Məhkəmə qərarları › İş №2-1(112)-1514/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1514/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1514/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “istismara icazə aktının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2-H-84/2-36-733/24 nömrəli məktubu ilə qeyri-yaşayış obyektinin istismarına icazə verilməsindən imtina edilməsinə dair hərəkətlərinin qanunazidd hesab edilməsi, X1 istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış obyektinin istismarına icazə verilməsi və fərmandan irəli gələn sonrakı vəzifəsinin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən sahəsi 30.5 kv.m olan qeyri-yaşayış sahəsi 2014-cü ilin noyabr ayından (Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakı dövlət reyestrindən xx.xx.2014-cü il tarixli. ******* saylı çıxarış) iddiaçının xüsusi mülkiyyətinə keçmiş və tərəfindən istifadə olunur. 2017-ci ildə qeyd olunan qeyriyaşayış sahəsinin yenidənqurulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərmemarlayihə” İnistitutu tərəfindən işlənmiş şəhərsalma əsaslandırılması ilə Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra İcra Hakimiyyəti) müraciət edilmişdir. İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə tərəfindən təqdim edilmiş şəhərsalma əsaslandırması razılaşdırılmışdır. Bundan sonra həmin vaxt qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq sözügedən qeyri-yaşayış obyektinin yenidənqurulması ilə əlaqədar hazırlanmış obyektin memarlıq-planlaşdırılması həlli layihəsi İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilmişdir. Həmin idarənin xx.xx.2017-ci il tarixli məktubu ilə yenidənqurulması nəzərdə tutulan sözügedən qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırılması həlli layihəsi də razılaşdırılmış və həmin məktuba əsasən obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunması tələb olunmuşdur. Qeyd olunanlarla yanaşı sözügedən qeyri-yaşayış sahəsinin yenidənqurulması ilə əlaqədar Bakı şəhəri Nizami rayonu İcra hakimiyyyətinin xx.xx.2017-ci il tarixli məktubu ilə sözügedən obyektin memarlıq-planlaşdırılması həlli layihəsinin razılaşdırıldığı və obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsinin memarlıq-planlaşdırma bölməsi Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırıldıqdan sonra, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn tələblərə əməl olunması şərti ilə tikinti işlərinə başlanmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra isə həmin obyektin yenidənqurulmasına dair razılaşdırılmış memarlıq-planlaşdırılmasının həlli layihəsinə əsasən təqdim etdiyi işçi layihəsinin memarlıq hissəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdırılmışdır. Yuxarıda qeyd edilən prosedurlar yekunlaşdıqdan sonra mülkiyyətində olan sözügedən qeyri-yaşayış obyektinin yenidənqurulması üçün tərtib olunmuş və razılaşdırılmış layihə sənədlərində nəzərdə tutulmuş qaydada və ölçülərdə obyektin yenidən qurulmasına başlanılmış və bununla əlaqədar işlər 2017-ci ilin sonlarınadək yekunlaşdırılaraq təyinatına uyğun qaydada tərəfindən istifadə olunmuşdur Azərbaycan Respublikası Prezidenti cənab X9-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2023-cü il tarixli Fərmanı (bundan sonra Fərman) əsas götürülərək 2023cü ilin avqust ayında istifadəsində olan sözügedən ünvandakı qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi üçün tərəfimdən yuxarıda barələrində qeyd etdiyi sənədlərlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə (bundan sonra - Nazirlik) elektron qaydada müraciət ünvanladı. Nazirlik qeyd olunan Fərmanın 1.1.1-ci yarımbəndinə uyğun olaraq istifadəsində olan sözügedən qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin sənədlərini elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Xidmət) göndərmiş, Xidmət tərəfindən isə Fərmanın 1.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş tələblərə uyğun formada qeyri-yaşayış obyektin yerquruluşu planını hazırlayıb elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra - Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra - Mərkəz) və iddiaçıya göndərmişdir. xx.xx.2023-cü il tarixdə Komitə tərəfindən iddiaçının elektron ünvanına göndərilmiş bildirişdə göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mülkiyyətinə satılması və ya icarənizə verilməsini təsdiq edən sənəd təqdim ediləcəyi təqdirdə “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin 3-cü abzasına əsasən həmin obyektin istismarına icazə sənədinin verilməsi təmin ediləcəkdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə aramızda ünvan 1 ünvanda 155 kv.m torpaq sahəsinin icarəsinə dair müqavilə bağlanaraq onun surəti tərəfindən xx.xx.2024-cü il tarixdə Komitəyə təqdim edildi. Bundan sonra isə Komitə Fərmanın 1.1.5-ci yarımbəndinin 3-cü abzası ilə müəyyən edilmiş 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni vermək və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərmək əvəzinə torpaq sahəsinin icarəsinə dair müqavilənin surətini təqdim etdiyi tarixdən 1 aydan artıq vaxt keçməsinə baxmayaraq, Fərmandan irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən və ona heç bir məlumat vermədiyindən tərəfindən xx.xx.2024-cü il tarixdə Komitənin rəhbərliyinə ərizə ilə müraciət edilmişdir. Lakin həmin inzibati orqan tərəfindən yenə ona işin vəziyyəti barədə məlumat verilmədi və yalnız xx.xx.2024-cü il tarixdə onu Komitəyə dəvət edərək xx.xx.2024-cü il tarixli 3-35-1/2-H-84/2-36-733/24 nömrəli məktubu təqdim etdilər. Həmin məktubda bildirilmişdir ki, guya qeyd olunan ünvanda inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyekti Fərmanın 1.7-ci bəndinin tələblərinə cavab vermədiyindən həmin qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi qanuna müvafiq hesab edilmir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dölət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş yerquruluşu planına əsasən qeyri-yaşayış obyektinin ümumi istifadədə, yaşayış binasının qarşısında, yol kənarında və ətrafı yaşıllıq ərazidə yerləşdiyi nəzərinizə çatdırılır. Həmin imtina məktubu ona cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və cavabdehin üzərinə ünvan 3 ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi və bu barədə məlumatın Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün sonrakı hərəkətlərin edilməsi vəzifəsi qoyulmalıdır. Belə ki, cavabdehin imtina üçün seçdiyi hüquqi əsas və bununla əlaqədar göstərdiyi dəlillər məlum Fərmanın müddəaları, mahiyyəti və işin halları ilə ziddiyyət təşkil etməklə qanunsuz və əsassız olmuşdur. İş materialına əlavə etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının istismarına icazə verilməsini tələb etdiyi qeyri-yaşayış obyekti barədə tərtib edilmiş yerquruluşu planından görünür ki, orada “Kommunikasiya xətləri və mühafizə zonaları barədə məlumat” bölməsində - heç bir mühafizə zonasında yerləşmir, “Torpaq sahəsinin mülkiyyətə alınması və icarəyə götürülməsinin zəruriliyi barədə xüsusi qeyd bölməsində" - ƏMDX-dən mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir, “Torpaq sahəsinin ümumi istifadədə yerləşib-yerləşməməsi barədə süsusi qeyd” bölməsində isə - Ümumi istifadədə yerləşir (yaşayış binasının qarşısında, yol kənarında və ətrafı yaşıllıq ərazidə yerləşir) məzmununda qeydlər aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdə isə iddiaçıdan qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə satılması və ya icarəyə verilməsini təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə Fərmanının 1.1.5-ci yarımbəndinin 3-cü abzasına əsasən həmin obyektin istismarına icazə sənədinin verilməsi təmin ediləcəyi qeyd edilmişdir. Qeyd edilən bildirişin cavabdeh tərəfindən iddiaçıya göndərilməsi isə məlum Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzası ilə müəyyən edilmiş imperativ tələblərdən irəli gəlmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqanın qeyd edilən bildirişi əsasında ona etimad göstərərək torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq inzibati orqanla ünvan 4 ünvanda 155 kv.m torpaq sahəsinin icarəsinə dair müqavilə bağlamış və həmin müqaviləni cavabdehə təqdim etmişdir. İşin faktiki hallarından görünür ki, Komitə Fərmanın 1.1.5-ci yarımbəndinin 3-cü abzası ilə müəyyən edilmiş qaydada, yəni 2 (iki) iş günü müddətində istifadəsində olan qeyri-yaşayış binasının istismarına icazəni vermək və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərmək əvəzinə Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci və 3-cü abzaslarının imperativ tələblərinə açıq-aşkar məhəl qoymadan öz öhdəliklərini icra etməkdən qanunsuz və əsassız olaraq imtina etmişdir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiada qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq Baş İdarə tərəfindən sözügedən qeyri-yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı müraciət edilmişdir. Baş İdarə tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.7-ci bəndinə istinad edilərək qeyri-yaşayış obyektinin istismarına icazə verilməmişdir. Buna görə də, Baş İdarənin xx.xx.2024-cü il tarixli 3-35-1/2-H-84/2- 36-733/24 nömrəli məktubu ilə qeyri-yaşayış obyektinin istismarına icazə verilməsindən imtina edilməsinə dair hərəkətləri qanunazidd hesab edilməsi və Baş İdarənin üzərinə X1 istifadəsində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi və fərmandan irəli gələn sonrakı vəzifəsinin icrası öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən iddiaçı X4 iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.2-ci bəndinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş Qeyri-yaşayış binasının X5 Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu Planından göstərilir ki, torpağın mülkiyyətçisi dövlətdir və həmin torpaq sahəsi hansı ki, üzərində qeyri-yaşayış obyekti tikilmişdir ümumi istifadədə olan torpaqda, yaşayış binasının qarşısında, yol kənarında və ətraf yaşıllıq ərazidə inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin məlumatında qeyd olunur ki, həmin torpaq sahəsi ümumi istifadədə yerləşir. Obyekt vətəndaşların ümumi istifadəsi yaşayış binasının qarşısında, yol kənarında və ətraf yaşıllıq ərazidə inşa edilmişdir. O cümlədən, yaşayış binasının qarşısında olmaqla, avtomobil yoluna kənarında yerləşməklə piyadaların gediş-gəlişinə maneə törədir və ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun deyildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.7-ci bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir. Göründüyü kimi, qeyri-yaşayış obyektinin istismarına icazə verilməsinə o halda icazə verilir ki, həmin obyekt yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməsin. Buradan aydın olur ki, Fərmanın tələblərinə uyğun olaraq bildiriş verilməsindən asılı olmayaraq qeyri-yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı icraat yekunlaşana kimi istənilən mərhələdə Komitə tərəfindən tikilinin yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə uyğun olmadığı müəyyən edilərsə istismara icazə verilməsindən imtina edilə bilər. Eyni zamanda, işin faktiki hallarından da aydın olur ki, burada sözügedən qeyri-yaşayış obyektinin tikintisi həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə uyğun olmamaqla, məqsədli istifadə və ahəngdar fəaliyyəti də pozmaqdadır. Həmin ərazidə tikilən bu kimi qeyri-yaşayış obyektləri digər vətəndaşların və sakinlərin gediş-gəliş, eyni zamanda istirahət hüququnun pozulmasına gətirib çıxarır. Göründüyü kimi, hər bir halda müəyyən qeyri-yaşayış obyektinin fəaliyyəti ərazinin məqsədli istifadəsinə uyğun olmalı və ahəngdar fəaliyyətinə mane törətməməlidir.

4. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.

5. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi istismara icazə aktının verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsi dövlət istafəsindədir.

13. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısın aparatının xx.xx.2017-ci il tarixli məktubunda bildirilmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-lı Çıxarışa əsasən Nizami rayonu, C.Naxçıvanski 324H ünvanında xüsusi mülkiyyətinizdə olan qeyriyaşayış obyektinin yenidənqurulması ilə əlaqədar tərtib olunmuş memarlıqplanlaşdırmasının həlli layihəsi ("xxxx" MMC-nin işi, LBM E.Sultanov) Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq yə Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 18/03- 8/1771 №-li məktubla razılaşdırılmışdır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsinin memarlıqplanlaşdırma bölməsi razılaşdırılması uçun Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırıldıqdan sonra, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn tələblərə əməl olunması şərti ilə tikinti işlərinin başlanmasına etiraz edilmir.”

14. Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/xx-xx/1771 saylı məktubu ilə, Nizami rayonu, C.ünvan 8 ünvanda yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin yenidənqurulmasına dair razılaşdırılmış memarlıq-planlaşdırmasının həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi ("xxxx" MMC-nin işi, memar R.Namazov) razılaşdırılır. Sənədləşdirmə işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır.

IV. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 57.2-ci maddəsinə əsasən tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. 102.4-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi haqqında qərarı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu qərar sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir. 102.4-2-ci maddəsinə əsasən sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. 103.2-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir.

16. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşibyerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.7. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyriyaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir;

17. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamədə göstərilir: 1.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. 3.1.16. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək Baş İdarənin vəzifələrindən biridir.

18. Göründüyü kimi, cavabdehin bu sahədə fəaliyyəti tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsindən ibarətdir.

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə şəhid ailəsi anasına Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ünvanında müvəqqəti köşk quraşdırmasına icazə verilmişdir. DƏDKR publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququ (tam) X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

20. Həmin şəxs sahəsi 30.5 kv.m olan qeyri-yaşayış sahəsini 2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakı dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən 2014-cü il tarixdən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. 2017-ci il tarixdə qeyd olunan qeyri-yaşayış sahəsinin yenidənqurulması iddiaçı tərəfindən həyata keçirilmişdir.

21. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş Qeyri-yaşayış binasının X5 Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu Planına əsasən müəyyən olunur ki, üzərində qeyri-yaşayış obyekti tikilmiş torpaq sahəsi dövlətin mülkiyyətindədir.

22. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş qeyri-yaşayış sahəsinin ortofoto görüntüsündən, həmçinin iddiaçının təqdim etdiyi foto şəkillərdən bəlli olur ki, sözügedən qeyri-yaşayış obyekti ümumi istifadədə olan torpaqda, yaşayış binasının qarşısında, yol kənarında və ətraf yaşıllıq ərazidə inşa edilmişdir.

23. Məhkəmə qeyd edir ki, qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanında dəqiq göstərilmişdir.

24. İş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə uyğun olmadığını müəyyən etdiyindən iddiaçının müraciətinə müsbət cavab verməmişdir.

25. Məhkəmə işin hallarını məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdehin qənaəti ədalətsiz deyildir, inzibati orqanın qiymətləndirmə azadlığını həyata keçirilməsi zamanı səlahiyyət həddini aşdığı və ya fərqli rəftar nəticəsində iddiaçının hüquqlarının pozulması halı, eləcə də onun vəziyyətinə uyğun gəlməyən şəkildə davrandığı müəyyən edilmir. Belə ki, qeyri-yaşayış sahəsi digər vətəndaşların və binada yaşayaşan sakinlərin gediş-gəlişinə mane törədir, həmçinin istirahət hüququnun pozulmasına gətirib çıxarır.

26. Eyni zamanda qeyd edilməlidir ki, mövcud qanunvericilik cavabdehin özünün qiymətləndirməsinə əsasən seçim etmək imkanı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri).

27. “İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

28. İnzibati Prosessual Məcəllənin: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

29. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi təcrübəyə malik olduğu haldan gedir.

30. Qeyd edilənlərə əsasən, məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığını həyata keçirilməsi zamanı səlahiyyət həddini aşdığını və ya fərqli rəftar nəticəsində iddiaçının hüquqlarının pozulması halını, eləcə də onun vəziyyətinə uyğun gəlməyən şəkildə davrandığını müəyyən etmir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar