görə sosial müavinət təyin edilmiş, həmin müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Müvafiq sənədlərlə cavabdehə müraciət edərək ödənilməsi dayandırılmış sosial müavinətin bərpa olunması xahiş edilmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli cavabına əsasən ona yaşa görə yenidən sosial müavinətin təyin olunmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən müraciətindən imtina edilmişdir. Cavabdeh Filialın xx.xx.2022-ci il tarixli imtinasında müraciətinə imtina olunmasına əsas olaraq “xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il larixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyini, bu səbəbdən də, təyin edilmiş müavinətin ödənişinin xx.xx.2021-ci il tarixdən dayandırıldığını, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşağı doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud olan övladlarını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinatın qanunvericilikdə nəzərdə tutulmadığını və Vergi Xidməti üzrə Baş İdarəsinin vergi uçotunun dayandırılması haqqında arayışın təqdim edilməsinə baxmayaraq qadınların yaşa görə müavinət hüququnun xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən, 5 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin ləyin olunmasının mümkün olmadığını qeyd edərək ödənilən müavinətin bərpasından imtina olunmuşdur. Cavabdehin müraciətindən imtinası qanunsuz hesab edilməli və ona təyin olunmuş sosial müavinətin ödənilməsinin bərpa olunması cavabdehə həvalə edilməlidir. Sosial müavinət almaq hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixinədək qüvvədə olmuş xx.xx.2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən 3 və daha çox uşağı doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara yaşa görə sosial müavinət təyin edilir. Qanunun tələblərindən göründüyü kimi, sosial müavinət almaq hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) ona yaşa görə sosial müavinət təyin edilmiş, lakin sonradan vergi ödəyicisi kimi qeydiyyatda olması əsas götürülərək müavinətin təyin olunması qanunsuz hesab edilərək ödənilməsi (xx.xx.2021-ci il tarixdən) dayandırılmışdır. Cavabdeh imtinasında aktiv vergi ödəyicisi olmasını qeyd etsə də, tərəfindən hər hansı əməliyyat və ya gəlir əldə edilməyərək aktiv vergi ödəyicisi olmamışdır, fəaliyyəti xx.xx.2012-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək dayandırılmış, müraciəti və məlumatı olmadan, özü-özünə xx.xx.2017-ci il tarixdə bərpa edilmişdir. Onun vergi ödəyicisi kimi 2012-ci ildən halhazıradək hər hansı fəaliyyəti müəyyən edilməmişdir. Təyin olunmuş sosial müavinətin aktiv vergi ödəyicisi olmaqla xx.xx.2021-ci il tarixdən dayandırılması, sonradan isə (xx.xx.2020-ci il tarixdən) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin ona tətbiq edilməklə ödənilən sosial müavinətin bərpa olunmasının mümkün hesab edilməməsi ilə razılaşmaq olmaz. Həmin Qanuna edilmiş dəyişiklikdən əvvəl ona təyin edilmiş sosial müavinətin qanuna sonradan olunan dəyişiklik üzrə dayandırılması qeyri-qanunidir. Vətəndaşın hüququnu ağırlaşdıran normaların geriyə və ya irəliyə qüvvəsinin tətbiqi qanunların və ən əsası konstitusiyanın tələblərinə ziddir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan xx.xx.2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən 3 və daha çox uşağı doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara yaşa görə sosial müavinət təyin edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilərək ödənilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 5605 nömrəli xidməti məktuba əsasən vətəndaş İddiaçı əmək fəaliyyəti olduğu aşkar edilmiş və ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi dayandırılmışdır. Yuxanda qeyd olunan xidməti məktuba əsasən “Sosial müavinətlər haqqında” Azərbayca Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir, bu Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli məktubu ilə daxil olan təlimatı izahatın 5-ci bəndinə görə “Aktiv“ statuslu VÖEN-i olanlara yaşa görə müavinətin təyin olunmasından imtina edilir. İddiaçı adına “Aktiv” statuslu VÖEN (**********) olduğu üçün ona artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması barədə qərar qəbul etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 11.1.2 bəndinə uyğun olaraq yaşa görə müavinət-şəxs əmək fəaliyyətinə başladıqda həmin halın yarandığı gündən dayandırılır.Bu qanunun 12-ci maddəsinin 12.1- ci bəndinə əsasən müavinət alan şəxs bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, taqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçiran müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, Mərkəzi Filial İddiaçı xx.xx.2018-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 4649.10 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; tərəflərindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən, İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. İstinad olunan maddənin mənasından göründüyü kimi inzibati aktın dayandırlmasına dair qərardadın qəbulu işin uğurlu olacağı təqdirdə mümkündür. Qeyd olunanların qarşılıqlı təhlilindən də göründüyü kimi Fondunun Abşeron- Xızı regional filialı pul tələbinin icraya yönəldilməsi haqqında qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. Sonrada cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin, xidməti yoxlama zamanı İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinət təyin edildiyi məlum olmuşdur. Bu səbəbdən ona təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4649.10 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə müraciət edərək, vergi uçotunu xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək dayandırmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək yaşa görə müavinətinin bərpa edilməsi və artıq ödənilmiş vəsaitin minimum qaydada (aylıq 20%) tutulmasını xahiş etmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən xx.xx.2022-ci il tarixli 5605 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə” Qərar qəbul edilmiş və vətəndaşa ünvanlanmışdır. İddiaçı sosial müavinətin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli məktubu ilə daxil olan təlimatı izahatın 5-ci bəndinə görə “Aktiv” statuslu VÖEN-i olanlara yasa görə müavinətin təyin olunmasından imtina edilir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunu, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox usaq doqub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinatın qanunvericiliklə nəzərdə tutulmadığını nəzərə alaraq ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, hazırda qüvvədə olan (xx.xx.2020-ci il tarixdən etibarən) “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yasına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır). Həmin Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7ci maddəsinə uyğun sərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Digər tərəfdən “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13-cü maddəsinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi İddiaçı müavinət təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda; 2) beşdən çox uşaq doğub tərbiyə etdikdə. Belə ki, mövcud qanunvericiliyə əsasən İddiaçı müraciət etdiyi tarixdə qadınların pensiya yaş həddi 62 yaş 06 ay (iddiaçının təvəllüdü: xx.xx.1961) müəyyən edilib. Göründüyü kimi hazırkı dövrdə qanunvericiliyin tələbi ödənilmir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı yaşa görə sosial müavinət almaq hüququ xx.xx.2026-ci il tarixdə yaranır. Digər şərtə müvafiq olaraq qeyd edilməlidir ki, iddiaçının 3 uşağı vardır. Hazırkı halda göründüyü kimi hər iki şərt ödənilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 may 2022-ci il tarixli **********4 nömrəli “Sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona xx.xx.2018-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Nəticədə, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 4649.10 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim etməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyinizdən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan cavabdehin 02 fevral 2022-ci il tarixli, 5605 nömrəli “Artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında” qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi olduğu halda (VÖEN: **********) ona sosial müavinətin təyin edilərək ödənilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı aşkarlanmışdır. Bu səbəbdən vətəndaşa xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ödənilmiş 4649,10 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir. xx.xx.1961-ci il tarixində ünvan 1 ünvanında yerləşən borclu İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 4649.10 manat tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla İddiaçı müavinət işi təqdim edilmişdir. Müavinət işinə əsasən müəyyən edilmişdir ki, İddiaçı adına aktiv VÖEN aşkarlandığı üçün ona təyin edilmiş sosial müavinət dayandırılmış, xx.xx.2018-xx.xx.2021-ci il tarixədək artıqvermə müəyyən edilərək “Artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli, 5605 nömrəli qərar qəbul edilmişdir. Məhkəmənin sorğusuna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********105500 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) **********826100 nömrəli, xx.xx.2008-ci il tarixli “Fiziki şəxsin uçotu haqqında” ərizəsinə əsasən xx.xx.2008-ci il tarixdə vergi orqanında uçota alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək dayandırılması barədə məlumat mövcuddur. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26 dekabr 2022-ci il tarixli **********761000 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tərəfindən təqdim edilmiş 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə əsasən dövriyyə məbləği 0,00 manat təşkil etmişdir. Eyni zamanda bildirilmişdir ki, 2017-2020-ci illər üzrə tərəfindən vergi orqanına sadələşdirilmiş və ya gəlir vergisi bəyannamələri təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 14 dekabr 2022-ci il tarixli **********349600 nömrəli məktubun surətindən görünür ki, tərəfinizdən təqdim edilmiş 2021-ci il üzrə gəlir vergisi bəyyanməsinin məlumatlarına əsasən dövriyyə məbləği 0,00 manat təşkil etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Məhkəmə tərəfindən hazırki iddianın xüsusi mümkünlük şərti olan “iddia müddəti” araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli qərarın iddiaçıya təqdim edilməsi iş materialları ilə müəyyən edilməmiş, iddiaçıya yalnız müraciəti ilə əlaqədar 25 may 2022-ci il tarixli məktubla məlumat verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsininin 1 yanvar 2020-ci il tarixə qədər olan redaksiyasına əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlar əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. İddiaçı xx.xx.1961-ci ildə anadan olmaqla xx.xx.2018-ci idə 57 yaşı tamam olmuş və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən sosial müavinət almaq hüququna malik olmuşdur. Cavabdeh tərəfindən də, xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinətin artıq ödəməsinin yarandığı dövr üzrə səbəb kimi həmin dövrlərdə iddiaçının adına aktiv VÖEN-in olması göstərilmişdir. Sonradan iddiaçının müraciətindən ümumiyyətlə Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat aparılmasının qanunvericilikdə nəzərdə tutulmamasına istinad edilməklə imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının adına aktiv VÖEN-in olması onun əmək fəaliyyətinə başlaması mənasını ehtiva etmir. Belə ki, məhkəmə araşdırması zamanı vergi orqanından təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2017-ci il tarixdən vaxtı çatdığı üçün avtomatik bərpa edilərək, adına sözügedən dövrlərdə aktiv VÖEN olsa da,xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək yenidən dayandırılmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tərəfindən təqdim edilmiş 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə əsasən dövriyyə məbləği 0,00 manat təşkil etmişdir. Beləliklə, onun hər hansı bir fəaliyyətlə məşğul olması sübuta yetirilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya sosial müavinətdən tutulmaların aparılması barədə qərarı və həmin qərarının icrası ilə bağlı aparılmış hərəkətləri qanuni və əsaslı olmamışdır. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olmuş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları (1 yanvar 2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: ... 4.0.1.2. yaşa görə müavinət; ... Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; ... Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ... 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; ... Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərinödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş sosial müavinətin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiysına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayət verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1514/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1514/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver