Məhkəmə qərarları › İş №2-1(112)-15156/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15156/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15156/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “güzəştli əsaslarla mənzil növbəsinə alınma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “güzəştli əsaslarla mənzil növbəsinə alınma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) oğlu X1 müharibəsi iştirakçısı olmuşdur. X5 22 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 247 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən iddiaçı yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və ümumi əsaslarla mənzil-uçot siyahısına daxil edilmişdir. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 56 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 247 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına dəyişiklik edilmiş, Nümayəndə iddiaçının Yasamal rayonu üzrə ümumi əsaslarla mənzil-uçot siyahısına əlavə olunmuşdur. İddiaçı yaşayış yeri üzrə güzəştli şərtlərlə mənzil növbəsinə qəbul olunması üçün Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin (bundan sonra – cavabdeh) xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...“Azərbaycan Respublikasının Prezidentinin 2449 nömrəli, 25 yanvar 2021 -ci il tarixli sərəncamına əsasən 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə təmin olunması həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Əfqanıstan müharibəsi iştirakçısı oğlunuz X2 Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə dayanmadığından sizin onun imtiyazına görə güzəştli mənzil növbəsinə götürülməyiniz ilə bağlı xahişinizin yerinə yetirilməsi mümkün deyildir..'”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli əsaslarla mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X5 hərbi xidmətini Əfqanıstanda sovet qoşunları tərkibində beynəlmiləl borcunu ən qaynar döyüş nöqtəsində yerinə yetirərkən müharibə iştirakçısı və İ qrup əlil olmuşdur. Mərhum oğlu Ceyhun müharibə zamanı ağır zərbəni beyin nayihəsindən almışdır. O və qızı Nümayəndə Bakı şəhər Cavabdehnə mənzil siyahısına qəbul olunmaları barədə müraciət etmişdirlər. Başçının 247 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə o, oğlu Əfqanıstan müharibəsində iştirak etdiyinə və əlil olduğuna, oğlunun vəfat etdiyinə və yaşayış şəraitinin ağır olması səbəbindən yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və ümumi əsaslarla mənzil-uçot siyahısına daxil edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 56 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə qızı Nümayəndə da mənzil-uçot siyahısına əlavə edilmişdir. Bütün bunlara baxmayaraq, Bakı şəhər Cavabdeh Başçısının 521/1 Y-20-063/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə onun və qızının mənzil növbəsinə götürülməsinin mümkün olmadığı bildirilmişdir... İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, həmin məktubun iddiaçıya hansı tarixdə çatdırılmasına dair işdə hər hansı sübut olmadığında və iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 247 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və ümumi əsaslarla mənzil-uçot siyahısına daxil edilmişdir. İddiaçının oğlu X1 müharibəsi iştirakçısı olmuşdur və 22 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək güzəştli əsaslarla mənzil növbəsinə alınmasını xahiş etmişdir . Cavabdeh isə, iddiaçının oğlu Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə dayanmadığından onun imtiyazına görə güzəştli mənzil növbəsinə götürülməsi mümkün olmadığını əsas gətirərək iddiaçını müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının oğlunun Əfqanıstan müharibəsinin iştirakçısı olması işin mübahisələndirilməyən halıdır. Bu fakt iş materiallarında olan sənədlərə əsasən də təsdiq olunur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı oğlunun 1-ci qrup əlil olmasını bildirsə də bunu təsdiq edə biləcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi Moskva şəhəri İzmaylovsk rayon məhkəməsinin 25 oktyabr 2005-ci il tarixli qərarında oğlunun 1-ci qrup əlil kimi qeyd olunmasına münasibətdə isə bildirir ki, həmin sənəd iddiaçının oğlunun əlilliyini təsdiq mötəbər sübut hesab edilə bilməz. Çünki şəxsin əlil olması yalnız bununla bağlı səlahiyyətli qurum tərəfindən verilmiş qərar və əsasında müəyyən oluna bilər. Göründüyü kimi iddiaçının oğlunun müharibə əlili olması faktı istisna olunur. İddiaçı hesab edir ki, oğlunun güzəştli mənzil uçotuna alınma hüququ olmuşdur və onun vəfatından ailə üzvü kimi bu hüquq ona keçməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının Əfqanıstan müharibəsi iştirakçısı oğlu yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsi alınmadığından onun imtiyazına görə anasının güzəştli mənzil növbəsinə götürülməsi qanunvericliyin tələbləri baxımından mümkün deyildir. Bundan baqşa İddiaçının oğlu Əfqanıstan müharibəsi iştirakçısı kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli əsasla qeydiyyata alınsa belə onun bu imtiyazının ailə üzvləri üçün saxlanılması qanunla nəzərdə tutulmamışdır.. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsas müəyyən edilmir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır. İPM-in: 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar