Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15218/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən 58 kv.metr qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MTK arasında bağlanılan 22 may 2014-cü il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində 58 kv.m qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən dəyəri "xxxx" MTK-ya tam ödənilməklə alınmışdır. Qeyri-yaşayış sahəsinin dəyərinin tam olaraq ödənilməsi və MTK-ya borcun olmaması barədə iddiaçıya xx.xx.2014-cü il tarixli, 10 saylı maliyyə arayışı da verilmişdir. Qeyri-yaşayış sahəsinin cizgisi də "xxxx" MTK tərəfindən təsdiq edilərək iddiaçıya verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş layihədə (mərtəbəlik planında) bölgü sxemi düzgün aparılmamışdır. Belə ki, göstərilən qeyri-yaşayış sahəsinin arxasında yerləşən qonşu sahəyə keçid yolu yoxdur. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək hər iki qeyri-yaşayış sahəsinin giriş-çıxışı var. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MTK üzvlərinin ümumi iclasının 06 nömrəli protokolundan xx.xx.2014-cü il tarixli çıxarışa əsasən iddiaçının kooperativə üzv qəbul olunmaqla ünvan 2 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində 58 kv.m qeyri-yaşayış sahəsinin payçısını olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK tərəfindən ünvan 2 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində 58 kv.m qeyri-yaşayış sahəsi iddiaçıya satılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi ev 36 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində 58 kv.m qeyri-yaşayış sahəsinə görə 15000 manat məbləğində pay haqqı iddiaçı tərəfindən "xxxx" MTK-ya ödənilmişdir və onun kooperativə heç bir borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanındakı 28.5 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş qeyri-yaşayış sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən Dağıstan küçəsi 36 ünvanındakı qeyri-yaşayış sahəsinin ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 58 kv.m təşkil edir. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda iddiaya yazılı etirazda qeyd edilmiş əsaslar göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.6.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.6). İşin hallarına görə, iddiaçı qanuni sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən 58 kv.metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh buna əsas kimi təqdim olunmuş layihədə (mərtəbəlik planında) bölgü sxeminin düzgün aparılmaması, göstərilən qeyri-yaşayış sahəsinin arxasında yerləşən qonşu sahəyə keçid yolunun olmaması göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin sahənin əldə edilməsinə dair qanunla müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Belə ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 06 nömrəli protokolundan xx.xx.2014cü il tarixli çıxarışa əsasən iddiaçının kooperativə üzv qəbul olunmaqla ünvan 2 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində 58 kv.m qeyriyaşayış sahəsinin payçısını olması təsdiq edilmişdir.Qeyri-yaşayış sahəsinin pay haqqı tam məbləğdə kooperativə ödənilmiş və bununla əlaqədar olaraq payçıya müvafiq maliyyə arayışı verilmişdir. Payçının pay haqqı ilə əlaqədar kooperativə bu və ya digər borcu yoxdur. Həmçinin, "xxxx" MTK ilə payçı, eləcə də payçı ilə digər şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdehin etirazının əsası iddiaçının tələbinin təmin edilməməsi üçün əsas deyildir və formal xarakterə malikdir. Belə ki, iddiaçı kooperativə üzv qəbul edilmiş və qeyd edilən qeyri-yaşayış sahəsi ödədiyi pay haqqına uyğun olaraq iddiaçıya ayrılmışdır. Bu səbəbdən iddiaçı pay haqqını ödədiyi vaxtdan artıq qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir ki, bu da onun həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadıgından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən 58 kv.metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən 58 kv.metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-15218/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15218/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver