Məhkəmə qərarları › İş №2-1(112)-1518/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1518/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1518/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 3 saylı Şəhər Xəstəxanasının həkim-travmatoloqu işlədiyi zaman 1992-ci ilin 24 fevral - 04 mart tarixlərində Şuşa şəhər xəstəxanasında döyüş təyinatlı məsələlər ilə əlaqədar müharibədə yaralanmış hərbiçilərə yardım göstərilməsi üçün Səhiyyə Nazirliyinin xx.xx.1992-ci il tarixli 15 nömrəli əmri ilə və 1992-ci il 02 - 09 noyabr tarixlərində Ağdərə rayonunun hərbi hospitalında, həmçinin döyüşlər zamanı yaralanan hərbiçilərə qaynar nöqtələrdə yardım göstərmək üçün ezam edilmişdir. Bu faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi A.Abdullayevin 16 saylı, xx.xx.2009-cu il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mehmandarov adına Şuşa rayon xəstəxanasından verilən 119 saylı, xx.xx.2020-cu il tarixli arayışları və digər sənədlər təsdiqləyir. Müharibə dövründə xidmətlərinə görə veteran adının verilməsi üçün o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Həmin Xidmətdən və Səbail rayon şöbəsi tərəfindən imtina məktubu verilmişdir. Hesab edir ki, imtina məktubu əsassız və ədalətsizdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə onun döyüş zonasında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması müəyyən edilmir. İddiaçı 1992-ci ilin 24 fevral - 04 mart tarixlərində Şuşa rayon mərkəzi xəstəxanasında və 1992-ci ilin 02 - 09 noyabr tarixlərində Ağdərə rayonunda yerləşən hərbi hospitalında yaralılara yardım göstərmək üçün ezam olduğunu bildirmişdir. İddiaçı ərizəsinə 1992-ci ilin 24 fevral - 04 mart tarixlərində Şuşa rayon mərkəzi xəstəxanasında və 1992-ci ilin 02 - 09 noyabr tarixlərində Ağdərə rayonunda yerləşən hərbi hospitalında yaralılara yardım göstərmək üçün ezam olunması barədə əmrlərdən çıxarışlar və arayışlar əlavə etmişdir. Halbuki həmin əmrlərdən çıxarışlardan və arayışlardan görünür ki, iddiaçının müharibə şəraitində olan rayonlarda ezam olunması xidməti vəzifələrinə uyğun olaraq tibbi yardım göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Həmçinin həmin əmrlərdən çıxarışlarda və arayışlarda iddiaçının həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, habelə onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat qeyd olunmamışdır. Qanunvericiliyə uyğun olaraq ezamiyyətdən qayıtdıqdan sonra da əmr (ezamiyyətdən qayıtmaq və ezamiyyətin ödənilməsi barədə) verilir, lakin iddia ərizəsinə əlavə olunmuş sənədlərdə iddiaçı tərəfindən həmin əmrlərdən çıxarışlar təqdim olunmamışdır. Cavabdeh tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. İddiaçı xidməti vəzifələrinə uyğun olaraq tibbi yardım göstərilməsi barədə natamam sənədlər təqdim etmiş, lakin özünümüdafiə dəstələrinin tərkibində döyüşməsi barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçının döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması təqdim etdiyi sübutlarla müəyyən edilmədiyi üçün, həmçinin özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin “X5’’ vəsiqəsi verilməsi ilə bağlı 23.07 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə etdiyiniz müraciətinizə cavab olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinin “Veteran adlarının və X4 Komissiyası"nın xx.xx.2019- cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Səbəb olaraq Sizin tərəfinizdən təqdim olunmuş sənədlərdə döyüş əməliyyatlarında iştirak etməyinizə dair təsdiqedicı hüquqi sənədlərin olmaması əsas göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinə daxıl olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, əvvəllər təqdim olunmuş sənədlərinizə xx.xx.2019-cu il tarixdə Xidmətin Aparatı nəzdındə fəaliyyət göstərən «Veteran adlarının və X4 komissiyası»nın iclasında baxılmış və döyus əməliyyatlarında iştirakınızı sübut edən əsasverici sənəd olmadığı uçun Sizə müharibə veteranı adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mumkun olmamışdır. Əlavə olaraq, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar Sizə Xidmətin Səbaıl rayon idarəsi tərəfindən xx.xx.2019-cu ıl tarixli 640 nömrəli məktubla cavab verilmişdir. Bu səbəbdən sənədləriniz ünvanınıza geri qaytarılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli xx xxxxxxxx 1995-cı ıl tarixli Qərarına əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 1998-ci il tanxlı 4 nömrəli əmri ilə "Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimata uyğun olaraq 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək doyuş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi uçun ezam olunmuş hərbi qulluqçulara arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı suöut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı və vəsiqəsi Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komıssıya"sının qərarı əsasında verilir. İddiaçının hərbi qulluqçu statusuna malik olmadığınızdan Sizə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi uçun Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin yerli idarə, şobə və bölmələrinə müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı Şəhər Klinik Xəstəxanası tərəfindən Respublika Hərbi Komissarı Ə.Hüseynova ünvanlanmış 16 saylı xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, 3 saylı xəstəxanasının həkim - travmatoloqu İddiaçı Sadıx oğlu 1992-ci ilin 24 fevral - 04 mart aylarında Şuşa şəhər xəstəxanasında müharibədə yaralılara yardım göstərmək üçün Səhiyyə Nazirliyinin xx.xx.1992 tarixli, 15 №-li əmri ilə və 1992-ci ilin 02 - 09 noyabr ayında Ağdərə rayonunda hərbi hospitalda yaralılara yardım göstərmək üçün ezamiyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Mehmandarov adına Şuşa Mərkəzi Rayon Xəstəxanasının 119 saylı xx.xx.2010-cu il tarixli arayışının surətindən görünür ki, Bakı şəhər 3 №li Kliniki xəstəxananın həkim travmatoloqu İddiaçı Sadıx oğlu həqiqətən xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixə kimi Şuşa Mərkəzi Rayon Xəstəxanasında xidməti ezamiyyətdə olmuşdur. Həmin müddətdə cəbhə xətti Şuşa Mərkəzi Rayon Xəstəxanasının ərazisindən keçdiyi səbəbdən həkim Mütuzayev N.S. yaralılara döyüş sahəsində birbaşa tibb yardım göstərməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim kimi iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini X7 rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 660 saylı məktubdan görünür ki, Şuşa şəhərinin işğalı zamanı arxiv materiallar Şuşada qalmışdır. İddiaçı verilmiş xx.xx.2010-cu il tarixli 119 №li arayış həqiqətən Şuşa RMX-nın poliklinikası tərəfindən verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi 3 nömrəli Şəhər Klinik Xəstəxanası publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1472 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1975-ci il tarixdən xx.xx.2016-cı ilə kimi xəstəxananın Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq vəzifəsində çalışmışdır. İddiaçı xəstəxananın baş həkiminin əmri ilə hərbi döyüşlərdə yaralılara yardım məqsədi ilə həkim travmatoloq kimi birinci dəfə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi və ikinci dəfə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi X8 Vilayətinə ezam edilmişdir. Həmin məktuba əlavə edilmiş 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 25 nömrəli xx xxxxxx 1992-ci il tarixli əmrindən görünür ki, xəstəxananın Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq İddiaçı yaralılara yardım məqsədi ilə xx.xx.1992ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi X8 Vilayətinə ezam edilmişdir (əsas Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1992-ci il tarixli 15 nömrəli əmri). Həmin məktuba əlavə edilmiş 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 134 nömrəli xx xxxxxx 1992-ci il tarixli əmrindən görünür ki, xəstəxananın Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq İddiaçı yaralılara yardım məqsədi ilə xx.xx.1992ci il tarixdən X8 Vilayətinə ezam edilmişdir (əsas İddiaçı ərizəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi 3 nömrəli Şəhər Klinik Xəstəxanası tərəfindən məhkəməyə təqdim edilmiş 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 25 nömrəli xx xxxxxx 1992-ci il tarixli əmrinə əsasən xəstəxananın Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq İddiaçı yaralılara yardım məqsədi ilə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi X8 Vilayətinə ezam edilmişdir (əsas Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1992-ci il tarixli 15 nömrəli əmri), həmçinin 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 134 nömrəli xx xxxxxx 1992-ci il tarixli əmrinə əsasən xəstəxananın Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq İddiaçı yaralılara yardım məqsədi ilə xx.xx.1992-ci il tarixdən X8 Vilayətinə ezam edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi 3 nömrəli Şəhər Klinik Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1472 saylı məktubda da iddiaçının həqiqətən hərbi döyüşlərdə yaralılara yardım məqsədi ilə həkim travmatoloq kimi birinci dəfə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi və ikinci dəfə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi X8 Vilayətinə ezam edilməsi təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Mehmandarov adına Şuşa Mərkəzi Rayon Xəstəxanasının 119 saylı xx.xx.2010-cu il tarixli arayışına əsasən iddiaçı - Bakı şəhər 3 №li Kliniki xəstəxananın həkim travmatoloqu həqiqətən xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixə kimi Şuşa Mərkəzi Rayon Xəstəxanasında xidməti ezamiyyətdə olmuşdur, həmin müddətdə cəbhə xətti Şuşa Mərkəzi Rayon Xəstəxanasının ərazisindən keçdiyi səbəbdən iddiaçı yaralılara döyüş sahəsində birbaşa tibb yardım göstərməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim kimi iştirak etmişdir. Göründüyü kimi, iddiaçı 3 nömrəli Bakı şəhər X1 və ortopediya şöbəsində həkim travmatoloq işləyərkən xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş bölgəsində yaralı hərbi qulluqçulara tibbi yardım göstərilməsi məqsədi ilə döyüş bölgəsinə ezam olunmuşdur və döyüşlərdə həkim kimi iştirak etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar