Məhkəmə qərarları › İş №2-1(112)-15236/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15236/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15236/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “informasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “informasiya sorğusunun cavablandırılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı xx.xx.2025-ci il tarixli sorğuya cavab verməmə ilə ifadə olunan hərəkətsizliyin qanunsuz hesab edilməsi və sorğuda göstərilən "xxxx" MMC-yə ("xxxx" MMC-yə (VÖEN: **********)) aid olan 2018-2025-ci illər üzrə illik hesabat, dövriyyə və maliyyə məlumatlarının iddiaçıya təqdim edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin vəkili olaraq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yazılı sorğu ilə müraciət etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10-cu maddəsinə əsasən dövlət orqanı müraciətə ən geci 30 gün müddətində cavab verməlidir. Lakin, bu günədək sorğusuna tam cavab verilməmişdir. Cavabdeh orqanın bu hərəkətsizliyi onun hüquqlarını müdafiə etdiyi "xxxx" MMC-nin qanuni maraqlarını pozmuşdur. Məsələ ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-2260/2021 saylı qərarı ilə "xxxx" MMC-dən 365105,16 (üç yüz altmış beş min bir yüz beş manat on altı qəpik) məbləğin "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərar alınmışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq borclu "xxxx" MMC müxtəlif yollarla məhkəmə qərarının icrasından yayınmışdır. Bundan başqa, həmin şirkətin sonradan adı dəyidirilərək "xxxx" MMC (VÖEN: **********) adlandırıldığı və müxtəlif maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən edilmişdir. Məhkəmə qərarının icrası üçün borclunun maliyyə vəziyyətinin müəyyən edilməsi məqsədilə Vergi Xidmətinə sorğu göndərilərək "xxxx" MMC-yə ("xxxx" MMC-yə) adi 2018-2025-ci illər üzrə illik hesabat, dövriyyə və maliyyə məlumatlarının təqdim olunması xahiş olunmuşdur. Lakin, Vergi Xidməti tərəfindən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab edərək sorğunu tam cavablandırmamışdır.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi ilə əvəz edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilmiş, sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilişdir. Etiraza əsasən, "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-2260/2021 saylı qərarı ilə "xxxx" MMC-dən 365105,16 manat məbləğin İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qərarın icrası baxımından "xxxx" MMC-yə məxsus 2018-2025-ci illər üzrə illik hesabat, dövriyyə və maliyyə məlumatlarının, eyni zamanda "xxxx" MMC-nin ("xxxx" MMC) nizamnaməsinin surətinin və MMC-nin adının dəyişdirilməsinin səbəbi məlumatlarının iddiaçıya təqdim edilməsinə dair “Verdiktum” Vəkil bürosunun Azərabycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli YB-091/25 nömrəli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsində baxılaraq sorğuda qeyd edilən məlumatların təqdim edilməsi təmin edilməmişdir. Hesab edirlər ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də, qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İlk növbədə bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində vergi orqanı tərəfindən qanunvericiliyin hansı tələbinin pozulması göstərilməmişdir. İddiaçı sadəcə onun tələbinin yerinə yetirilməməsi cavabdeh inzibati orqanı tərəfindən qanunsuz hərəkət kimi təqdim etmişdir. İddia ərizəsində qeyd edilən məlumatların təqdim edilməsi ilə əlaqədar bildirirlər ki, Vergi Məcəlləsinin 24.1.8-ci maddəsinə əsasən bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi, kommrsiya və bank sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən vergi ödəyicisinin razılığı ilə aşkar edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında; müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borclar hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla), vergi ödəciyisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaamsı haqqında, bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında, vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması, habelə bu hallarla bağlı vergi orqanının qəbul etdiyi qərarlar haqqında məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab oluur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Vergi Məcəlləsinin 30.6-cı maddəsində vergi orqanları və onların vəzifəli şxəsləri tərəfindən vergi ödəyiciləri haqqında məlumatın hansı hallarda və hansı orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verilə biləcəyi öz əksini tapmış, lakin həmin maddədə vergi sirri təşkil edən məlumatların digər şəxslərə verilməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddələrin tələblərindən də, göründüyü kimi, kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatların Vergi Məcəlləsində göstərilən şəxslərdən kənar şəxslərə verilməsi nəzərdə tutulmadığından iddiaçının iddia tələbi əsassızdır və təmin edilə bilməz.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçı tərəfindən 08 iyul 2025-ci il tarixli, VB-091/25 nömrəli məktubla “Verdiktum” Vəkil Bürosunun vəkili kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vəkil sorğusu ünvanlamışdır.

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən "xxxx" MMC-nin 2018-2025-ci illər üzrə mənfəət vergisi bəyannamələrinin surətlərinin təqdim edilməsi ilə bağlı” hissəsindən 30 iyul 2025-ci il tarixli, 3-21-2-2-1/2-55080/2025 nömrəli məktubla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.2, 30.3-cü və 30.6-cı maddələrinə istinad edilməklə imtina edilmişdir.

9. İddiaçı tərəfindən iş materiallarına İddiaçı MMC-yə hüquqi yardımın göstərilməsi haqqında elektron müqavilə və etibarnamənin surətini əlavə etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

16. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

17. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. İnformasiya əldə etmək azadlığı 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. ... Maddə 9. İnformasiya sahibləri 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; ... Maddə 10. İnformasiya sahibinin vəzifələri 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. … Maddə 14. İnformasiya əldə etmənin formaları 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: ... 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; ... Maddə 21. İnformasiya sorğusunun icra edilməsindən imtina 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

18. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. Vəkillik fəaliyyətinin təminatı İ. Təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. … Maddə 15. Vəkilin hüquqları ... İİ. Vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq.

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 30. Kommersiya və (və ya) vergi sirri 30.1. Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. 30.2. Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında. 30.2.5. vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borclar. 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıbdayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması, habelə bu hallarla bağlı vergi orqanının qəbul etdiyi qərarlar haqqında. 30.3. Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. 30.4. Vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər. 30.5. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 30.6. Bu Məcəllənin 30.1-ci maddəsində göstərilən vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq aşağıdakı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər: 30.6.1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə; 30.6.2. vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına; 30.6.3. ədalət mühakiməsinin həyata keçirilməsi məqsədi ilə müvafiq məhkəmələrə; 30.6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına; 30.6.5. “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn vəzifələrin icrası üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);[ 30.6.6. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına; 30.6.7. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə maliyyə monitorinqi orqanına; 30.6.7-1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə aşağıdakı məlumatları Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankına: 30.6.7-1.1. kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və nizamnamə, kommersiya hüquqi şəxslərinin idarəetmə orqanlarının rəhbərləri, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları; 30.6.7-1.2. fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların təsisçilərinin (iştirakçılarının) iştirakçısı olduğu hüquqi şəxslər və belə hüquqi şəxslərin nizamnamə kapitalındakı payları; 30.6.7-1.3. fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların idarəetmə orqanlarının rəhbərlərinin, təsisçilərinin (iştirakçılarının) və bu şəxslərin iştirakçısı olduğu hüquqi şəxslərin mənfəəti (gəlir və zərəri). 30.6.8. büdcə sistemi haqqında qanunvericiliyin və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); 30.6.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); 30.6.10. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün kredit bürolarına; 30.6.11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına; 30.6.12. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün notariuslara; 30.6.13. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi üçün icra məmurlarına; 30.6.14. sahibkarlığın inkişafı üçün təqdim olunan investisiya layihələrinin ekspertizasının həyata keçirilməsi, həmin layihələrin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi, habelə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyasının verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); 30.6.15. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 29.7-ci və 56.1-ci maddələrinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); 30.6.16. səlahiyyətlərinin icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); 30.6.17. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); 30.6.18. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında kənd təsərrüfatı sahəsində subsidiyalara, güzəştli kreditlərə, kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına və lizinqinə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması məqsədləri üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma). 30.6-1. Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər. 30.6-2. Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə) haqqında məlumat hesabların açılması məqsədilə ödəniş xidməti təchizatçılarına verilə bilər. 30.7. Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları əks etdirən sənədləri həmin sənədləri onlara təqdim etmiş vergi orqanlarına qaytarmalıdırlar. 30.8. Vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər.

20. Hazırki işin hallarından müəyyən edilir ki, İddiaçı MMC-nin vəkili kimi həmin Cəmiyyətin hüquqlarının müdafiəsi məqsədilə Cəmiyyətin tələbkar olduğu Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-2260/2021 saylı qərarı üzrə verilmiş icra sənədinin icrasına nail olmaq üçün borclu "xxxx" MMC-nin sonradan adı dəyişdirilərək "xxxx" MMC olmuşdur) 2018-2025-ci illərə üzrə mənfəət vergisi bəyannamələrinin surətlərinin təqdim edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.2, 30.3-cü və 30.6-cı maddələrinə istinad edilməklə imtina edilmişdir. İddiaçı hazırda həmin imtina məktubu ilə razılaşmayaraq cavabdehin hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir.

21. Məhkəmə işin hallarını qanunvericiliyin yuxarıda sadalanan normaları ilə birlikdə təhlil edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən qanuni əsaslarla imtina edilmişdir. Belə ki, yuxarıda sadalanan vergi qanunvericiliyinin tələblərindən göründüyü kimi, qanunvericilikdə kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatların, həmin məlumatları əldə etmək hüququ olan şəxslərin (orqanların) dairəsi konkret olaraq müəyyən edilmiş və vəkillərin vəkil sorğusu əsasında həmin məlumatları əldə etmək hüququ qanunvericilikdə təsbit edilməmişdir. Bu səbəbdən də, iddiaçının tələbi qanunsuz və əsassız hesab edilməklə təmin edilməməlidir.

22. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçının həmin sorğuya cavabı əldə etməkdə hüquqi marağı hüquqlarını təmsil etdiyi İddiaçı MMC-nin tələbkar olduğu icra sənədi üzrə məhkəmə qərarının icrasına nail olmaqdır ki, qanunverici məhkəmə qərarının icrasının təmin edilməsinin üsul və qaydalarını müəyyən etmiş və Vergi Məcəlləsinin 30.6.13-cü maddəsinin tələbindən göründüyü kimi, iddiaçının tələb etdiyi məlumatların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi üçün icra məmurlarına təqdim edilməsi mümkündür. Odur ki, iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməklə məhkəmə qərarının icrasına sözügedən qaydada nail ola bilər.

23. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

24. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

25. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar