Məhkəmə qərarları › İş №2-1(112)-15215/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15215/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15215/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçılar Dövlət Televiziya və Radio Verlişləri Komitəsində 1991-ci il oktyabrın 18-dək işləməsinə baxmayaraq onlara dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmaması ilə əlaqədar olaraq məhkəməyə müraciət etməklə onlara dövlət qulluqçusu kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə çıxış edirlər. Cavabdehin etirazının məzmunu isə onunla bağlıdır ki, iddiaçıların işləmiş olduğu vəzifələr dövlət qulluğu vəzifələri siyahısında nəzərdə tutulmamışdır. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin:

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə iddiaçıların və ya cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. İş materiallarından görünür ki, iddiaçıların tələbləri onlara dövlət qulluqçusu kimi pensiya təyini ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçıların hüquqi maraqları mübahisə predmeti baxımından müştərək olmamaqla, eyni (yaxud uyğun) faktiki və hüquqi əsasa söykənmir. Maddənin məzmunundan, eləcə də və bağlayıcısının maddə üzrə istifadəsindən görünür ki, prosessual həmiştirakçılığın yol verilənliyi baxımından eyni (yaxud uyğun) faktiki əsasla, hüquqi əsasın birgə mövcudluğu, eləcə də mübahisə predmeti baxımından hüquqi marağın müştərək olması zəruri şərtlərdir. Hazırkı iş üzrə isə mübahisə predmeti baxımından hər hansı müştərəklikdən söhbət gedə bilməz. Belə ki, iddiaçılar hər biri özünə aid hissədə dövlət qulluqçusu kimi pensiyanın təyinində hüquqi marağı mövcuddur. Birinin digərinə münasibətdə dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə yönəlmiş maraq isə hüquqi təminatlandırılmış maraq olmamaqla iddianın subyektivliyi baxımından mümkün olmamaqla faktiki maraq baxımından qiymətləndirilə bilər. Göründüyü kimi prosessual həmiştirakçılığın yolverilənliyi baxımından mübahisə predmetinə münasibətdə müştərək maraq mövcud deyil. Eyni zamanda, hazırkı iş üzrə uyğun faktiki və hüquqi əsasın eyniliyindən məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Belə ki, iddiaçılar tərəfindən təqdim edilən ərizədə onların işləmiş olduğu vəzifələrin dövlət qulluğu vəzifələrinə aid olmasına istinad edilməklə pensiyanın dövlət qulluqçusu kimi təyin edilməli olması məsələsinə istinad edilsə də, fərdi olaraq hər birinə münasibətdə ayrı-ayrı qiymətləndirmənin aparılmalı olması, illər, vəzifə xarakteri, yaş, əlillik dərəcəsi və s kimi xüsusiyyətlər üzrə pensiyanın dövlət qulluqçusu kimi təyinatına təsir edə biləcək hüquqi faktların mövcudluğu istisna edilmir. Belə olduğu təqdirdə isə hər bir şəxsə münasibətdə göstərilən hüquqi faktlar üzrə araşdırmanın vəzifənin dövlət qulluğu vəzifəsinə uyğun olub-olmaması ilə paralel olaraq aparılması işin tam və obyektiv araşdırılması, eləcə də iddiaya ağlabatan müddətdə baxılmasına xidmət etmir. Göründüyü kimi iddiaçıların Komitədə əmək fəaliyyətini həyata keçirməsi, həmin Komitə üzrə bütün şəxslərin iddialarına birgə baxılması üçün həmiştirakçılığın yol verilənliyi ilə eyni məna daşımır. Əks halda bu yanaşma inzibati məhkəmə praktikasında çoxluq təşkil edən eyni kateqoriyalı (hərbi qulluqçu, xüsusi rütbəli şəxs və s) subyekt tərkibli eyni növ iddialarda(əmək pensiyasının qulluq stajına görə əlavənin məbləği azaldılmamaqla hesablanması, eyni tibb müəssisəsi tərəfindən verilmiş göndərişlər əsasında əlilliyi ləğv edilmiş şəxslərin əlillliyinin bərpası, eyni binada yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatının aparılması və s) onlarla, yüzlərlə, həttta nəzəri olaraq minlərlə şəxsin iddialarına birgə baxılmasının mümkün sayılmalı olması və ya icraatın ayrılmalı olması deməkdir. Məhkəmə hesab edir ki, necə ki, həmin növ iddialara ayrı-ayrı iddiaçılar olmaqla ayrı-ayrı icraatda yuxarıda göstərilən xüsusiyyətlər olmaqla baxılır, hazırkı iş üzrə iddiaçıların eyni qurumda işləmələri də həmiştirakçılığın mövcudluğuna əsas yaratmır. Nə qədər ki, iddiaçıların dövlət qulluqçusu kimi pensiya təyinatının aparılmalı olması vəzifə ilə yanaşı, yaş, işlədiyi illər, əlillik dərəcəsi və s istiqamətləri üzrə də qiymətləndirmə tələb edir, təkcə eyni qurumda şəxslərin işləməsi iddiaların bütünlükdə uyğun faktiki və hüquqi əsası qismində çıxış edə bilməz. Odur ki, hazırkı iddialara bir icraatda baxıla bilməz. Bundan başqa Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, hazırki iddia tələbi prosessual həmiştirakçılığa yol vermədiyindən, iddia üzrə icraatın ayrılmasından da söhbət gedə bilməz. Nə qədər ki, prosessual həmiştirakçılıq iddianın mümkünlüyü institutunun tərkib hissəsində çıxış edir, həmin prosessual həmiştirakçılığın yolverilməzliyinin aşkar edilməsi iş üzrə mümkünlük məsələsi həll edilmədən icraatın ayrılması və birləşdirilməsi kimi prosessual tədbirlərin həyata keçirilməsi də mümkün hesab edilmir. Məhkəmə prosessual həmiştirakçılığa yol verilmədiyini hesab edirsə, yəni işə prosessual həmiştirakçılığa yol verilməməsi səbəbindən inzibati icraat qaydasında baxılmadığını müəyyən edirsə həmin hal ayrıca icraatın aparılması üçün yox, məhz iddianın mümkün sayılmaması üçün əsas yaradır. Həmin hal isə, iddiaçıların ayrı-ayrılıqda iddia vermələrinə də mane olmur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarında qeyd olunmuşdur ki: 10.1. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. 10.2. Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iş üzrə iddiaçılar ayrı-ayrılıqda iddia irəli sürməklə ehtimal etdikləri hüquqlarının müdafiəsini həyata keçirə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar