Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1519/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ölkə üzrə təyin edilmiş karantinlə əlaqədar 2020-ci ilin aprel, may, iyun və iyul-avqust ayları üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəmənin hesablanıb ona birdəfəlik ödənilməsini və adının həmin siyahıya salınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 2000-ci ilin aprel, may və iyun ayları üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəməni hesablayıb, ümumilikdə 570 (beş yüz yetimiş) manat birdəfəlik ödəmənin ona ödənilməsinə dair xx.xx.2020-ci il tarixdə rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh (Əliyeva adlı şəxs) xx.xx.2020-ci ildə onun müaricətini alsa da lakin bu günə kimi müraciətinə cavab verməmişdir. Bu da onun konstitsion hüquqlarının pozulmasına səbəb olmuşdur. Aşağıdakı əsaslara görə cavabdehin bu hərəkətsizliyi qanunsuz sayılmalı və onun haqlı iddiasının təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, o, 2020-ci ilin aprel ayında e-sosial.az saytında işsizliyə görə 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etmişdir. Ona sms gəlmişdir ki, 190 manat birdəfəlik ödəməni almaq üçün “xxxx” MMC-yə yaxınlaşın. “xxxx” MMC-yə yaxınlaşmışdır, lakin oradan bildirmişdirlər ki, ona təyin olunmuş birdəfəlik ödəmə nazirlik tərəfindən bloklanıb. Növbəti ayda isə bankdan kartı götürməyi barədə SMS gəlmişdir. O, kartı götürmüşdür, lakin yenə də birdəfəlik ödəmə onun kart hesabına nazirlik tərəfindən köçürülməmişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin bu günə kimi ona 190 manat birdəfəlik ödəmənin təyin edilməsi və yaxud imtina olunması barədə heç bir məlumat verilmədi. Halbuki aprel, may və iyun ayları üzrə birdəfəlik ödəmə prosesi yekunlaşmış, hətta iyul-avqust ayı üçün növbəti ödəmənin verilməsi həyata keçirilmişdir. Beləliklə, ehtiyacı olduğu halda ona əsassız olaraq bu yardım verilməmişdir. Halbuki o, bu birdəfəlik ödəmənin verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli qərarında nəzərdə tutulan meyarlara cavab verir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, MAS iddiaçıya ilkin mərhələdə birdəfəlik ödəmənin təyin edilməsi barədə qərar qəbul etmişdir. Bunun əsasında iddiaçıya birdəfəlik ödəmənin təyin edilməsi barədə SMS göndərilmişdir. Lakin digər mərhələlərdə ünvanlılığın təmin edilməsi məqsədilə təkrar süzgəcləmə zamanı iddiaçının istifadəsində (adına etibarnamə) nəqliyyat vasitəsi olduğu MAS tərəfindən aşkarlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.12-ci yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən birdəfəlik ödəməni ödənilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, iddiasına mahiyyəti üzrə baxıb təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Neftçala rayonunda doğulmuşdur. - İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış və sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi olaraq qəbul edilmiş ərizədən görünür ki, o, 2020-ci il aprel ayında e-sosial.az saytında işsizliyə görə 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etmişdir. Lakin bu günə kimi ona 190 manat birdəfəlik ödəmənin təyin edilməsi və yaxud imtina olunması barədə heç bir SMS gəlməmişdir. Halbuki aprel və may ayları üzrə birdəfəlik ödəmə prosesi yekunlaşmış, hətta iyun ayı üçün növbəti ödəmənin verilməsi həyata keçirilir. Bu barədə dəfələrlə onlayn və rəsmi ərizə ilə müraciətlər etmiş, lakin müraciətlərinə heç bir cavab verilməmişdir. O, bu birdəfəlik ödəmənin verilməsinə dair Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli qərarında nəzərdə tutulan meyarlara cavab verir. Bundan əlavə işsiz statusunun verilməsi qaydalarını tənzimləyən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsində nəzərdə tutulan məşğul şəxslərin hər hansı kateqoriyasına da aid deyildir. Yəni o bütün meyarlara cavab verir və ona birdəfəlik ödəmənin təyin edilməsi qanunvericiliyə müvafiqdir. Lakin bu barədə ona hər hansı cavab verilməmişdir. Bu da onun əsaslı olaraq narazılığına və təkrar ərizə ilə müraciət etməyinə səbəb olur. Qeyd edilənləri nəzərə alaraq ona 202-ci ilin aprel, may və iyun ayları üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəməni hesablayıb ümumilikdə 570 manat birdəfəlik ödəməni ona ödəməyi xahiş etmişdir. -Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portaldan çıxarışından görünür ki, İddiaçı işsiz kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********17 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 33/3989 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barəsində İAMAS bazasında xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2019 giriş-çıxışlar qeydə alınmışdır. - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 016108792-1220 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 01628421-1221 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı istifadəsində xx.xx.2020-xx.xx.2021-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında 90XD547 dövlət nömrəli, xx.xx.2017-xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə əsasında 99LN647 dövlət nömrəli, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında 07BX762 dövlət nömrəli və xx.xx.2019-xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə əsasında 99RJ049 dövlət nişanlı nəqliyyat vasitələri vardır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: - 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. - 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. - 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. - 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. - 2.3.12-ci bəndinə əsasən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara işsiz şəxslərə birdəfəlik ödəmə verilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı işsiz şəxs kimi qeydiyyatda olsa da etibarnamələr əsasında istifadəsində nəqliyyat vasitələri vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 2.3.12-cü bəndində göstərilən meyarlara cavab verən işsiz şəxs olduğundan ona cavabdeh inzibati orqan tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1519/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1519/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver