Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1521/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikasiya imtahanına buraxılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikasiya imtahanına buraxılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikasiya imtahanına buraxılma” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildə Masallı rayonunda doğulmuş, 1994-1999-cu illərdə Bakı Dövlət Universtitetinin “Biologiya” fakültəsində təhsil almışdır. Axşam şöbəsində oxuduğu üçün 1994-cü ildən AMEA-nın Fiziologiya İnstitutunda “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasında laborant, 1999-cu ildən 2008ci ilədək baş laborant vəzifəsində işləmiş, 2005-ci ildə Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutunda 3 aylıq “Kliniki laborator diaqnostika” üzrə ixtisasdəyişmə və ya təkmilləşdirmə kursu keçmiş və həkim-laborant ixtisasına yiyələnmişdir. 2005-ci ildən "xxxx" MMC-nin nəzdində olan “Elmed” Tibb Mərkəzində həkim laborant işləmiş, 2016 və 2020-ci ildə ADHTİ-da ixtisas artırma kursu keçmişdir. 2021-ci ilin avqust ayında işlədiyi “Elmed” Tibb Mərkəzində bildirmişlər ki, ərizəçi həkim-laborant işləmək üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Sertifikasiya İmtahanından keçməli idi. O, bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2022-ci il tarixli MİNO № 1.3-2-2022-7927 nömrəli cavab məktubu ilə imtina edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində hər-hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq sertifikasiya imtahanından keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etsə də, Səhiyyə Nazirliyinin MİHO 1.3-2-2022-7927 nömrəli məktubu ilə ərizəçinin müraciətindən imtina edilmişdir. Belə ki, iddiaçı X3 1994-1999-cu illər aralığında Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışdır. Axşam şöbəsində oxuduğu üçün 1994-1999-cu illər aralığında AMEA-nın Fiziologiya İnstitutunda laborant, 1999-cu ildən 2008-ci ilə qədər isə baş laborant vəzifəsində çalışıb. İddiaçı 2005-ci ildən etibarən “Elmed” Tibb Mərkəzində həkim-laborant vəzifəsində çalışmağa başlayıb. İlk növbədə xüsusi olaraq qeyd edirlər ki, iddiaçının ixtisası “Biologiya ” sahəsi üzrə olduğundan onun həkim-laborant kimi “Elmed” Tibb Mərkəzində işləməsi qanunauyğun deyil. Şəxsin bu yolla praktiki tibb fəaliyyətinə cəlb edilməsi və həkim-mütəxəssis ixtisasına yiyələnməsi də, məqsədəmüvafıq hesab edilə bilməz. “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 22.6-cı maddəsinə istinadən bildirirlər ki, Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim- mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi şəxsin əsas (baza ali) təhsili tibb sahəsi üzrə olmadığından onun tibb işçiləri üçün vaxtaşırı zərurət halını daşıyan sertifıkasiya imtahanından keçməsi mümkün deyil. Azərbaycan Respublikası “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının 3.1-ci maddəsinə əsasən, Rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsili və elmi müəssisələrdə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində (bundan sonra - klinik baza) təşkil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifıkasiyaya cəlb edilirlər. Əmək Məcəlləsinin müvafiq maddəsindən də, göründüyü kimi sertifikasiyadan keçmə öhdəliyi yalnız və yalnız praktiki tibb fəaliyyəti ilə məşğul olan işçilər üçün zəruri şərt hesab edilir. İddiaçı isə faktiki olaraq Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirdiyi üçün onun praktiki tibbi fəaliyyətə buraxılma icazəsi ümumiyyətlə mövcud deyil və o yalnız qeyri-tibb fəaliyyətinə cəlb edilə bilər.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti tərəfindən verilmiş 1999-cu il tarixli, 74 qeydiyyat nömrəli, A № 047052 nömrəli diploma əsasən Dövlət Attestasiya Komissiyasının 13 iyul 1999-cu il tarixli qərarı ilə İddiaçı biologiya ixtisası üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
7. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən iddiaçı xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2016-xx.xx.2016-cı il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Kliniki laborator diaqnostika üzrə və laboratiya işi üzrə ixtisaslaşma kursu keçdiyindən ona bu barədə müvafiq şəhadətnamələr verilmişdir.
8. iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, AZEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda “Uzunömürlülüyün fiziologiyası” laboratriyasına laborant vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə böyük laborant vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2008-ci il tarixdə "xxxx" LTD MMC nəzdində “Elmed” Tibb Mərkəzinə həkim laborant vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2011-ci il tarixdə "xxxx" LTD MMC nəzdində “Elmed” Tibb Mərkəzinə həkim laborant vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə tibb fəaliyyəti üzrə sertifikasiyadan keçmədiyi üçün işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilmiş, işdən azad edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli MİHO 1.3-2-2022-7927 nömrəli imtina məktubuna əsasən onun Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış laboratoriya işi ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiyadan keçmə barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin məzunları yalnız qeyri-tibb ali təhsilli mütəxəssis vəzifələrində çalışa bilərlər. Həkim və orta heyəti vəzifələrində müvafiq olaraq ali və orta ixtisas tibb təhsilli mütəxəssislər fəaliyyət göstərə bilər və onlar mütəmadi olaraq ixtisasları üzrə sertifikasiyaya cəlb edilirlər.
10. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 3-28/2-1711/2023 nömrəli cavab məktubuna əsasən məhkəməyə bildirilmişdir ki, Bakı Dövlət Universitetinin “biologiya” fakültəsinin məzunu İddiaçı Səhiyyə Nazirliyinə laboratoriya işi ixtisası üzrə sertifikasiyadan keçmək üçün müraciət edərək 2005-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Kliniki laborator diaqnostikası” kursu keçməsi barədə sənəd təqdim etmişdir. Təkmilləşdirmə kursu əsasında ixtisasın dəyişməsi qeyri-mümkündür. Bununla bağlı bildirirlər ki, həkimlərin 2002-ci ilədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma keçməsi barədə sənədə əsasən sertifikasiya cəlb olunması mümkündür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli 88 nömrəli əmrinin 10.1-ci hissəsində həkimlərin internaturada aldığı ixtisasa uyğun olmayan ixtisaslar üzrə ixtisaslaşma kurslarına qəbul olunması dayandırılmışdır. 2006-2008-ci illərdə ali və orta tibb işçilərinin ixtisaslarının dəyişdirilməsinə istehsalat zərurəti yarandığı hallarda tibb müəssisələrinin əaslandırılmış müraciətlərinə baxılaraq nazirlik tərəfindən ixtisasın dəyişdirilməsinə icazə verilirdir (xx.xx.2006-cı il tarixli 22 nömrəli əmr). Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının qərarına əsasən İddiaçı 2005-ci ildə keçdiyi təkmilləşdirmə kursu əsasında laboratoriya işi ixtisası üzrə sertifikasiya oluna bilməz.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak edən iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
17. Belə ki, məhkəmə ilk öncə aşağıdakı qanunvericiliyin normalarına istinad etməyi zəruri hesab edir:
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası) tələblərinə əsasən: - 1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. - 3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. - 4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. - 5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
19. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 46-cı maddəsinin (Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ) tələblərinə əsasən: - Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. - Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. - Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. - İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. - Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. - Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. - Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin reyestrə çıxışı təmin edilir. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Həmin Qanunun 48-ci maddəsinin (Tibb mütəxəssislərinin peşə, bilik və bacarığının təkmilləşdirilməsi) tələblərinə əsasən: - Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri hesabına ödənilir. - Tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının dövlət standartları, tibb və əczaçılıq ixtisaslarının nomenklaturasına uyğun fəaliyyət üçün vacib olan diaqnostika, müalicə, profilaktika və sağlamlığı möhkəmləndirmə metodlarının məcmusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. - Tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli 108 nömrəli “Praktiki tibb və ya əzcazçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş Praktiki tibb və ya əzcazçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasına əsasən: - 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. - 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. - 1.3. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər. - 1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.
22. Beləliklə işin faktiki hallarını qanunvericiliyin yuxarıda sadalanan normaları ilə qarşılıqlı surətdə tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanına cəlb oluna biləcək şəxslərin konkret dairəsi müəyyən edilərək, bu şəxslərə, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssisləri daxil edildiyindən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik olan şəxslər isə Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər olduğundan iddiaçı isə sözügedən şəxslərin əhatə dairəsinə düşmədiyindən onun hazırki tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
23. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçı iddia ərizəsində Bakı Dövlət Universitetinin “Biologiya” fakültəsinin məzunu olmasına baxmayaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “laboratoriya” işi üzrə ixtisaslaşma kursu keçməsinə və buna dair ona müvafiq şəhadətnamələr verilməsinə istinad edərək hazırki iddiasının əsaslı olmasına istinad etmişdir ki, məhkəmə iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının bu dəlilini məhkəmə qərarında istinad olunmuş, qanunvericiliyin sadalanan normaları özü bütünlükdə təkzib edir. Belə ki, iddiaçının “biologiya” fakültəsinin məzunu kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Kliniki laborator diaqnostikası” kursu keçməsi barədə sənədə əsasən təkmilləşdirmə kursu əsasında ixtisasının dəyişməsi qeyri-mümkündür. İxtisas dəyişməyə yalnız tibb müəsissələrinin əsaslandırılmış müraciətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılıq verilə bilərdi. Əlavə olaraq cavabdeh tərəfindən təqdim edilmiş dəlillərdən də, görünür ki, ancaq həkimlərin 2002-ci ilədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma keçməsi barədə sənədə əsasən sertifikasiyaya cəlb olunması mümkündür. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli 88 nömrəli əmrinin 10.1-ci hissəsində həkimlərin internaturada aldığı ixtisasa uyğun olmayan ixtisaslar üzrə ixtisaslaşma kurslarına qəbul olunması dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2006-cı il tarixli 22 nömrəli əmrinə əsasən 2006-2008-ci illərdə ali və orta tibb işçilərinin ixtisaslarının dəyişdirilməsinə istehsalat zərurəti yarandığı hallarda tibb müəssisələrinin əaslandırılmış müraciətlərinə baxılaraq nazirlik tərəfindən ixtisasın dəyişdirilməsinə icazə verilirdi.
24. Göründüyü kimi, hazırki halda iddiaçının keçdiyi təkmilləşmə kursu əsasında laboratoriya işi ixtisası üzrə sertifikasiyaya cəlb olunması qanunvericiliyin tələblərinə uyğun deyildir.
25. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
26. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
27. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
28. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
30. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 34.Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva