Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1516/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair ona adına mülkiyyət hüququnu tanıdan çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan, Buzovna qəsəbəsində 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Sonradan həmin torpaq sahələri Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə təhvil verilmişdir. Torpaq sahəsinin sxemi də ona verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli **********07 saylı məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Düşünür ki, cavabdeh orqan tərəfindən hüquqları pozulmuşdur. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il 096 saylı sərəncamın təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X1 xx.xx.2003-cü il tarixli 28 saylı əmrdən çıxarışdan görünür ki, ona fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, həmin torpaq sahəsinə dair torpaq sahəsinin sxemi də verilmişdir. Həmin torpaq sahəsi verilən tarixdən istifadəsindədir və orada yaşayır. Lakin inzibati orqan onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozmuşdur. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də şikayət verilə bilər.
3. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, göstərilən torpaq sahəsi Prezidentin İşlərin İdarəsinin X1 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdüdlarından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərində yerləşir. Qeyd olunanlarla yanaşı, Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun direktorunun əmrinin əsli təqdim edilməmişdir, həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir.
4. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən İddiaçı 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır.
5. İşdə olan Prezidenti İşlər İdarəsinin X1 xx.xx.2016-cı il tarixli 1341 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı (X4) tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesab ilə 1831 kodlu torpaq sahəsi ayrılmışdır. 1831 kodlu torpaq sahəsinin ölçü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur.
6. İşdə olan xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışda qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
7. Məhkəmənin sorğusu əsasında cəlb edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı xx.xx.2003-cü il tarixli əmrinə əsasən İddiaçı istifadəsinə ayrılmış Buzovna qəsəbəsində yerləşən iddia etdiyi torpaq sahəsinin konfiqurasiyası koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun olub-olmamasının və sahə fərqinin olub-olmaması, sovxozun ayrıc aktı daxilində yerləşib-yerləşməməsi müəyyən edilməsi sualı mütəxəssis qarşısında qoyulmuşdur. Mütəxəssis rəyindən qeyd edilmişdir ki, Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun 28 saylı 21 may 2003-cü il tarixli əmrinə əsasən İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşir, ARDNŞ-nin adına verilmiş **********994 nömrəli kadastr planının baza məlumatları ilə üst-üstə düşür. (Kadastr planı daimi istifadə hüququna dair verilmişdir.)
8. Məhkəmənin 2-1(112)-11402/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertin qarşısında suallar qoyulmuşdur: 1.1. İşdə olan sənədlərə əsasən İddiaçı istifadəsinə ayrılmış Buzovna qəsəbəsində yerləşən iddia etdiyi torpaq sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olub-olmaması müəyyən edilsin 1.2. İşdə olan sənədlərə əsasən İddiaçı istifadəsinə ayrılmış Buzovna qəsəbəsində yerləşən iddia etdiyi torpaq sahəsinin X3 Sovxozuna aid olan ayrıc aktından kənarda yerləşib-yerləşməməsi müəyyən edilsin. 1.3. İşdə olan sənədlərə əsasən İddiaçı istifadəsinə ayrılmış Buzovna qəsəbəsində yerləşən iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərində, neft kəmərlərinin, istismarda olan neft quyusunun mühafizə zonasında yerləşib-yerləşməməsi müəyyən edilsin.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7508 №-li ekspert rəyinə əsasən tədqiqatın nəticəsi: Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı 21 may 2003-cü il tarixli əmrinə əsasən İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşir, ARDNŞ-nin adına verilmiş **********0994 nömrəli kadastr planının baza məlumatları ilə üst-üstə düşür.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
23. Məhkəmənin qeyd edir ki, iddiaçıya Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılsa belə, iş üzrə cəlb edilmiş mütəxəssis rəyindən, həmçinin ekspert rəyindən müəyyən edilir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 28 saylı 21 may 2003-cü il tarixli əmri ilə İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşməklə ARDNŞ-nin adına verilmiş kadastr planının baza məlumatları ilə üst-üstə düşür.
24. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi" barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanında qeyd olunmuşdur: Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır.
27. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa əsasən neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir.
28. Məhkəmə qeyd edir ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır.
29. Odur ki, həmin ərazidə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (borunun istismarına lazımi şərait yaradılması).
30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva