Məhkəmə qərarları › İş №2-1(112)-15145/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15145/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15145/2025 25.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X40 İdris oğlunun sədrliyi, İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “X14, X17, X31, X29, X9, X5 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X14, X17, X31, X29, X9, X5 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 1 iddiaçının mülkiyyətindədir. Həmin mənzildə qızı və nəvələri ilə birlikdə yaşayır. Sözügedən evə dair sənədi var. Həmin mənzildə yaşaymayan şəxslərin qeydiyyatını ləğv etmək məcburiyyəti yaranmışdır. Həmin mənzildə iddiaçının qızı xx.xx.1981-ci il təvəllüdlü X14 isə ərə getdikdən sonra yaşamır və onunla hazrda əlaqəsi yoxdur. Nəvəsi xx.xx.2010-cu il təvəllüdlü X1 mənzildə qeydiyyatdadır, lakin oğlu yoldaşı ilə boşanmış və hazırda nəvəsi ilə yaşamır. Qonşuları xx.xx.1975-ci il təvəllüdlü X31, xx.xx.2008-ci il təvəllüdlü X29, xx.xx.1998-ci il təvəllüdlü X9, xx.xx.1971-ci il təvəllüdlü X5, xx.xx.1966-cı il təvəllüdlü X10 evdə yaşamır və həmin mənzilə qeydiyyata düşməsi barədə məlumatl yoxdur. Bununla bağlı cavabdehə müraciət etmiş və imtina məktubu gələrək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixli, 50/2-R-21376/11 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli, 2-1(112)-15145/2025 nömrəli qərardadı ilə X14, X17, X31,X29, X9, X6 və X13 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etdikdən sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 0067069 nömrəli, MH seriyalı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsində istifadədə olan, 0,045 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 1 mərtəbəli binada 111,75 kv.metr ümumi, 88,8 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı 6 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X18 1 ot. -11,0 kv.metr, X11 1 ot.-14,3 kv.metr, X19 1 ot.- 12,9 kv.metr və İddiaçı 3 ot.-50,6 kv.metr adlarına daşınmaz əmlakın dövlət reyestrində 233 nömrəli reyetsr kitabının 23315 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərabaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərüfatı Birliyinin 10 oktyabr 3-52-13-5/2-912/2025 nömrəli məktubundan görünür ki, ərazi üzrə 38 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi məlumata əsasən ünvan 2 ünvan altında 4 mənzil mövcuddur. 1 mənzil İddiaçı məxsusdur və həmin mənzildə özü və daha 3 nəfər qeydiyyatda olsalar da yaşamırlar. 2-ci mənzil X25 məxsusdur və həmin mənzildə özü və qızı qeydiyyatdadırlar. Digər mənzil isə X3 məxsusdur və həmin ünvanda özü və daha 2 nəfər qeydiyyatdadırlar. Hər bir mənzilin ayrılıqda çıxarışları mövcuddur və İddiaçı mənzilinə heç bir aidiyyatı yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-53521/2025 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 3, 6 saylı mənzilində sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki: 01 dekabr 2007-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Həmidova (Rəfiyeva) Pərvanə Vaqif qızı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş reyestr kit. Nömrəli 233, səhifə 23315, qeydəalma ********* nömrəli, xx.xx.2007-ci il tarxli çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi ev 3, mənzil 6 da yerləşən ümumi sahəsi-111,75 kv.m. Yaşayış sahəsi-88,8 kv.m. olan 6 (altı) otaqlı mənzilin satıcıya məxsus olan yaşayış sahəsi-14,3 kv.m. olan 1 (bir) otağını alıcı X20 mülkiyyətinə vermişdir. Nərimanov Rayon Mənzil-Kommunal Təssərrüfatı birliyinin 014634 nömrəli, xx.xx.2004-cü il tarixli arayışına əsasən İddiaçı Şahin Mustafayev küçəsindəki 3 nömrəli evin 1 mərtəbəli evin 1-ci mərtəbəsində 88,8 kv.m sahəsi olan 6 otaqlı 6 nömrəli mənzildə yaşayır. Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 713 nömrəli, xx.xx.2003-cü il tarixli Sərəncamına əsasən Ş.Mustafayev küçəsindəki 3 saylı evin 6 saylı mənzilinin yaşayış sahəsi 88,8 kv.m. olmaqla 6 otaqlı hesab olunmuş və vətəndaş İddiaçı 5 nəfər ailə üzvü ilə həmin mənzilin icarədarı hesab edilmişdir. 24 avqust 2004-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən satıcı İddiaçı Bakı şəhəri İH Tİ və MHQİ-si tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 30- 21216 nömrəli arayışa əsasən Bakı şəhəri, Nərmanov rayonu, Ş.Mustafayev küçəsi, ev 3, mənzil 6-da yerləşən mənzildən satıcıya məxsus olan 11,0 kv.m. ibarət olan bir otağını alıcı X21 mülkiyyətinə vermişdir. Satılan mənzil İH İT və MHQİ-si tərəfindən verilmiş reyestr kitabı 1334 səh.200315, qeydiyyatı 30-200315, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən satıcıya məxsusdur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.2-ci maddəsinə görə isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun: 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 2-ci maddəsinin 4-cü abzasına əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; 9-cu madddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.2-1-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 2.3-cü bəndinə əsasən isə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi digər üçüncü şəxslər iddiaçı ilə eyni ünvan göstəricilərinə malik başqa daşınmaz əmlakların istifadəçiləridir. Belə ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məktubundan göründüyü kimi, üçüncü şəxslərin iddiaçının yaşayış sahəsində yox, eyni ünvan göstəricilərinə malik giriş-çıxışı ayrı olan, bir-birindən təcrid edilmiş 3 digər tikilidə faktiki olaraq yaşaması müəyyən edilmişdir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı prinsipindən, eləcə də gözlənilən mülkiyyət hüququnun realizəsinin təmin edilməsi baxımından çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər ayrı-ayrı əmlakların istifadəçisi olsalar da eyni ünvan göstəricilərinə malikdirlər. Belə olan halda iddiaçılar onunla bərabər istifadəçi statusunda olan, fərqli daşınmaz əmlaklar olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir istifadəçinin həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Göründüyü kimi hazırkı mübahisə üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlaka istifadə hüquqlarının mövcud olmaması ilə əlaqədar olmayıb, həmin daşınmaz əmlakla eyni ünvan göstəricilərinə malik tikililərdə yaşaması, həmin tikililərin istifadəçisi olması ilə əlaqədardır. İşin faktiki hallarından da müəyyən edildiyi kimi eyni ünvan faktiki olaraq 4 yaşayış sahəsinə verilmiş, nəticədə hazırkı inzibati mübahisənin yaranması üçün zəmin yaranmışdır ki, məhkəmə hesab edir ki, həmin mübahisənin həlli şəxslərin öz yaşadıqları ünvandan qeydiyyatdan çıxarılması ilə həll edilməməlidir. İddiaçının öz mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüququ, məhkəmə hesab edir ki, başqa şəxslərin öz yaşadıqları yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə nəticələnməməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1700/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Həmin ünvanda yerləşən digər bir ev X12 aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş evdir. Həmin evdə X15, X16 və X32 qeydiyyatdadırlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X7 gəlini X8 və nəvəsi X22 həmin evə istifadə hüquqları tanınmış, onlar həmin evə köçürülmüş və ünvan üzrə qeydiyyata alınmışdırlar. Göründüyü kimi, həmin şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, X12 aid fərdi yaşayış evində qeydiyyatdadırlar. Belə olan halda, həmin şəxslərə münasibətdə də iddiaçı iddia tələbində haqlı hesab edilə bilməz.apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X4 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X12 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1340/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cu il tarixli qərarında da qeyd edilmişdir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər iddiaçı ilə eyni ünvan göstəricilərinə malik başqa bir mənzildə yaşayırlar və həmin mənzil üzrə qeydiyyata alınmışlar. Belə olan halda, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə deyil, həmin mənzillə eyni rekvizitlərə malik özlərinə məxsus fərqli mənzildə qeydiyyatda olmaqla yaşadıqları sübuta yetirilir. Həmin hallar nəzərə alınmaqla Ali Məhkəmə həmin şəxslərin eyni ünvan göstəricilərinə malik yaşayış sahəsində şəxslərin qeydiyyatdan çıxarılmasına dair iddianın rəddi barədə qərarın qüvvədə saxlanılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “X14, X17, X31, X29, X9, X5 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X46

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar