Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1519/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı birinci Qarabağ müharibəsi iştirakçısı olub və döyüşlərdə yaralanmışdır. Bu faktın təstiqlənməsi və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Halbuki, iddiaçının həqiqətən də birinci Qarabağ müharibəsi iştirakçısı olması və Ağdam rayon üzərində gedən döyüşlərdə yaralanmasına dair sübutlar var. Belə ki, hərbi biletdə göstərildiyi kimi, o xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci tarixinədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçib. Həmçinin, tibb müəssisəsinin çıxarışına əsasən iddiaçı həqiqətən də xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək yaralandığına görə xəstəxanada müalicə alıb. İddiaçının qardaşı X9 birinci Qarabağ müharibəsi zamanı vətən uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub. Bu fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi tərəfindən verilən arayışda əks olunub. Ağdam rayonunun Hacı Məmmədli kəndinin orta məktəbinə iddiaçının qardaşının adı verilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 2157 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının barəsində məlumat aşkar edilməmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, döyüş əməliyyatları aparılan dövrdə İddiaçı hərbi xidməti, döyüşlərdə iştirakı və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müharibə veteranı adı və vəsiqəsinin veriləsinə dair müraciətinə N nömrəli hərbi hissənin tərkibində xidməti barədə tam məlumat olmadığı əsas gətirilərək müsbət qərar qəbul edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 2157 nömrəli arayışına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində X6 barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdehin iddiaçının müraciətinə əsasən verilmiş imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş iddiaçının 69 nömrəli, xx xxxxxxx 1968-ci il tarixli doğum akt qeydinə əsasən Uşaq haqqında məlumat qrafasında iddiaçının soyadı Quliyev, adı Semur, ata adı Yusib, doğulduğu tarix xx xxxxxxx 1968-ci il qeyd edilmişdir. İddiaçının НЗ seriyalı, ******* nömrəli hərbi biletindən görünür ki, o xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçının hərbi biletində Ağdam müdafiəsi zamanı erməni işğalçılarına qarşı döyüşdüyü barədə qeyd aparılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş tibbi kartdan çıxarışda xəstənin adı qrafasında X7, doğum tarixi qrafasında isə 1969-cu il göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 və X5 iddiaçını tanıdıqlarını, onunla Ağdamda döyüşlərində iştirak etdiklərini, N nömrəli hərbi hissədə olduqlarını, sonra isə N nömrəli hərbi hissənin yarandığını, həmçinin iddiaçının döyüşlərdə yaralandığını bildirmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (2.0.2.). Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar (40.2). İddiaçı öz tələbinin sübutu kimi ona məxsus olan hərbi biletdə aparılmış qeydə əsaslanmışdır. Həmin qeyd isə müvafiq inzibati orqanın möhürü ilə təsdiq edilməmişdir. İddiaçının döyüş əməliyyatları aparılan dövrdə xidmət etməsi və döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı məlumatların əldə edilməsi üçün müvafiq orqanlara məhkəmə sorğuları verilsə də, iddiaçının barəsində həmin məsələ ilə bağlı hər hansı arxiv məkumatı aşkar edilməmişdir. Qeyd edilməlidir ki, “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə qanuni əsaslarla xidmət keçməsi və ehtiyata buraxılması sübuta yetirilmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1519/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1519/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver