Məhkəmə qərarları › İş №2-1(112)-15166/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15166/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15166/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanına pasport qeydiyyatına alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı (əri) X6 İ dərəcəli gözdən əlil idi (ölüm haqqında şəhadətnamə əlavə edilir). Ona Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ƏƏSMN-nin xx.xx.2016-cə il tarixli 1 1/34 saylı əmri ilə ünvan 2 ünvanında 3 (üç) otaqlı mənzil verilmişdir. Sözügedən mənzil əri T.Qocayevin müvafiq olaraq yaşayış yeri üzrə uzun illər mənzil növbəsində olduğu üçün verilmişdi. Mənzil verilərkən ailə tərkibi əsasında iddiaçı və övladları nəzərə alınmışdır. Bu baxımdan mənzil verilərkən ərinin ailə tərkibində müvafiq sərəncamla mənzil növbəsində olduğu üçün mənzil verilərkən iddiaçı da nəzərə alınaraq üç otaqlı mənzil verilmişdir. On ildir ki sözügedən mənzildə yaşayır. Bu haqda müvafiq sənədi ərizəsinə əlavə edir. On ilə yaxındır ki, ailəsi ilə burada yaşamağına baxmayaraq iddiaçını bu ünvana pasport qeydiyyatına salmırlar. Halbuki, binada yaşayan hər bir şəxs müvafiq məhkəmə qaydasında mənzillərinə pasport qeydiyyatına alınıb. İddiaçı dəfələrlə aidiyyəti üzrə pasport qeydiyyatı üçün cavabdehə yazılı və şifahi müraciət etmişdir. Lakin bu günə qədər heç bir müraciəti təmin edilməmişdir. Belə ki, bunun üçün müraciətləri Nərimanov rayon Polis İdarəsi tərəfindən rədd edilir. Son olaraq xx.xx.2025-ci il tarixdə müraciəti Nərimanov RPİ tərəfindən məktub ilə rədd edilmişdir (cavab məktubu iddia ərizəsinə əlavə edilir). Məktuba cavab olaraq ondan pasport qeydiyyatına alınmağı üçün çıxarış, kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi kimi sənədlərin təqdim edilməsi gərəkdiyi bildirilmişdi. Yaşayış sahəsi ona ƏƏSMN tərəfindən verilib və yuxarıda göstərilən qanunun 5-ci maddəsinin 2-ci bəndində yaşayış sahəsinə qeydiyyata alınması üçün aşağıdakılardan birinin olması qeyd olunur: yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunda yaşayış yerinə pasport qeydiyyatın alınması üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd nəzərdə tutulur. Sözügedən sənəd isə ƏƏSMN tərəfindən mənzilin verilməsinə dair sənəddir. Əgər sənəddə yalnız ərinin adı varsa bu o demək deyil ki, onun ailə üzvləri qeydiyyata düşməməlidir. Yuxarıda da qeyd etdiyi kimi mənzil verilərkən ərinin ailə tərkibi nəzərə alınıb və bununla ona bir deyil üç otaq verilib.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlisiniz. Əks təqdirdə qeydiyyata alınma tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir.”

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərdən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evindən mənzil verilmişdir: X6 – İ qrup əlil – 4 nəfər ailə tərkibi - mərtəbə 11, mənzil 129.

5. AZ-İİ 089067 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 08 dekbar 2015-ci il tarixli 11/7-281 nömrəli əmrinə əsasən yaradılmış Komissiyanın 27 yanvar 2016-cı il tarixli yekun protokolu ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanan gözdən əlil şəxslərdən ilk 119 nəfərindən 95 nəfəri nazirliyin sifarişi ilə inşa edilən 12 mərtəbəli 132 mənzili yaşayış binasındakı mənzillərlə təmin edilsin. Həmin şəxslərdən 3 nəfərinin Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin balansına təhvil veriləcəkləri mənzillər Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbərliyi tərəfindən mənzil şəraiti acınacaqlı olan, lakin növbəsi çatmayan şəxslərin istifadəsinə verilsin: X6 - X.X.Xoyski 123 ünvanda yerləşən yataqxanada qeydiyyatdadır. Özü həyat yoldaşı, anası, oğlu və qızının adlarına əmlak yoxdur.

7. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 10 avqust 2025-ci il tarixli 08/099 nömrəli məktubunda qeyd olunur ki, ünvan 3 ünvanlı mənzil Cəmiyyət üzvü İ dərəcəli gözdən əlil X4 ailə tərkibinə əsasən verilmişdir. Mənzil Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ƏƏSMN-nin xx.xx.2016-cı il tarixli 11/34 saylı əmri əsasında Bakı şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirtakı ilə keçirilən Mənzil Komissiyasının qərarı ilə verilmişdir. AzGƏC-in rəhbərliyi X3 ailə tərkibi olan (arvadı) X1 ünvana pasport qeydiyyatına alınmasına etiraz etmir və məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məktuba yuxarıda göstərilən əmrdən X4 aid olan hissə çıxarış şəklində əlavə edilir.

8. Məhkəmənin sorğusuna əsasən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir

9. Cavabdeh Nərimanov rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025ci il tarixli iddiaya dair yazılı münasibət məktubunda bildirilmişdir ki, İddiaçı qeydiyyata alınması barədə müraciəti Nərimanov RPİ-nə daxil olmuşdur. Tərəfimizdən məktubla ərizəçilərə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etmək tələb olunur. Əks təqdirdə qeydiyyata alınma tərəfimizdən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələrini məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iştirakı olmadan məhkəmə iclasının keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

15. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

16. İddia mümkündür. Belə ki, iddiaçılar iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdurlar.

III. Məhkəmənin mövqeyi

17. Cavabdeh qurumun imtinası iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı ünvan 5 ünvanındakı 129 saylı mənzildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7- 34 nömrəli əmrinə əsasən faktiki olaraq yaşayır. Sözügedən mənzil Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin balansındadır.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış şayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı qeyd edilən mənzildə yaşayır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188 ünvanında 3 otaqdan ibarət sahəsi 116.99 kv.m olan 129 saylı mənzil daimi yaşayış üçün İ dərəcə gözdən əlil X4 4 nəfərdən ibarət ailə tərkibi ilə ayrılmışdır, bu barədə Nazirlik tərəfindən yaradılmış Komissiyanın 27 yanvar 2016-cı il tarixli yekun protokolu qəbul olunmuşdur. Həmin sənədlərdən görünür ki, iddiaçının mərhum əri X6 08.01.988-ci il tarixdən mənzil növbəsinə dayanan və gözdən əlil şəxs olduğundan Nazilriyin sifarişi ilə inşa edilən və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin balansına təhvil verilən mənzillə ailə tərkibi ilə yaşanaq daimi yaşamaq üçün təmin olunmuşdur. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, hazırda həmin mənzildə faktiki olaraq iddiaçı yaşayır. Eyni zamanda məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilən əmr və protokolun əsillərinə məhkəmə tərəfindən baxış keçirilmişdir.

23. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeydiyyata alınmağı istədiyi ünvan 1 ünvanındakı yaşayış binası Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin balansındadır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188 ünvanında yerləşən 129 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasına razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin mənzillə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.

24. Beləliklə, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.

25. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

27. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188, 129 saylı mənzilə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar