Məhkəmə qərarları › İş №2-1(112)-1515/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1515/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1515/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X19 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasinda yerləşən 70A saylı mənzilə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 2 ünvaninda yerləşən “Gülüstan” yaşayiş kompleksinin "xxxx" MTK-ya məxsus binanin 2-ci girişi, 14-cu mərtəbəsində,70A sayli mənzilinin umumi sahəsi 194.0 kv.m, 4-otaqlı mənzili "xxxx" MTK-dan tam dəyərini ödəmək yolu ilə almışdır. "xxxx" MTK-nın ümumi iclasının 03 fevral 2021-ci il tarixli 54 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı MTK-ya üzv qəbul edilməsi, 70A saylı mənzilin, pay haqqının iddiaçıya verilməsi qərara alınmış və onun payçı olmağı təsdiq edilmişdir. O, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin vaxtdan etibarən həmin mənzilinin istifadəçisidir. Qeyd olunmalıdır ki, mənzilin bütün kommunal xidmətləri (qaz, su, işıq, kanalizasiya xəttləri) müvafiq idarələr və təşkilatlara qoşularaq iddiaçının istifadəsinə verilmişdir. Qanunamüvafiq qaydada həmin mənzilə dair reyestrdən çıxarış almaq üçün iddiaçı cabadehə müraciət etmişdir. Cavadeh tərəfindən daxil olmuş 03 may 2024-cu il tarixli imtina məktununda qeyd olunur ki, ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 633 saylı, xx.xx.2007-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komisyası”nın aktında mansard mərtəbə barədə hər-hansı qeyd yoxdur. İdarənin mutəxəsisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin, binanın mansard mərtəbəsində yerləşdiyi və 70A saylı mənzilin “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komisyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Bakı Şəhər İcra Hakimiyyətini başçısının xx.xx.2007-ci il tarixli, 633 saylı sərancami ilə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komisyasının aktına əsasən Nəsimi rayon K.Səfərəliyeva kucəsi 702-ci məhəllədə (hal-hazırda D.Əliyeva kucəsi 251 a ünvanlı bina) 13-14-15 mərtəbəli 6 girişli yaşayış binasında 1-ci mərtəbə qeyri yaşayış sahəsi, 112 (yüz on iki) ədəd 4 otaqlı mənzil inşa edilmişdir. Sözügedən 70A saylı 4 otaqlı mənzil, binanın qəbul aktında göstərilən 112 ədəd 4 (dörd) otaqlı mənzillərin içərisindədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********73 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 633 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbə barədə hər-hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi və 70A saylı mənzilin “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, mənzil 13 mərtəbəli binanın mansard mərtəbəsində yerləşir və sənəd üzrə ümumi sahəsi 194,0 kv.m qeyd olunsa da faktiki 177,6 kv.m təşkil edir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: "xxxx" MTK-nın ümumi iclasının 03 fevral 2021-ci il tarixli 54 №-li protokolundan çıxarışa əsasən İddiaçı “Topaz“ Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilmiş, “Topaz“ Mənzil Tikinti Kooperativinin binasında ünvan 7 ünvanda: 2-ci girişi, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 194 kv.m, 4 otaqlı 70 A saylı mənzilin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02/24 nömrəli maliyyə arayışına əsasən ünvan 8 ünvanda yerləşən “Gülüstan” yaşayış kompleksinin "xxxx" MTKya məxsusdur. Bu binanın 2-ci girişi, 14-cü mərtəbəsində, ümumi sahəsi 194.0 kv.m, 70 A saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun müqaviləyə əsasən "xxxx" MTK-ya borcu yoxdur. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2007-ci il tarixli aktından görünür ki, həmin çoxmənzilli yaşayış binasında 112 ədəd 4 otaqlı mənzil olmuşdur. "xxxx" MTK tərəfindən verilmiş məktuba əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 633 saylı sərəncamı ilə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktına əsasən ünvan 9 ünvanlı bina) 13-14-15 mərtəbəli 6 girişli yaşayış binasında (1-ci mərtəbə qeyri-yaşayış sahəsi) 112 (yüz on iki) ədəd 4 (dörd) otaqlı mənzil inşa edilmişdir. Sözügedən 70A saylı 4 otaqlı mənzil binanın qəbul aktında göstərilən 112 ədəd 4 (dörd) otaqlı mənzilin içərisindədir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********73 nömrəli imtina məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 633 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında mansard mərtəbə barədə hər-hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi və 70A saylı mənzilin “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-28545/2024 nömrəli sorğuya cavab məktubu ilə ünvan 10 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində dövlət qeydiyyatına alınmış mənzillər barədə məlumatlar təqdim olunmuşdur. Həmin məlumatlara əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 241 - X10; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 120A - X11; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 118a - Miri-zadə Laləndər Daməd qızı; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 166a - X18; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 242 - X14; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 165a - X18; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 243 - X5; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 119a - X11; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 204A - X15; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 167A - X12; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 168A - X8; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 202A - X9; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 117A - X13; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 34A, giris-1 - X6; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 71A - X3; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A, mənzil 203A - X7 mülkiyət hüquqları qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasinda yerləşən 70A saylı mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə imtina cavabı verilsə də cavabdeh tərəfindən həmin binada çoxsaylı mənzillər qeydiyyata alınmış, hətta 71A nömrəli mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair məlumatlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə Təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikasi Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən hallarından açıq şəkildə görünür ki, iddiaçı mənzil-tikinti kooperativinin üzvü olmuşdur və o, yaşayış sahəsinə olan ehtiyacını ödəmək məqsədilə şəxsi vəsaiti hesabına binanın tikintisində iştirak etmişdir. Bununla əlaqədar olaraq, iddiaçının təqdim etdiyi sənədlər – protokoldan çıxarış və maliyyə arayışı – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinin tələbinə uyğun olaraq mənzilə dair hüquqmüəyyənedici sənədlər kimi qiymətləndirilməlidir. Cavabdehin imtina əsaslarına gəldikdə, məhkəmə qeyd edir ki, cavabdeh istismara icazə sənədində mansard mərtəbə barədə hər-hansı qeydin olmadığına istinad edərək mübahisə predmetini təşkil edən mənzil üzərində iddiaçının hüquqlarının qeydiyyatından imtina etmişdir. Halbuki, mənzilin yerləşdiyi 14-cü mərtəbədə iddiaçı ilə qonşuluqda olan digər şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilmişdir. Bununla bağlı qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından və təqdim edilən sənədlərdən də göründüyü kimi həmin binada yerləşən iddiaçı ilə qonşuluqda olan və ən əsası binanın 14-cü mərtəbəsində yerləşən digər mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı həyata keçirilmişdir ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış mənzillərdən X1 məxsus olan mənzilin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi protokoldan çıxarış və maliyyə arayışı olmuşdur. Cavabdeh mübahisə predmetini təşkil edən mənzilin mansardda yerləşdiyi mövqeyidən çıxış etsə də, 14-cü mərtəbədə yerləşən və mülkiyyət hüquqları qeydiyyata alınmış mənzillər ilə aradaki fərqin nə olduğunu, hansı səbəb görə digər mənzilləri mansard mərtəbə kimi nəzərə almadığını əsaslandıra bilməmişdir. Nə qədər ki, cavabdeh oxşar hüquqmüəyyənedici sənədlər əsasında başqa şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. Mənzilin ölçülərinə münasibətdə Məhkəmə diqqətə çatdırır ki, mənzilin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az olması vəziyyətidə iddianın təminini istisna etmir. Bu hal texniki inventarlaşdırma zamanı aparılmalı olan məsələ olduğundan, həmçinin iddiaçıda bununla bağlı mübahisə açmadığından həmin əsas mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından imtina üçün əsas ola bilməz. Göstərilənlərlə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 70A saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X23.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar