Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15142/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qanuni nümayəndə cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə müraciət edərək özünün əsl iddiaçı olan İddiaçı (bundan sonra – iddiaçı) ilə əvəz edilməsini və onun iddiaçının qanuni nümayəndəsi kimi cəlb edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Füzuli rayonundan məcburi köçkündür. Lakin anası ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının atasına məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. İddiaçının qanuni nümayəndəsi iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni nümayəndəsi iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydaları”ın 2.6-cı bəndinə istinad edilərək iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının anası Bakı şəhərində qeydiyyatda olduğundan, ona məcburi köçkün vəsiqəsinin verilməsi imkan xaricindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AZ-İ № 410037 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən Qanuni nümayəndə və X4 arasındakı nikah xx.xx.2008-ci ildə bağlanmışdır. AZ-İİ № 266396 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Qanuni nümayəndə, anası X3r. AZE 15090090 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçının anası X4 xx.xx.1980-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Qanuni nümayəndə verilmiş AA seriyalı, 515840 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən o, Füzuli rayonundan məcburi köçkündür və ünvan 1 ünvanında məskunlaşmışdır. Cavabdehin iddiaçının qanuni nümayəndəsinin müraciətinə verilən xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçının anası X1 qeydiyyatı ünvan 1 ünvanında olduğundan iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Məhkəmə iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçının qanuni nümayəndəsi iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir (1). Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər (9). Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir (10). Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir (12). Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a (bundan sonra - Qaydalar) əsasən bu Qaydalar Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli 669-İQ nömrəli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli 55-İQ nömrəli Qanunlarının, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq hazırlanmış, məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edir. “Qaydalar”ın “Əsas anlayışlar” bölməsində göstərilmişdir ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Qaydalar”ın 4.1-ci bəndində göstərilmişdir ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;[3] 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Sözügedən “Qaydalar”ın da 4.1.6-cı bəndindən göründüyü kimi şəxsə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün iki şərt mövcuddur: 1) şəxsin atası “məcburi köçkün” statusuna malik olmalı; 2) şəxsin hər iki valideyni işğal olunmuş rayon və ya şəhərdə rəsmi qeydiyyatda olmalı. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətinə imtina cavabı vermişdir. Göründüyü kimi iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün qanunvericiliklə müəyyən edilən hər iki şərt mövcud deyildir. Yəni valideynlərindən biri məcburi köçkün statusuna malik olmamaqla, vaxtilə işğalda olmuş ərazidə qeydiyyatda deyildir. Bu hal isə iddiaçıya məcburi köçkün statusunun verilməsini istisna edir. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur, cavabdehin imtinası qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-15142/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15142/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver