Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1517/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və X7) «çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Üçüncü şəxslər X2 və X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və X7) «çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının adına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ sahəsində yerləşən 838B saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanımaqla torpaq sahəsinə çıxarış verilməsi vəzifəsini Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ sahəsində yerləşən 838B saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət Reyesterində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə 27.04. 2023-ci il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmiş həmin bildirişdə göstərilmişdir ki, orderdə yazılan məlumatlar aydın və oxunaqlı vəziyyətdə deyil, həmçinin idarənin arxivində orderin əsli aşkar olunmamışdır, bundan başqa torpaq sahəsinin bir hissəsi digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin nömrəsi, bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. İddiaçı bildirmidir ki, imtinada göstərilən hallar onun günahından olmamışdır və cavabdeh tərəfin bu uyğunsuzluğu aradan qaldıra bilər. Belə ki, iddiaçının həmin torpağa görə orderi vardır. İddiaçı bildirir ki, Bakı şəhər icra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən verilmiş arxiv arayışında göstərilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 663 saylı sərəncamından çıxarış; Aşağısdakı şəxslərə bağ-tikinti kooperativlrinin tərkibində bağ sahəsi ayrılsın; İddiaçı. Pirşağı ВТК №218 BAĞ № 838B. Bütün bu sənədlərin mövcud olması Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənə imtina edilərək mənzilə dair çıxarışın verilməməsi vətəndaş kimi hüquqlarımın pozulması deməkdir. İddiaçı lazimi sənədləri də təqdim etdiyini qeyd etmişdir. Buna baxmayaraq ona əsassız imtina olunmuşdur.Ona görə də iddiaçı məcbur olub, hüqüqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Bakı İnziabati Məhkəməsinin 2-1(112)-11403/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə X2 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak eymədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş orderdə əks olunan məlumatlar aydın və oxunaqlı vəziyyətdə deyil, həmçinin idarənin arxivində orderin nüsxəsi aşkar edilməmişdir. Bundan başqa göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin (X2 və X7) xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 və 806 saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahələri ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd edilmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, tərəfinizdən təqdim edilmiş orderdə əks olunan məlumatlar aydın və oxunaqlı vəziyyətdə deyil, həmçinin idarənin arxivində orderin nüsxəsi aşkar edilməmişdir, bundan başqa göstərilən torpaq sahəsinin bir hissəsi digər şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin arxiv fondu üzrə 1994-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1994-cü il tarixli 663 saylı qərar Dövlət Arxivinin Bakı filalına təhvil verilməmişdir. - Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz məktubu. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli vəsatətində qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 11403/2023 saylı inzibati iş üzrə X3 (fin : 5KXYY57) və X4 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edəsiniz. -Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 838b saylı bağ sahəsinə dair sənədlər İdarənin axivində aşkar edilməmişdir. - xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 806 saylı bağ sahəsi X4 xüsusi mülkiyyətindədir. - xx.xx.2021-ci il qeydiyyat tarixli **********68 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 X1 xüsusi mülkiyyətindədir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əsassız olması ilə bağlı qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 22. 2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasinin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Belə ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddələrinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ sahəsində yerləşən 838B saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaqla torpaq sahəsinə çıxarışın verilməsini tələb edir. İddiaçının istinad etdiyi maddi hüquq normalarının tələblərinə görə 2007-ci il mayın 22-dək icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv-yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, vətəndaşın məhkəməyə təqdim etdiyi order oxunmur və orderdə rekvizitlər müəyyən olunmur. Belə ki, işə əlavə olunmuş və iddianın əsasını təşkil edən orderdə iddiaçının ad və soyadı, ata adı oxunmamaqla yanaşı, hansı ərazidə yerləşməsi, hansı ölçüdə olmasına dair məlumatlar aydın şəkildə öz əksini tapmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, məhkəməyə təqdim edilən orderin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyənləşdirmək mümkün deyil (oxunaqlı olmadığı üçün). İşin hallarından və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi və həmin orderin verilməsinə əsas olmuş sənədlər arxivdə aşkar olunmamışdır. Məhkəmənin sorğusu əsasında, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin arxiv fondu üzrə 1994-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1994-cü il tarixli 663 saylı qərar Dövlət Arxivinin Bakı filalına təhvil verilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi bağ sahəsinə (838b) dair sənədər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 806 saylı bağ sahəsi X4 adına qeydiyyata alınmış və ona bu barədə xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Təqdim edilən digər sənəddən görünür ki, Bakı şəhəri, ünvan 1 isə xx.xx.2021-ci il qeydiyyat tarixli **********68 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X1 adına qeydiyyata alınmışdır. Həmçinin məhkəmə, 36/434 nömrəli, xx.xx.2013-cü il tarixli Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya üvanlanmış məktubda ona Pirşağı 218 nömrəli BTK, 838b nömrəli bağ sahəsinin ayrıldığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin orderin arxiv nüsxəsi olsa belə, qeyd edilən torpaq sahəsinin yerləşmə yerini müəyyən edən sənədlər mövcud deyil. Həmçinin, iddiaçı torpaq sahəsinin dəqiq yerini bilməməklə yanaşı göstərdiyi torpaq sahəsinə dair digər şəxslərin mülkiyyət hüquqları qeydə alınmış və iddiaçı tərəfindən göstərilən torpaq sahəsi iddiaçının faktiki sahibliyində də deyildir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair digər şəxslərin mülkiyyət hüququ qeydə alındığından və eyni torpaq sahəsinə dair təkrar qeydiyyatın aparılması yolverilməz olduğundan, torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alnmış şəxslərin həmin hüququları ləğv edilmədiyindən və torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmadığından hazırki iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi digər vətəndaşların artıq mülkiyyətlərində olan torpaq sahələri ilə üst- üstə düşür. Yəni digər şəxslərin həmin torpaq sahəsinə dair (və ya onun bir hissəsinə) mülkiyyət hüquqları artıq qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, eyni torpaq sahəsinə təkrarən müxtəlif şəxslərin hüquqları dövlət qeydiyyatına alına bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prossesual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prossesual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prossesual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ sahəsində yerləşən 838B saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanımaqla torpaq sahəsinə dair çıxarış verilməsi vəzifəsini Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev