Məhkəmə qərarları › İş №2-1(112)-15165/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15165/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15165/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri,Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, ev 44c, mənzil 218 (Yeni qaydalarla: AZ1102,Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, giriş 106, M7, m3 ünvanında yerləşən yaşayış sahəsindən X4 və onun oğlu X2 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 5 Yeni qaydalarla: AZİ 102 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzilinin yerləşdiyi kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Və onunla "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixli Müqavilə bağlanmış, 218 saylı mənzilin dəyəri tərəfindən tam ödənilmiş, bu barədə ona maliyyə arayışı verilmişdir. Binada müəyyən səbəblərdən hələ ki, çıxarışlar verilmir, lakin uzun müddətdir ki, o və ailə üzvləri həmin mənzildə yaşayırlar. Mənzilində qeydiyyatda olan X7 onun iş yoldaşı olmuş, onun övladının məktəb qeydiyyatı üçün xahişi əsasında özü və oğlu X6 mənzilinə qeydiyyata düşmüşlər. Onların mənzilində qeydiyyatı tamamilə formal xarekter daşıyır, heç vaxt mənzilində yaşamamışlar. Beləliklə, üçüncü şəxslərlə heç bir əlaqəsi olmadığına, evində yaşamadığına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Onların mənzilindən qeydiyyatdan çıxarılması ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin imtina məktubunda həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edə bildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15165/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X7, X6 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -"xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli Arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. İddiaçı bu binanın D girişi, Vİİ mərtəbə, 218 saylı mənzildə qeydiyyatlı yaşayır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixloi ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışdan görünür ki, ünvan 4 ünvanında X6, X3, X7, X1, İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. -"xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C ünvanında yerləşən kooperativ yaşayış binası Tac-Mahal MTK-na məxsusdur. Bu binanın blok D, mərtəbə Vİİİ, ümumi sahəsi 140.3 kv.m, olan 3 otaqlı, 218 saylı mənzilin pay dəyərindən 31.737 manat məbləğində payçı İddiaçı tərəfindən ödənilmişdir. -"xxxx" Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli8 Müqaviləyə əsasən Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C ünvanında yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 218 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtını ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 140.473 kv.m,mənzilin bloku,mərtəbəsi: D bloku, Vİİİ mərtəbə. Göstərilən mənzilin ümumi dəyəri 31.737 dollar şərti vahidi məbləğində müəyyən olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.32025-ci il tarixli 18/2-25929 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C, mənzil 218(Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1069, M7,m3) ünvanında yerləşən ümumi sahəsi 129.90 kv.m olan **********91-05301-093199 reyestr nömrəli mənzil xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2022-ci il tarixli Ərizəsində İddiaçı bildirmişdir ki, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C, mənzil 218 (Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1069, M7,m3) ünvanına X4 daimi qeydiyyata düşməsinə etiraz etmir. -xx.xx.2022-ci il tarixli Ərizəsində İddiaçı bildirmişdir ki, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C, mənzil 218 (Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1069, M7,m3) ünvanına X2 daimi qeydiyyata düşməsinə etiraz etmir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-+30/2-45471/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 44C, 218 saylı mənzilə dair X4, X2 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-13-51/2-11-38427/25 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin (şəxslərin) Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məh. ev44C, mənzil 218 Yeni qaydalarla: Nəsimi rayonu, Tbilisi prospekti giriş 106, M7,mənzil 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğunuz ünvanda qeydiyyatda olan şəxs(lər)in qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməniz tövsiyyə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırki işdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C, mənzil 218 (Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 106, M7, m3) ünvanında yerləşən mənzil İddiaçı 2022-ci il tarixdən mülkiyyətindədir. Belə ki, sözügedən mənzili İddiaçı Əloəsgər oğlu xx.xx.2018-ci il tarixli Müqavilə əsasında "xxxx" Koperativindən almışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər X6 və X7 iddiaçının ailə üzvü deyillər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda da həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C, mənzil 218 (Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 106, M7, m3) ünvanına dair istifadə hüquqları qeydiyyata alınmamışdır. Üçüncü şəxslər X7 və X8 həmin ünvana mülkiyyətçi İddiaçı bilavasitə razılığı ilə 2022-ci ildən qeydiyyata alınmışlar. Təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdən üçüncü şəxslərin həmin mənzilə dair hər hansı əmlak hüququnun olduğu müəyyən olunmur. Eyni zamanda iş üzrə üçüncü şəxslərin həmin ünvanda faktiki yaşadıqları barədə sübut təqdim edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, üçüncü şəxs iddiaçı ilə faktiki olaraq birgə yaşamayan, ailə üzvü hesab edilməyən, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olmaqla bilavasitə iddiaçının razılığı ilə həmin ünvana qeydiyyata düşmüş olduqlarından mənzilin mülkiyyətçisi öz razılıqları əsasında qeydiyyata alınmış üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin isə imtinası əsassız olmaqla iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.1978-ci il təvəllüdlü X4 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C, mənzil 218 (Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 106, M7, m3) ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X4 və X2 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 məhəlləsi, ev 44C, mənzil 218 (Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 106, M7, m3) ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar