Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15163/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə inzibati işə 23 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladlarının- X6 (doğum haqqında şəhadətnamədə Eminovna, doğum tarixi xx.xx.2020-ci il) və X2 (doğum haqqında şəhadətnamədə Eminovna, doğum tarixi xx.xx.2022-ci il) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi iddiaçıların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X10 ilə Bakı şəhərində ailə həyatı qurmuşlar. Nikahları xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladı var. xx.xx.2020-ci il tarixdə X6 (doğum haqqında şəhadətnamədə Eminovna) və xx.xx.2022-ci ildə X7 (doğum haqqında şəhadətnamədə Eminovna) anadan olmuşlar. İddiaçı hesab edir ki, övladları azərbaycanlıdırlar və Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı Cəfərova X1 Əminə Emin qızının (Eminovnanın) və X2 (Eminovnanın) qanuni nümayəndəsi kimi xx.xx.2025-ci il tarixdə Xidmətə müraciət edərək onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2025-ci tarixli 10062026 və 10062059 nömrəli qərarlar qəbul edilmişdir. Hesab edilir ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxslər Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, X6 (Eminovna) və X7 (Eminovna) DMX-nin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşları olmuşlar və heç bir halda vətəndaşsızlıq halında olmamışlardır. Bu səbəbdən şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Qeyd edilir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18- ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunur ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmənin əsaslandığı sübutlar: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli, 10062026 nömrəli qərarından görünür ki, 02 avqust 2020-ci il təvəllüdlü X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. -Cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli, 10062059 nömrəli qərarından görünür ki, 26 avqust 2022-ci il təvəllüdlü X5 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. -574731 saylı, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətinin Novorossiysk şəhərində doğulmuşdur, atası X10 (Rusiya vətəndaşı), anası İddiaçıdır (Azərbaycan Respublikası vətəndaşı). -798327 saylı, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətinin Novorossiysk şəhərində doğulmuşdur, atası X10 (Rusiya vətəndaşı), anası İddiaçıdır (Azərbaycan Respublikası vətəndaşı). -Rusiya Federasiyasının vətəndaşının 66 ******* nömrəli pasportunun surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X8 Rusiya Federasiyasının vətəndaşıdır. -Rusiya Federasiyasının vətəndaşının 66 ******* nömrəli pasportunun surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X9 Rusiya Federasiyasının vətəndaşıdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının müraciəti üzrə qəbul edilmiş inzibati aktlardan məlum olur ki, iddiaçının məqsədi və hüquqi marağı azyaşlı övladlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın 574731 saylı, xx.xx.2020-ci il tarixli və 798327 saylı, xx.xx.2022-ci il tarixli hər iki qərarı belə əsaslandırılmışdır ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın: -1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. -1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. -4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının azyaşlı övladlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Hazırkı işin hallarından görünür ki, X8 xx.xx.2020-ci ildə, X9 isə xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Rusiya vətəndaşlığını könüllü əldə etmiş, cavabdeh DMX-nin araşdırmasına qədər həmin dövlətin vətəndaşı olmuşlar (vətəndaşıdırlar), beləliklə heç bir halda vətəndaşsızlıq halında olmamışlar. Habelə, iş materiallarında olan, cavabdeh AR Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, onlar Rusiya Federasiyasının vətəndaşı kimi, müxtəlif tarixlərdə Azərbaycan Respublikasının ərazisinə giriş-çıxışlar etmişlər. Belə olan halda, iddiaçının övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Çünki sadalanan qanunvericilik normalarının tələbi baxımından, Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmələri onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd edir ki, X8 və X5 Rusiya Federasiyasında doğulması faktı onların məhz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməli olmaları anlamına gəlmir. Başqa sözlə, iddiaçının övladları Rusiya Federasiyasının vətəndaşlığını məcburi deyil, könüllü şəkildə qəbul etdiklərindən iddiaçı tələbində haqlı sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-296/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında analoji hüquqi mövqe ifadə edilmişdir. İşə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası işin hallarına göstərilən normaların işığında münasibət bildirərək qeyd edir ki, iddiaçı 15 fevral 1991-ci ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolska küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı hər hansı müraciəti olmamış, digər dövlətin vətəndaşlığını könüllü əldə etməklə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Başqa sözlə iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri, o cümlədən kassasiya instansiya məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçıların Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas olmuşdur.” Həmçinin AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1235/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102) 2558/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-373/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarında da eyni hüquqi mövqe sərgilənmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının övladlarının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi onları “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) göstərilən əsaslarla Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-15163/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15163/2025
23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver