Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15177/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə 15 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək Bakı Politexnik Texnikumunda əyani təhsil almışdır (4 il, 6 ay, 25 gün). Əyani təhsil aldığı müddətdə xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Təhsil aldığı dövrdə xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər SSR Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı X1 4 №li Partiyasına istehsalat təcrübəsi keçmək məqsədi ilə çöl işlərinə 3-cü dərəcəli ölçən vəzifəsinə qəbul edilmişdir. Təhsili başa vurduqdan sonra, yəni xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər həmin müəssisədə texnik-topoqraf, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər Bakı Aerogeodeziya müəssisəsində mühəndis-mexanik, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər həmin müəssisədə mühəndis-mexanik vəzifəsində işləmişdir (5 il, 10 ay, 27 gün). İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (6 il, 6 ay, 2 gün). Həqiqi hərbi xidmətdən sonra xx.xx.1999-cı ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda mühəndis (topoqraf) vəifəsində işləmişdir (15 il, 11 ay, 5 gün). İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd edilən məlumatlara əsasən sizin güzəştli iş stajınız yoxdur. Əlavə olaraq "xxxx" MMC-nin və “Ekologiya X2 Nazirliyi Geodeziya və Kartoqrafiya Agentliyi” tərəfindən sizə dair verilmiş arayışlarda da işlədiyiniz sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməyib. İddia tələbi, iddiaçının əsaslandırması və cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, çöl işlərində çalışan şəxslərin pensiya hüququ qazanması üçün məhz taktiki çöl işlərini həyata keçirdikləri günlərə uyğun əmək stajı hesablanması şərti heç bir qanunvericilik aktında mövcud deyildir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh sonuncu dəfə iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun güzəştli stajının olmaması əsası ilə müraciətini təmin etməkdən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1963-cü ildə doğulmuş, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. İddiaçının hərbi xidmət dövrü və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər SSR Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsində texnik-topoqraf, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər Bakı Aerogeodeziya müəssisəsində mühəndismexanik, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər həmin müəssisədə mühəndis-mexanik vəzifəsində işləmişdir (5 il, 10 ay, 27 gün). Həmçinin xx.xx.1999-cu ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda mühəndis (topoqraf) vəifəsində işləmişdir (15 il, 11 ay, 5 gün). Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasi Ekologiya X2 Nazirliyinin Geodeziya Və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli arxiv arayışında iddiaçının göstərilən müəssilərdə işləməsi öz təsdiqini tapmışdır. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının 1999-2015-ci illərdə ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda mühəndis (topoqraf) vəzifəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1.3-cü yarımbəndində (Geologiya kəşfiyyat işləri (yerüstü)), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin son abzasında, Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər güzəştli siyahıda təsbit edilmişdir. Göründüyü kimi iddiaçının həmin işlərdə işləməsi onun əmək kitabçasına və arxiv arayışlarına əsasən müəyyən edilir. Qeyd edilən işlərin güzəştli olması isə, Nazirlər Kabinetinin qərarlarında təsbit edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-15177/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15177/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver