Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1516/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, 1 sentyabr 1976-cı il tarixdən 2 iyul 1981-ci il tarixədək Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutunda ali təhsil almışdır. İnstitutu bitirəndən sonra təyinat üzrə 3 fevral 1981-ci il tarixdə Bakı Elektron Hesablayıcı Zavoduna mühəndis texnoloq vəzifəsinə qəbul edilmişdir. 27 yanvar 2003-cü il tarixdə öz xahişi işdən azad edilmişdir. 1 iyul 2020-ci il tarixdə 62 yaşı tamam olmuş və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı, ona pensiya təyin edilməsi üçün DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə ərizə ilə müraciət etmiş, lakin inzibati orqan ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Göstərilənlərə və AR Konstitusiyasının 149-cu, «Vətəndaşların pensiya təminanı haqqında» AR Qanununun 67-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. DSMF Məhkəmə Münahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilr: - İddiaçı tələbi tam əsassız hesab olunur və rədd edilməlidir. Belə ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 64 yaş 6 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1 iyul 1958-ci il tarixdə doğulmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq 61 yaş (il) 6 ayda, yəni 1 yanvar 2020-ci il tarixdə yaranmışdır. Belə ki, İddiaçı 30 aprel 2020-ci il tarixdə müvafiq filiala ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Onun həmin tarixli müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş imtina məktubunda iddiaçının «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən 25 il sığorta stajı və minimum pensiya kapitalı olmadığı qeyd edilmişdir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı 1992 – 2003-cü illərdə adına əmək haqqı ödənilməyən dövrdür. İddiaçı G. İsmayılova onunla bağlı təhsil illərinin sığorta stajına daxil edilmədiyini hesab etmiş və iddia tələbində bunu qeyd etmişdir. Lakin iddiaçının 1976 – 1981-ci illərdə əyani təshil aldığı müddət sığorta stajına daxil edilmişdir. İmtinaya səbəb olan hal isə iddiaçının təhsil illəri deyil, 1992 – 2003-cü illərdə çalışdığı müddətin ona sığora stajı kimi nəzərə alına bilməməsi olmuşdur. İş materiallarına əlavə edilmiş ИТ №1168789 nömrəli əmək kitabçasından və iddiaçıya məxsus diplomdan görünür ki, iddiaçı İsmayılova (İbrahimova) Gülmayə Nuru qızı 1 sentyabr 1976-cı il tarixdən 2 iyul 1981-ci il tarixədək Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitunda ali təhsil almışdır. Sonra isə, təyinat üzrə 3 dekabr 1981-ci il tarixdən 27 yanvar 2003-cü il tarixədək Bakı Elektron Hesablayıcı Zavodunda mühəndis texnoloq vəzifəsində çalışmışdır. Mübahisələndirilən halla bağlı olaraq 3 dekabr 1981-ci il tarixdən 27 yanvar 2003-cü il tarixədək Bakı Elektron Hesablayıcı Zavodunda mühəndis texnoloq vəzifəsində çalışdığı illərin qarşılıqlı yoxlanılması ilə bağlı olaraq sözügedən müəsisədə yoxlanış aparılmış və 2 iyun 2020-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən aktda İddiaçı 3 dekabr 1981-ci il tarixdən 27 yanvar 2003-cü tarixədək mühəndis texnoloq vəzifəsində işlədiyi göstərilmişdir. Müəssisə tərəfindən İddiaçı əmək haqları 1981-ci il tarixdən 1992-ci il tarixədək hesablanaraq ödənilmişdir. 1992-ci ildən sonra onun adına əmək haqqı hesablanmamışdır. Beləliklə iddiaçının adına 1992-ci ildən sonra (yəni 2003-cü ilədək) əmək haqqı hesablanmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Çünki, iddiaçıya əmək haqqı hesablanmadığından dolayısı ilə onun adına məcburi dövlət sosial sığorta haqları da ödənilməmişdir. Bu isə, həmin dövrün sığorta stajı nəzərə alınmamasına əsasdır. İddiaçının mübahisələndirilən iş illəri ilə bağlı olaraq inzibati orqan AR Milli Arxiv İdarəsinə 19 oktaybr 2020-ci il tarixdə sorğu İlə müraciət edilmişdir. Müraciət məktubu arxiv tərəfindən aidiyyəti üzrə müəsisəyə göndərilmişdir. 7 dekabr 2020-ci il tarixli cavab məktubunda göstərilənlərə əsasən iddiaçının iş illəri əmək kitabçasında qeyd edilənlərlə uyğun təşkil etsə də, əmək haqqı barəsində qoyulmuş suala münasibət bildirilməmişdir. Bundan əlavə olaraq «Əmək pensiyaları haqqında» AR Qanununun qüvvəyə mindiyi 2006-ci il tarixədək Respublika ərazisində qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin son hissəsində göstərilmişdir ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Beləliklə analoji Qanunda da 2002-ci il tarixdən sonra MDSS haqlarının ödənilməsi tələb kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçası və diploma müvafiq olaraq iddiaçının 25 il 11 ay 25 gün sığorta stajı olmuş olar. Lakin «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun yuxarıda göstərilən maddəsinin tələblərinə uyğun olaraq 1 yanvar 2002-ci il tarixdən sonra MDSS haqları ödənilməlidir. İddiaçı adına əmək haqqı hesablanmadığı 1992 – 2002-ci illəri sığorta stajı kimi nəzərə aldıqda belə, 1 yanvar 2002 – 27 yanvar 2003-cü il tarixlərdəki əmək haqqı almadığı və MDSS haqları ödənilmədiyi dövrü sığorta stajı kimi nəzərə almaq mümkün deyildir. Göstərilənlərə əsaslanaraq məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 1 iyul 1958-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Y/S, ev 20, mənzil 24-dür. İş materiallarında olan 025024 nömrəli diplomun surətindən görünür ki, X1 1976 – 1981-ci illərdə Azərbaycan Politexnik İnstitutunda “avtomatika və telemexanika” ixtisası üzrə təhsil almışdır. İş materiallarında olan İV-ЖГ 408227 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, 16 iyun 1989-cu il tarixdə X2 ilə X1 arasında nikah bağlanmış və nikahdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 16 iyul 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 1 iyul 2020ci il tarixdən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümümi iş stajı 25 ildən az təşkil edir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyini mümkün hesab olunmur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1958-ci il təvəllüdlüdür. O, 1976 – 1981-ci illərdə Azərbaycan Politexnik İnstitutunda ali təhsil almışdır. Əmək kitabçasında onun 3 dekabr 1981--ci il tarixdən 27 yanvar 2003-cü il tarixədək Bakı Elektron Hesablama Zavodunda işləməsi qeyd olunmuşdur. İddiaçı 1981 – 2003-cü illər üzrə işlədiyi və 1976 – 1981-ci illər üzrə təhsil aldığı müddətlər sığorta stajı kimi nəzərə alınmaqla «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə uyğun olaraq ona yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin məsələnin həllindən imtina etmişdir. İmtina belə əsaslandırılır ki, iddiaçının 1976 – 1981-ci illərdəki təhsil müddəti və əmək haqqqı aldığı 1981 – 1992-ci illərdəki iş satajı sığorta stajına daxil edilir, lakin onun 1992 – 2003-cü illərdəki fəaliyyətində əmək haqqı alması təsdiqlənmədiyindən, 25 il sığorta stajı toplanmır və alınmayan əmək haqqı üzrə dolayısı ilə məcburi dövlət sosial sığorta haqqı da ödənilməmiş sayılır. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa . . . ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafiq yaşa çatmış şəxslərə yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: 1) sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; 2) azı 25 il sığorta stajının olması (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla). Hazırkı iş üzrə iddiaçının 1981-ci ilin dekabr ayından 1992-ci ilin yanvar ayınadək əmək haqqı almaqla işləməsi işin mübahisə olunmayan hallarına aiddir. Həmin müddət və iddiaçının əyani təhsil aldığı dövr nəzərə alınmaqla onun 15 il sığorta stajı toplanmış olur. İnzibati icraatda iddiaçının 1992-ci ilin yanvar ayından 2003-cü ilin yanvar ayınadək olan dövr üzrə əmək haqqı alması barədə sübutlar əldə olunmadığından, məhkəmə hesab edir ki, inzibati orqan həmin müddətin sığorta stajına daxil olunmasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının əmək haqqı almaması, yəni işlədiyi müəssisə üzrə əmək haqqı cədvəllərində bu barədə məlumatların əks olunmaması, müvafiq dövr üzrə iş stajına malik olmamasını, həmçinin məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsini ehtiva edir. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həcmdə olmaması və 25 il sığorta stajının toplanmaması belə nəticəyə gəlməyə əsas verir ki, onun yaşa görə əmək pensyası hüququ yaranmır. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın imtinasını qanuna zidd qiymətləndirmir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1516/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1516/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver