Məhkəmə qərarları › İş №2-1(112)-15186/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15186/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15186/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinin Bakı X5 Departamentinə qarşı “yeni müqavilə bağlamaqla sayğac quraşdırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra- İddiaçı) cavabdeh "xxxx" İstehsalat Birliyinin Bakı X5 Departamentinə (bundan sonra-Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onunla qaz təchizatı ilə bağlı yeni müqavilə bağlamaqla, adına sayğac quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı müstəqil təsərrüfat subyekti olmaqla, ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən 2017-ci ildə yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, AR Mülki Məcəlləsi, Mənzil Məcəlləsi və öz Nizamnaməsinə uyğun həyata keçirir. Mənzil kompleksinin idarəçiliyi 2017-ci ilə qədər bu kompleksin tikintisini həyata keçirməklə başa çatdıran "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Yeni Mənzil Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq, mənzil kompleksinin idarəçiliyi sakinlərin yaratdıqları Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kimi İddiaçı-ə verilmişdir. Lakin iddiaçı kompleksi "xxxx" MTK-nın hüquqi varisi kimi deyil, idarəçiliyi təşkil edəcək yeni qurum kimi qəbul etmişdir. O, "xxxx" MTK-nın üzərində olan, vaxtilə onun daşıdığı öhdəlik və vəzifələrə görə məsuliyyət daşımır. Cavabdeh yaşayış binası istifadəyə verildiyi vaxtdan sakinlərə qaz təchizatı ilə bağlı xidmət göstərmışdır. Yəni cavabdeh bir vaxtlar yaşayış kompleksinə qaz təchizatı ilə bağlı "xxxx" MTK-ya göstərdiyi xidməti, indi iddiaçıya göstərməkdə davam etdirir. Lakin dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq cavabdeh iddiaçı ilə qurduğu münasibətləri, məhz iddiaçı ilə müqavilə bağlamaqla rəsmiləşdirməkdən boyun qaçırır. İddiaçının adına sayğac quraşdırmaqdan yayınır. Belə ki, yaşayış kompleksinə 2017-ci ilə qədər xidmətlə bağlı rəhbərliyi həyata keçirən "xxxx" MTK-nın cavabdeh "xxxx" İstehsalat Birliyi Bakı X5 Departamentinə 37.923 manat borcu qalmışdır. Bu səbəbdən, "xxxx" İstehsalat Birliyi Bakı X5 Departamenti "xxxx" MTK-ya qarşı məhkəmədə iddia qaldırmış və onların iddia tələbləri təmin olunaraq icraya yönəldilmişdir. Lakin cavabdeh "xxxx" İstehsalat Birliyi Bakı X5 Departamenti "xxxx" MTK-nın onlar qarşısında olan öhdəliklərininin yerinə yetirilməsinə yönələn məhkəmə qərarının icrasına nail olmaq üçün, nədənsə iddiaçıdan istifadə etməyə çalışır, borcun ödənilməsi təmin edilməzsə, istənilən vaxt qaz verilməsini dayandıra biləcəyi ilə ona hədə-qorxu gəlir. Cavabdeh iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır, hüquqi ünvanı ünvan 2nür ki, iddiaçı "xxxx" İstehsalat Birliyinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 251A ünvanında yerləşən obyektin adının dəyişdirilməsi və müqavilə bağlanmasını xahiş etmiş, "xxxx" İstehsalat Birliyi xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 251A ünvanında yerləşən yaşayış binası "xxxx" istehsalat Birliyinin abonent bazası proqramında müvafiq sənədlər əsasında xx.xx.2006-cı il tarixində "TOPAZ” MTK adı ilə **********10000 №-li hesab kodunda qeydiyyata alınmışdır. Elster G-250 markalı 75035887 №-li sayğacın göstəricilərinə (mexaniki ******* m3, elektron ******* m3) uyğun olaraq sərf edilmiş qazın hesabatı aparılmış və xx.xx.2021-ci il tarixinə hesab kodunuzda 38657,60 manat borc mövcuddur. "Qazdan istifadə Qaydaları”nın 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. İddiaçıya istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsini təmin edilməsi və müqavilə bağlanması üçün "ASAN Kommunal" mərkəzlərinə müraciət edilməsi izah edilmişdir. Həmçinin cavabdehin iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən Topaz MTK-nın qeyd olunan dövr ərzində istifadə edilmiş təbii qaza görə debitor borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan"nın 5.5-ci bəndində əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qeyd olunanlar nəzərə alınaraq ünvan 5 ünvanında yerləşən Nəsimi-11 MMMC-nin Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmalıdır. Bununla əlaqədar olaraq Bakı ASAN kommunal xidmət mərkəzinə müraciət edilməsi tövsiyə olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda bu imtina ilə razılaşmayaraq cavabdehin onunla qaz təchizatı ilə bağlı yeni müqavilə bağlamasını və adına sayğacın quraşdırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən təbii inhisar subyekti - təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır: 1.2. Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri;. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: -istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. -istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. -satıcı - alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkardır. Beləliklə, müəyyən olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti olan qurum inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Qeyd edilməlidir ki, qazadan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar. Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Hazırkı iş üzrə iddiaçının tələbi onunla qaz təchizatı ilə bağlı yeni müqavilə bağlanmasıdır ki, burada cavabdeh qismində çıxış edən "xxxx" ASC qazın satışı sahəsində təbii inhisar subyekti olsa da, hazırkı tələb üzrə inzibati orqan statusunda çıxış etmir və ona qarşı yönəlmiş tələb inzibati hüquqla (publik hüquq) bağlı deyildir. Yuxarıda da qeyd edildiyi kimi qazın alqı-satqı müqaviləsi bilavasitə qazın istehlakını tənzimləyən müqavilə olmaqla mülki müstəvidə tərəflərin iradəsi ilə bağlanır, həmin müqavilənin bağlanması, eləcə də sayğac quraşdırılması kimi öhdəliklər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Başqa sözlə, istehlak münasibətlərindən irəli gələn, istehlakçının hüquqlarının qorunmasına yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. İş üzrə cavabdeh orqanla iddiaçı arasında hər hansı publik hüquq münasibətləri olmadığı üçün hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsi ilə bağlı hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və MXMT(102)-16/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarında da ifadə olunmuşdur. O da qeyd edilməlidir ki, iddiaçı daha əvvəl eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-13405/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə işə inzibati mühakimə icraatı qaydasında baxılmasının mümkünsüzlüyü ilə bağlı iddia mümkün sayılmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar