Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-152/2023 31.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və pensiya təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək ona əlillik dərəcəsinə uyğun olaraq əmək pensiyasının təyin edilməsi hissəsinin tələbindən çıxarılmasını tələb etmiş, ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi hazırkı tələb əlilliyin təyin edilməsi ilə əlaqədardır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona olan xəstəliklər əlilliyin təyini üçün əsas versə də cavabdeh tərəfindən qanunsuz və əsassız qərar qəbul edilərək əlilliyin təyinindən imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılır ki, 23 yanvar 2020-ci il, 16 iyul 2020-ci il 09 oktyabr 2020-ci il, 30 oktyabr 2020-ci il tarixli göndərişləri əsasında əlilliyin qiymətləndirilməsi aparılmış və müxtəlif səbəblərdən (əlavə müalicəyə ehtiyac olma, natamam doldurma) əlilliyin təyinindən imtina edilmişdir. 02 aprel 2021-ci il tarixli göndərişi əsasında isə əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçıda mövcud olan diaqnozlar əlillik təyininə əsas vermir. Daha sonra Bakı Baş Səhiyyə İdarəsinin 27 oktyabr 2022-ci il tarixli göndərişi əsasında da qiymətləndirmə aparılmış və eyni qənaətə gəlinmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 yanvar 2020-ci il tarixli göndəriş əsasında aparılmış qiymətləndirmə məlumatından görünür ki, əlavə müalicəyə ehtiyacın olması- bərpa müalicəsinin davam edilməsi məsləhət görülmə əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. 14 iyul 2020-ci il tarixli göndəriş əsasında aparılmış qiymətləndirmə məlumatından görünür ki, göndərişin natamam doldurulması ilə bağlı əlilliyin təyinindən imtina edilmişdir. 09 oktyabr 2020-ci il tarixli göndəriş əsasında aparılmış qiymətləndirmə məlumatından görünür ki, əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. 27 oktyabr 2020-ci il tarixli göndəriş əsasında aparılmış qiymətləndirmə məlumatından görünür ki, əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. 02 aprel 2021-ci il tarixli göndəriş əsasında aparılmış qiymətləndirmə məlumatından görünür ki, diaqnozun əlillik təyininə əsas vermədiyi səbəbindən əlilliyin təyinindən imtina edilmişdir. 25 oktyabr 2020-ci il tarixli göndəriş əsasında aparılmış qiymətləndirmə məlumatından görünür ki, diaqnozun əlillik təyininə əsas vermədiyi səbəbindən əlilliyin təyinindən imtina edilmişdir. Bakı Səhiyyə Mərkəzinin 10 aprel 2023-cü il tarixli məktubundan görünür ki, 07 may 2022-ci il , 19 avqust 2022-ci il, 19 oktyabr 2022-ci il tarixlərdə sənədlər cavabdehə göndərilsə də, yenə də əlilliyin təyinindən imtina edilmişdir. İlkin ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıda mövcud olan xəstəliklər Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşmür. Məhkəmənin qərardadı əsasında təkrar ekspertiza keçirilmiş və məhkəməyə daxil olmuş təkrar ekspertiza rəyində qeyd edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti əlillik dərəcəsinin verilməsinə əsas vermir. Məhkəmə sorğusuna əsasən 15 nömrəli Şəhər Poliklinikası məhkəməyə cavab məktubu ünvanlayaraq qeyd etmişdir ki, iddiaçıda olan bütün xəstəliklər, əsas diaqnoz,ağırlaşmalar və yanakı xəstəliklər müəyyən edilərək müvafiq göndəriş əsasında aidiyyəti quruma göndərilmiş, Poliklinika tərəfindən zəruri tədbirlər görülmüşdür. Məhkəmə sorğusuna cavab məktubunda cavabdeh qeyd etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti hazırda qüvvədə olan və əvvəllər qüvvədə olmuş qanunvericilik normalarının tələbləri baxımından qiymətləndirilmiş və iddiaçıda olan xəstəliklərin əlillik təyininə əsas vermədiyi müəyyən edilmişdir. Belə ki, şəxsə hər iki yuxarı və aşağı ətrafda kəskin kontraktura, atrofiya, parez, iflic izlənilməmiş, rekfeks canlı alınmış, D=S, əzələ gücü və tonus normal, hərəkətlər tam həcmdə olmuşdur. Komissiyanın fevral 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilərək yoxlanılmış, diaqnozun əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olub-olmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. Belə ki, iş materiallarında müxtəlif sayda olan göndərişlərdən görünür ki, iddiaçıda mövcud olan xəstəliklər müxtəlif kodlarda (M50.1, R52, M43.0, M50.3, M51.4, R52, M19.8, M51.8, G90.8, F45, İ10, J31.2, F44, J42, G44.8, M17.0, G54.1, H.90, İ20) göstərilmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olubolmaması müəyyən edilməlidir. Adıçəkilən normativ hüquqi aktlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından isə görünür ki, adıçəkilən iddiaçıda göndərişdə adıçəkilən müvafiq kodlarda göstərilmiş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə 2 ekspert rəyi alınmış, ilkin rəy prosessual pozuntularla qəbul edildiyindən təkrar ekspertiza rəyi də tətqiq edilmişdir. Təkrar rəyin nəticə hissəsindən görünür ki, hər nə qədər göndərişdə olan xəstəliklərin əlilliyin təyininə əsas verməməsi barədə mövqe də nümayiş etdirilsə də göndərişdə olan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı da göndərişlərdə olan xəstəliklərin (əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklərin) mövcudluğu şübhə doğurmamışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyininin məqsədləri baxımından yuxarıda adıçəkilən qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi aktlarla təsdiq edilmiş siyahıda öz təsbitini tapmamış istənilən xəstəlik əlilliyin təyinatından imtina üçün əsasdır. Belə ki, qeyd olunan məqsədlər baxımından göndərişdə olan xəstəliklərlə, X1 tərəfindən təsdiq edilmiş xəstəliklərin beynəlxalq təsnifatında elmə məlum olan insan orqanizmində əlilliyin təyinatına əsas verməyən bütün xəstəliklər ağırlıq dərəcəsindən asılı olmayaraq bərabərdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-441/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da iddiaçıda mövcud olan diaqnozlar yuxarıda adıçəkilən normativ hüquqi aktlarla təsdiq edilmiş əlilliyin təyininə əsas verən xəstəliklər siyahısında olmaması səbəbindən oxşar mövqedən çıxış edilərək əlilliyin təyinindən imtina edilmişdir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-152/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-152/2023
31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver