Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1520/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov Rayon İcra Hakimiyyətinin (Cavabdeh) xx.xx.1995-ci il tarixli, 736 nömrəli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə" Sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsində - Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda yerləşən mədən ərazilərində uzun illərdir ki, neft-qaz hasilatı işləri həyata keçirir. Həmin ünvanda H.Z.Tağıyev adına NQÇİ-nin mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (39 T 421261; ******* koordinatlarda) X6 tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Sözügedən torpaq sahəsinin yaxınlığında 107 metr aralı məsafədə 1322 nömrəli işlək neft quyusu mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarına əsasən neft və qaz quyuların mühafizə zonası 300 metrlik və boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu və sözügedən ərazinin neft quyularının yaxınlığında olması, yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması vətəndaşa izah edilmiş və əlavə işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquqtəsdiqedici sənədlərin olduğunu əsas gətirərək Bakı şəhəri Əzizbəyov rayon (Xəzər rayon) İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 736 nömrəli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncam təqdim etmişdir. Göründüyü kimi, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində SOCAR-ın "Azneft” İBnin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən Bakı şəhəri Əzizbəyov rayon (Xəzər rayon) İcra Hakimiyyətinin sözügedən sərəncamı Qanunun tələbinə görə etibarsızdır. Torpaq sahəsinin X6 tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 4934/17 nömrəli məktubundan göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Quruda Neft və X4 xx.xx.1999-cu il tarixli, JC-011/1865 saylı və xx.xx.1999-cu il tarixli, JC-011/252 saylı məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1999-cu il, 208 və 673 nömrəli Sərəncamları ilə H.Z.Tağıyev adına NQÇİ-yə məxsus Buzovna-Maştağa yatağından ümumilikdə 212 hektar torpaq sahələri geri alınmışdır. Adı çəkilən torpaq sahələrində H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyi və Rayon İcra Hakimiyyətinin müvafiq icazə sənədləri ilə fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İşin hallarında göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərar qəbul olunduqdan 31 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir və belə olan halda iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Əzizbəyov (indiki Xəzər) Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarından xəbərdar, məlumatlı olmaması inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, uzun illər ərzində qeyd olunan ərazidə yaşayış massivi salınmış və hal-hazırda vətəndaşların istifadəsindədir. Bununla əlaqədar olaraq hazırki iş üzrə cavabdeh inzibati orqan kimi Cavabdeh cəlb oluna bilməz. Qeyd olunanlar nəzərə alınaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə istinad olunanları nəzərə alaraq hazırkı iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 736 nömrəli, 30 oktyabr 1995-ci il tarixli Sərəncamına əsasən Buzovna qəsəbəsi, M.A.Əliyev küçəsi, 23 nömrəli evdə yaşayan ailə tərkibi 2 nəfərdən ibarət, 1 nömrəli uşaq sanatoriyasında təsərrüfat müdiri vəzifəsində işləyən X1 Buzovna qəsəbəsində 1373 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X5 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İddiaçı hazırda həmin şəxsə 0,12 ha torpaq sahəsinin ayrılması barədə Xəzər (əvvəlki Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli Sərəncamının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan qaydalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar müəyyən etmə və ya tanınma haqqında iddialara aiddir. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə isə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bu müddəalardan göründüyü kimi, İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü: 1) hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1ci maddəsinin birinci yarımcümləsi); 2) inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Hazırkı iddia Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamının etibarsızlığının tanınması olmaqla müəyyən etmə və ya tanınma haqqında iddialara uyğundur. Məhkəmə qeyd edir ki, müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4-cü maddəsi). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.5 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini: 1) iddiaçının kifayət qədər marağının olmasını; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia, hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. İddia ərizəsinin məzmunundan görünür ki, hazırda iddiaçı Cavabdeh xx.xx.1995-ci il tarixli, 736 saylı sərəncamını mübahisələndiriləndirir. Hazırkı iddianın, yəni inzibati aktın etibarsız hesab edilməsi haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, xx.xx.1995-ci ildə qəbul edilmişdir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə Azərbaycan Sovet Sosialist Respublikasının 1964cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 22-ci fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 243-5-ci maddəsinə əsasən, məhkəməyə şikayət verilməsi imkanı üçün 1 (bir) ay müddət müəyyən edilmişdir. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, bu aktlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Beləliklə, məhkəmənin yuxarıda şərh olunanlara əsasən gəldiyi qənaətə görə, iddiaçının 16 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi, onun bu marağının artıq itdiyinə, bunun nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-222/2023 saylı qərarı). Bundan başqa, mübahisəli ərazidə X3 tikinti işləri aparmasına gəldikdə, məhkəmə qeyd edir ki, işdən onun təmin torpağa dair hər hansı bir hüququnun mövcud olması müəyyən edilmir. Buna görə də həmin şəxsin mübahisəli ərazidə tikinti işləri aparması xx.xx.2011-ci il tarixdə vəfat etmiş H.Zeynalovanın adına verilmiş sərəncamın mübahisələndirilməsi üçün əsas kimi çıxış edə bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayyət edilməklə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1520/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1520/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver