Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1523/2025 21.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və qeyrisi) qarşı “rütbənın tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon Ərazi İdarəsinə qarşı müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadları ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiada qeyd edilmişdir ki, iddiaçı təhsil aldığı müddətdə könüllü olaraq hərbi xidmət keçmiş Rusiya Federasiyası Müdafiə Nazirinin əmri ilə zabit-birinci hərbi rütbəsi və şəxsi nömrə verilməklə ehtiyata buraxılmışdır. Rusiya Federasiyasında könüllü hərbi xidmət keçməsi olsa da, çağırışçı kimi qeydiyyata alınmışdır. Cavabdeh qeyd edir ki, mövcud qanunvericilikdə və beynəlxalq hüquqda xarici dövlətlərdə zabit rütbəsi almış şəxslərin ehtiyata keçirilməsi barədə müddəaların olmaması nəzərə alınaraq onun çağırışçı kimi qeydiyyata alınması məqsədəuyğun hesab edilmir. İddiaçı hesab edir ki, onun çağırışçı kimi qeydiyyata alınması əsassızdır, o, Rusiya Federasiyasının vətəndaşıdır, həmin dövlətdə silahlı qüvvələrdə xidmət etmişdir. İddiaçı qeyd edir ki, vətəndaşlığın itirilməsi üçün əsaslar mövcud olduğundan və o, xarici ölkədə hərbi xidmət keçdiyindən, onun hərbi xidmətdən azad edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının ədliyyə leytenantı ilkin zabit hərbi rütbəsinin tanınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı təhsil alarkən hərbi kafedrada ehtiyatda olan zabitlər üçün hərbi hazırlıq kursu keçərək hərbi hazırlıq proqramını müvəffəqiyyətlə başa vurduğuna görə, ona Rusiya Federasiyası Müdafiə nazirinin əmri ilə ədliyyə leytenantı ilkin zabit hərbi rütbəsi verilmişdir. Həmin rütbənin tanınması öhdəliyi qanunvericiliyin tələblərinə əsasən cavabdehə həvalə edilməlidir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya Rusiya Federasiyası vətəndaşı kimi ədliyyə leytenantı rütbəsi verilmiş və rütbənin Xidmət tərəfindən tanınması istənilir. Əsasnamə ilə Xidmətin səlahiyyətlərin dairəsi müəyyən edilmişdir ki, xarici ölkədə rütbə almış şəxslərin rütbəsinin ölkə ərazisində tanınması səlahiyyəti mövcud deyildir. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək leytenant ilkin zabit hərbi rütbəsinin verilməsinin Müdafiə Nazirliyinə də həvalə edilməsini, Müdafiə Nazirliyinin əlavə cavabdeh qismində tanınması xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. Həmin cavabdehin etirazları onunla əsaslandırılmışdır ki, leytenant hərbi rütbəsinin verilməsi əsasları müvafiq Əsasnamənin 58-ci maddəsinin a,v,e,ə və z bəndlərində konkret müəyyən edilmiş, sadalanan əsaslardan hər hansı biri iddiaçıya münasibətdə mövcud olmamışdır. Qanunvericiliyin tələblərindən görünür ki, Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələri ilə analoji olan xarici ölkənin ali təhsil müəssisəsini bitirmiş Azərbaycan Respublikası vətəndaşına ilk zabit rütbəsi verilməsi məsələsinə baxıla bilər. İddiaçı xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsilalmamış, hərbi hazırlıqla bağlı qısa müddətli kurs keçmişdir. İddiaçıya leytenant yox, ədliyyə leytenantı ilk zabit rütbəsi verilmişdir. Ölkəmizdə mülki ali tədris müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Ehtiyat zabit hazırlıq kursuna qanunvericiliyin tələbinə əsasən Silahlı Qüvvələrində ən azı 9 ay müddətli həqiqi hərbi xidmət keçmiş, 35 yaşınadək ali təhsilli əsgərlər, matroslar və çavuşlar qəbul olunur və bu kursu bitirən məzunlara ehtiyatda olan leytenant hərbi rütbəsi verilməklə ordu sıralarından ehtiyata buraxılırlar. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin Müdafiə Nazirliyi saxlanılmasını digər cavabdehin cavabdeh qismindən çıxarılmasını və üçüncü şəxs qismində cəlb edilməsini və ehtiyatda olan leytenant hərbi rütbəsinin verilməsi üçün tədbirlərin görülməsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Rusiya Federasiyasının Müdafiə Nazirliyinin əmri ilə verilmiş leytenant rütbəsinin Azərbaycan Respublikasında tanınmasının cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Həmin dəqiqləşmədən sonra cavabeh mülahizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı Rusiya Federasiyasında mülki tədris müəssisəsində təhsil almasında, orada hərbi hazırkıq kursu keçməsində Müdafiə Nazirliyinin hər hansı formada iştirakı olmamışdır. Bu növ iddia o zaman mümkün ola bilər ki, Müdafiə Nazirliyi ilə xarici ölkənin aidiyyəti qurumu arasında bağlanılmış müqavilə əsasında hərbi kadr hazırlığı məqsədi ilə Müdafiə Nazirliyi tərəfindən müvafiq xarici ölkənin hərbi təhsil müəssisəsinə göndərilmiş olsun. Ölkədə mülki ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Bundan əlavə, istinad edilən Minks Konvensiyası hərbi xarakterli sənədlərlə, bu sahə ilə hər hansı əlaqəsi mövcud olmamış, Azərbaycan Respublikasında qüvvəyə minməsi və ya imzalanma göstərilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilir ki, iddiaçının hüquqi marağına uyğun olaraq iddianın səhv cavabdehə yönəldiyi iddiaçının diqqətinə çatdırılmış, hüquqi marağına uyğun iddiaçının müraciəti düzgün cavabdeh Müdafiə Nazirliyinə ünvanlanmış, iddia və cavabdeh üzrə məhkəmə icraatı gedişində dəqiqləşmələr edilmiş və son nəticədə iddiaçının hüquqi marağına uyğun olaraq diplomun tanınmasının cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsi formasında iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddianın mümkünsüzlüyünü istisna edən halların müəyyən edilərək düzəldilməsi, eləcə də Müdafiə Nazirliyinə icraat gedişində müraciət edilməsi və məhkəməyə təqdim edilən sənədlərlə də müraciətin təminindən imtina edildiyinin müəyyən edildiyi də nəzərə alınmaqla, məhkəmə hesab edir ki, məhkəmənin hüquqi yardımına uyğun olaraq dəqiqləşdirilmiş iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon Ərazi İdarəsinin 08 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud qanunvericilikdə və beynəlxalq hüquq normalarında xarici dövlətlərdə zabit rütbəsi almış şəxslərin ehtiyata keçirilməsi barədə müddəaların olmamasını nəzərə alaraq iddiaçının çağırışçı kimi qeydiyata alınması məqsədəuyğun hesab edilmişdir. Moskva Dövlət Universitetinin 17 yanvar 2024-cü il tarixli arayışlarında qeyd edilmişdir ki, iddiaçı həmin Universitetdə hüquqşunaslıq istiqaməti üzrə əyani formada bakalavr təhsili, daha sonra magistr təhsili almışdır. Rusiya Federasiyasının Müdafiə nazirinin əmrindən görünür ki, iddiaçıya zabitbirinci hərbi rütbəsi və şəxsi nömrə verilməklə ehtiyata buraxılması qərara alınmışdır. Müdafiə Nazirliyinin 13 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, əvvəllər tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali təhsil müəssisələrinin məzunlarına bilavasitə bu təhsil müəssisəsini bitirdikdə hərbi kafedranın attestasiyası əsasında müdafiə nazirinin əmri ilə ilkin zabit hərbi rütbəsi verilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 1999-cu il tarixli 26 nömrəli Qərarı ilə ali təhsil müəssisələrində hərbi kafedralar ləğv olunduğu üçün ali təhsil müəssisələrinin məzunlarına ilkin zabit hərbi rütbəsi artıq verilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin:
58. “Leytenant” hərbi rütbəsi verilir: q) tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında “ehtiyatda olan leytenant” hərbi rütbəsi verilir;
60. İlk zabit rütbəsi verilməsinə təqdim edilən hərbi qulluqçulara bu Əsasnamənin 57-ci maddəsinin “a”, “d”, “e” bəndlərinə, 58-ci maddəsinin “a”, “v”, “q”, “ə”, “z” bəndlərinə müvafiq olaraq bu Əsasnamənin 89-cu və 94-cü maddələrində nəzərdə tutulmuş qaydada attestasiya tərtib edilir və ilk zabit rütbəsi verilməsi üçün komanda üzrə göndərilir.
61. Bu Əsasnamənin 57-ci maddəsinin “v”, “q”, “d” bəndlərinə (dinc dövrdə), “j” bəndinə (müharibə dövründə) və 58-ci maddəsinin “a” bəndinə (hərbi təhsil müəssisəsini bitirməklə bilavasitə ehtiyata buraxılarkən), “q”, “d”, “e”, “ə”, “j” bəndlərinə müvafiq olaraq ehtiyatda olan ilk zabit rütbəsi verilir. “Ehtiyatda olan zabit proqramı” üzrə hərbi hazırlıq keçmiş mülki ali tədris müəssisəsinin məzunları ali təhsil haqqında diplom aldıqdan sonra 60 günlük toplanışa çağırılır və toplanışın sonunda hərbi hazırlıq üzrə imtahan verirlər. Həmin şəxslər toplanışın keçirildiyi hərbi hissə (gəmi) komandirləri tərəfindən “ehtiyatda olan leytenant” hərbi rütbəsi almaq üçün attestasiyadan keçirilirlər.
62. İlk zabit rütbəsi zabit vəzifələrinə təyin edilmiş və bu vəzifələri müvəffəqiyyətlə icra edən dinc dövrdə əsasən ali hərbi təhsil müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş, yaxud hərbi ixtisas hazırlığı profilinə yaxın mülki ali təhsil almış və ya hərbi ixtisas hazırlığı profilinə yaxın olmayan ali təhsil almış, lakin ali hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, bir qayda olaraq, yaşı 35-dən çox olmayan və belə ixtisaslı zabitlərə ehtiyac olduqda gizirlərə və miçmanlara verilir (bu Əsasnamənin 57ci maddəsinin “d” və “e” bəndləri, 58-ci maddəsinin “ə” bəndi). Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ehtiyat zabit kadrlarının hazırlanması işinin təkmilləşdirilməsi haqqında” 25 may 2000-ci il tarixli 425 nömrəl Sərəncamında qeyd edilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün müasir tələblərə cavab verən ehtiyat zabit kadrlarının hazırlanması ölkəmizin müdafiə qüdrətinin artırılmasına xidmət edən mühüm amillərdəndir. Gənclər içərisindən ehtiyat zabit kadrları hazırlanması əsasən mülki ali təhsil müəssisələrində fəaliyyət göstərən hərbi kafedralarda həyata keçirilir. Ali təhsil müəssisələrinin fəaliyyətində başlıca istiqamətin müvafiq mülki peşə üzrə kadr hazırlığına yönəldilməsi və hərbi kafedraların maddi-texniki bazasının lazımi səviyyədə olmaması ehtiyat zabitlərin hazırlanmasında problemlər yaradır. Digər tərəfdən isə mülki ali məktəblərdə hazırlanmış zabitlərin böyük əksəriyyəti orduda heç bir xidmət keçməkdən ehtiyatda saxlanılır. Beləliklə də, mövcud hərbi hazırlıq sistemi ordunun ehtiyacını lazımi səviyyədə ödəmək və müasir tələblərə cavab vermək baxımından qənaətbəxş hesab edilə bilməz. Ali Respublikasının Silahlı Qüvvələri üçün ehtiyat zabit kadrları hazırlığı keyfiyyətinin yüksəldilməsi və gənclərin hərbi xidmət keçməsinin daha mükəmməl təmin olunması zərurətini nəzərə alaraq, ölkəmizdə ehtiyat zabitələrin hazırlanması işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının mülki ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Müdafiə Nazirliyi arasında Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində hərbi kadrların hazırlanması haqqında Sazişin təsdiq edilməsi barədə 2 fevral 2001-ci il tarixli Qanunun: Maddə 2 Tərəflər Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçuların hazırlanması və təminatı üçün qarşılıqlı hesablaşmaların müxtəlif formalarından istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası hərbi qulluqçularının təhsil və təminat qaydaları, həmçinin qarşılıqlı hesabatın şərtləri Tərəflər arasında bağlanmış Müqavilə ilə müəyyən olunur. Maddə 4 Azərbaycan Respublikası hərbi qulluqçularına Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrini bitirdikdən sonra hərbi rütbənin verilməsi və onların vəzifələrə təyin olunması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə Rusiya Federasiyasında təhsil almış, ikili vətəndaşlığı olduğundan Azərbaycan Respublikasında da hərbi xidmətə cəlb edilməsi zəruri hesab edilmiş, təhsil aldığı mülki ali təhsil müəssisəsində hərbi hazırlıq kursunu keçirmiş şəxs kimi leytenant rütbəsi almış iddiaçının həmin rütbəsinin ölkə ərazisində də tanınması və hərbi xidmətinin zabit kimi həyata keçirilməsi ilə əlaqədardır. İddiaçı hesab edir ki, xarici ölkə ərazisində alınmış həmin rütbə Azərbaycan Respublikasında da keçərlidir və müvafiq olaraq tanınmalıdır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələblərinə əsasən imtinanı qanuni və əsaslı edən faktiki şərtlərin sübut edilməsi cavabdehin üzərinə düşür ki, məhkəmə də hesab edir ki, həmin hallar sübut edildiyindən leytenant rütbəsinin tanınmasından əsaslı olaraq imtina edilmişdir. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən Sərəncamdan da göründüyü kimi hərbi kafedralar ölkə ərazisində ləğv edilmişdir. Ləğvin özündən əlavə, ləğv edilmənin əsaslandırılmasında xüsusi olaraq Sərəncamda vurğulanır ki, müvafiq mülki peşə üzrə kadr hazırlığına yönəldilməsi və hərbi kafedraların maddi-texniki bazasının lazımi səviyyədə olmaması ehtiyat zabitlərin hazırlanmasında problemlər yaradır. Həmçinin qeyd edilir ki, mülki ali məktəblərdə hazırlanmış zabitlərin böyük əksəriyyəti orduda heç bir xidmət keçməkdən ehtiyatda saxlanılır. Beləliklə də, mövcud hərbi hazırlıq sistemi ordunun ehtiyacını lazımi səviyyədə ödəmək və müasir tələblərə cavab vermək baxımından qənaətbəxş hesab edilə bilməz. Göstərilən əsaslandırma nəzərə alınmaqla da Azərbaycan Respublikasının mülki ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı halda ölkə ərazisində mülki ali təhsil müəssisələrində hərbi kafedraların ləğv edildiyi və göstərilən hallar nəzərə alınmaqla Silahlı Qüvvələrin zabit heyətinin formalaşdırılmağa yönəlmiş tədbirlərin həyata keçirildiyi normativ bazaya uyğun olaraq iddiaçının xarici ölkənin təhsil müəssisəsində almış olduğu rütbənin ölkə ərazisində tanınmasının həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə mülki ali təhsil müəssisələrinin hərbi kafedralarını bitirmiş şəxslər üçün leytenant rütbəsinin verilməsi imkanı nəzərdə tutulmuş olsa da, rütbənin verilməsi anlayışından da görünür ki, həmin normativ baza hər hansı ölkədə alınmış rütbənin tanınmasından yox, rütbənin verilməsindən gedir. Hazırkı halda isə, nə qədər ki, ali təhsil müəssisələrində hərbi kafedra mövcud deyil ümumiyyətlə həmin normanin tətbiqi imkanı oxşar növ ali təhsil müəssisəsini bitirmiş şəxslər üçün mövcud da deyildir. Hazırkı halda iddia məhz xarici ölkədə verilmiş ölkənin ölkə ərazisində tanınmasından gedir ki, aydın məsələdir ki, xarici ölkədə verilmiş hər sənədin, hər məlumatın ölkədə legitimliyiyinin tanınması müəyyən normativ bazaya uyğun həyata keçirilir. Normativ baza dedikdə isə beynəlxalq müqavilə və digər növ razılaşmalar çıxış edir. Nəzərə alınmalıdır ki, xarici ölkədə əks halda alınmış bütün növ rütbələr, o cümlədən ali xüsusi rütbələr verilmişdirsə, hər bir halda ölkə ərazisində tanınması kimi bir hal olacaqdır ki, yuxarıda göstərilən Qanundan da görünür ki, hansı halda Rusiya Federasiyasında verilmiş rütbənin ölkə ərazisində tanınmasının cavabdeh tərəfindən mümkün olması aydın şəkildə göstərilmişdir. Belə ki, Qanunun tələbinə əsasən iki ölkə arasında əldə edilmiş razılaşmanın tələbinə görə müvafiq xarici ölkənin hərbi təhsil müəssisəsini bitirmiş şəxsin rütbəsinin verilməsindən söhbət gedə bilər ki, iddiaçının rütbəsinin verilməsində Müdafiə Nazirliyinin hər hansı iştirakı olmamış, təhsil alınan müəssisə hərbi təhsil müəssisəsi də olmamışdır ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən halda Müdafiə Nazirliyi verilmiş hər hansı rütbənin tanınması öhdəliyi daşımamaqdadır. Konkret olaraq hansı halda rütbənin tanınmasının mümkünlüyü göstərilmişdir ki, iddiaçının yanaşması ilə qeyd edilsə, hər hansı xarici ölkədə şəxsə general rütbəsi verilirsə, o da heç bir qeyd şərt olmadan ölkə ərazisində tanınmalıdır ki, deməkdir ki, məhkəmə hesab edir ki, cavabdehin imtinasını legitim edən hallar müəyyən edilməkdədir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki iki ölkə arasında razılaşma çərçivəsində hərbi təhsil müəssisəsini bitirmiş şəxslər istisna olmaqla digər təhsil müəssisini bitirmiş şəxsin istər leytenant, istər digər rütbəsinin tanınmalı olması qaydası müəyyən edilməyib, Rusiya Federasiyası və ya digər bir ölkədə rütbə almış şəxsin həmin rütbəsinin ölkə ərazisində tanınmasından söhbət gedə bilməz. Göstərilən yanaşma hal-hazırda ölkə ərazisində mülki ali təhsil müəssisələrində təhsil alıb, hər hansı zabit rütbəsi olmadan hərbi xidmətə yollanmış şəxslərdən bərabərlik hüququnun tətbiqi baxımından iddiaçının hər hansı üstünlüyünün olmamasında da özünü göstərir. İddiaçı Rusiya Federasiyasında zabit kimi hərbi xidmət keçmək, hərbi rütbəli əməkdaş kimi xidmət etmək hüququna malikdir ki, onun həmin hüququ Azərbaycan Respublikasında realizə edilməli olan hüququ hesab edilə bilməz. Tərəflər arasında beynəlxalq razılaşmada başqa qayda nəzərdə tutulmadığından, onun Rusiya Federasiyasında mülki ali təhsil müəssisəsində təhsili ilə əlaqədar almış olduğu rütbənin ölkədə tanınmasını zəruri edən heç bir əsas mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov