Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15175/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidmətə bərpa edilmə və digər tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsi, xidmət müddətinə müvafiq olaraq tabor komandiri vəzifəsinə təyin olunması, həmin vəzifəyə uyğun olaraq mayor hərbi rütbəsinin verilməsi, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinin "v" bəndinə əsasən xəstəliyə görə mayor rütbəsində tabor komandiri vəzifəsindən həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmasının Müdafiə Nazirinin əmri ilə rəsmiləşdirilməsi, əsas kimi 21 iyul 2006-cı il tarixli, № 863 saylı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi “Xəstəlik haqqında” şəhadətnamənin qəbul edilməsi və hərbi travma nəticəsində xəstəlik əsası ilə tərxis edilmiş zabit kimi ona hərbi rütbəsinə və tutduğu vəzifəyə müvafiq pensiya və sosial müavinətlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən xahiş etmişdir: 1994- 1995-ci illərdə onun barəsində verilmiş aşağıdakı əmrlərin hazırda dövlət sirri olubolmaması barədə məlumat verilməsini, xx.xx.1994 tarixli, AR Müdafiə Nazirinin 515 №-li əmri, xx.xx.1995 tarixli, AR Müdafiə Nazirinin 043 №-li əmri, xx.xx.1995 tarixli, AR Müdafiə Nazirinin 0935 (və ya 0955) №-li əmri, əgər bu əmrlər hazırda dövlət sirri statusundadırsa, onların bu statusda saxlanması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin əsaslandırılmış fərman və ya qərarının surətinin təqdim edilməsini, belə qərar yoxdursa, sənədlərin artıq dövlət sirri statusunu itirdiyinin hüquqi baxımdan tanınmasını, əgər bu sənədlər artıq dövlət sirri hesab edilmirsə, əmrlərin və onlara əsas olan sənədlərin (raportlar, izahatlar, intizam aktları və s.) iddiaçıya aid hissələrinin surətinin təqdim olunmasını. Lakin cavabdeh sorğunu lazımi qaydada cavablandırmamışdır. İddiaçının xidmət hüquqları bərpa edilməmiş, nəticədə isə o, aldığı hərbi travmaya görə pensiya və müavinətlardan məhrum edilmişdir. İddiaçının hərbi xidmət fəaliyyəti ilə bağlı təqdim olunan cavablardan və mövcud sənədlərdən görünür ki, iddiaçı xx.xx.1995-ci ildə, N №-li hərbi hissədən vəzifəsindən azad edilərək bütün təminat növlərindən çıxarılmışdır. Buna baxmayaraq, xx.xx.1994-cü il tarixli, 171 №-li əmrlə guya N №-li hərbi hissənin şəxsi heyətinə daxil edilməsi göstərilmişdir. Halbuki belə bir hərbi hissə yalnız kağız üzərində mövcud olmuşdur. İddiaçı heç vaxt N №-li hərbi hissədə xidmət etməmişdir. Bu səbəbdən də xx.xx.1995-ci il tarixli, 043 №-li əmrin ona elan olunması faktiki olaraq mümkün olmamışdır. Həmçinin, həmin əmrdə iddiaçıya qarşı eyni hərəkət üzrə iki dəfə intizam tənbehi tətbiq edilmişdir ki, bu da o dövrdə qüvvədə olan SSRİ Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin müvafiq maddəsinə ziddir. Beləliklə, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hərbi qulluqçu kimi hüquqları pozulmuş, əmr qanunsuz əsaslara söykənmiş, iddiaçının xidmət hüquqları bərpa edilməmiş, nəticədə isə o, aldığı hərbi travmaya görə pensiya və müavinətlərdən məhrum edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 757/2021 №-li qərardadı ilə iddiaçının tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-384/2022 №-li qərardadı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (102)-1101/2022 №-li qərarları ilə iddiaçının şikayətləri təmin edilməmişdir, birinci instansiyası məhkəməsinin qərardadı qanuni qüvvəsini almışdır. Təkrarən, İddiaçı eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-13686/2022 №-li qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (103)-1394/2023 №-li qərardadı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (102)-1602/2023 №-li qərarları ilə iddiaçının şikayətləri təmin edilməmişdir, birinci instansiyası məhkəməsinin qərardadı qanuni qüvvəsini almışdır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxılmış və məhkəmə aktı qəbul olunmuşdur. Buna görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmçinin həmin qərarda göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4.). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5.). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6.). Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsi, xidmət müddətinə müvafiq olaraq tabor komandiri vəzifəsinə təyin olunması, həmin vəzifəyə uyğun olaraq mayor hərbi rütbəsinin verilməsi, Azərbaycan Respublikasının "Hərbi xidmət haqqında" Qanununun 18-ci maddəsinin "v" bəndinə əsasən xəstəliyə görə mayor rütbəsində tabor komandiri vəzifəsindən həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağısının Müdafiə Nazirinin əmri ilə rəsmiləşdirilməsi, əsas kimi 21 iyul 2006-cı il tarixli, № 863 saylı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi "Xəstəlik haqqında" şəhadətnamənin qəbul edilməsi və hərbi travma nəticəsində xəstəlik əsası ilə tərxis edilmiş zabit kimi ona hərbi rütbəsinə və tutduğu vəzifəyə müvafiq pensiya və sosial müavinətlərin ödənilməsi xahiş edir. İş materiallarından görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin (hakim P.Hüseynov) 2-1(112)- 757/2021 saylı xx.xx.2021-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 384/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 saylı xx.xx.2021-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2-1(102)- 1101/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-384/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı yenə eyni tələblə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanaraq qanuni qüvvəsini almışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi iddiaçının hazırkı tələbinə dair artıq işə baxılaraq yekun məhkəmə aktı qəbul edilmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Buna baxmayaraq iddiaçı yenidən eyni cavabdehə qarşı eyni tələblə və eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Hazırda işə baxılması üçün yeni əsaslar müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının hazırda qaldırdığı iddia tələbi hər hansı hüquqi nəticə yaratmır, qeyri-müəyyən və mücərrəd xarakter daşıyır. Odur ki, yuxarıda qeyd edilən məsələlər işə mahiyyəti üzrə baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidmətə bərpa edilmə və digər tələbləri barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-15175/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15175/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver