Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1524/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: “X2” MTK) “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 3-21-3-30/2- 11086/2024/**********86 saylı, xx.xx.2024- cü il tarixli cavabı ilə müşayiət olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və “X2” MTK üzvlərinin 08 saylı protokolunun xx.xx.2024-cü il tarixli çıxarışına uyğun olaraq adına Bakı şəhəri, ünvan 1 ünvanda 42,0 kv.m. sahənin ayrılmasına, bununla onun 86 A saylı mənzilin payçısı hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 8 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 33 saylı binasının 20-ci mərtəbəsində yerləşən sahəsi 42 kv.metr olan 86 A saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X2” MTK 3-cü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2” MTK üzvlərinin 08 saylı protokolunun xx.xx.2024-cü il tarixli çıxarışına uyğun olaraq iddiaçının adına Bakı şəhəri, ünvan 3 ünvanda 42 kv.metr sahənin ayrılmasına, bununla iddiaçının 86A saylı mənzilin payçısı hüquqlarının əldə edilməsinə dair hüquqmüəyyənedici sənədləşmənin yerinə yetirilməsi qeydiyyata alınmış, tərəfindən qeyd olunan əmlakın satın alınmasına dair tam ödənişin həyata keçirilməsi barədə 11 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışı verilmişdir. O, hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdehin 3-21-3-30/2-11086/2024/**********86 saylı, xx.xx.2024-cü il tarixli cavabı ilə, müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 86A saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 3168-ci məhəllədə inşa edilmiş yaşayış binasına dair cavabdeh tərəfindən elektron qaydada göndərilmiş 133 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədlərində texniki mərtəbənin təyinatı barədə hər hansı məlumat qeyd edilmədiyindən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168 ünvanında inşa edilmiş 33 (11) saylı yaşayış binasının 86a saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********86 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 86a saylı mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168 ünvanında inşa edilmiş yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada göndərilmiş 133 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində texniki mərtəbənin təyinatı barədə hərhansı məlumat qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı ilə “X2” MTK (bundan sonra – üçüncü şəxs) arasında bağlanmış xx.xx.2023cü il tarixli alqı-satqı (payçı) müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri, Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 33 saylı binasının 20-ci mərtəbəsində yerləşən, sahəsi 42,0 kv.metr olan 1 otaqlı 86A saylı mənzilin payçısı hesab edilmişdir. “X2” MTK üzvlərinin 08 saylı, xx.xx.2024-cü il tarixli protokolundan çıxarışa əsasən iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 33 (11), 1ci giriş, texniki mərtəbə ünvanda 42 kv.metr sahəsi olan 1 otaqlı, 86a nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir. Üçüncü şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11 saylı maliyyə arayışına əsasən Bakı şəhəri, ünvan 3 ünvanda 42 kv.m. sahəsi olan 1 otaqlı, 86a nömrəli mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən mənzil 19 mərtəbəli binanın texniki mərtəbəsində yerləşir. Texniki mərtəbə pilləkan qəfəsindən lift şaxtasından və boş otaqdan ibarət olmuşdur. İddiaçının göstərdiyi sahə həmin boş otaqda yerləşir. Həmin otaq təmirsizdir (işıq, qaz və suyu yoxdur). Sözügedən texniki mərtəbə binaya dair qəbul aktında qeyd olunan yaşayış sahəsinə daxil deyildir. Göstərilən tikilinin planı əlavə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 133 nömrəli, 22 avqust 2019-cu il tarixli istismara icazə sənədində “X2” MTK tərəfindən təqdim edilmiş Moskva prospekti, 3168-ci məhəllə (2, 3, 4, 11 və 12 nömrəli binalar) 2 ədəd 1 girişli, 19 (+texniki) mərtəbəli və 3 ədəd 1 girişli 22 (+texniki) mərtəbəli, 2 səviyyə zirzəmili yaşayış binalarının xx.xx.2019-cu il tarixdən istismarına icazə verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilənlər qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.8.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.6). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı onunla üçüncü şəxs arasında bağlanmış müqaviləyə və MTK üzvlərinin ümumi yığıncağı iclasında çıxarışa əsaslanaraq Bakı şəhəri, Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 33 saylı binasının 20-ci mərtəbəsində yerləşən, sahəsi 42 kv.metr olan 1 otaqlı 86A saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Cavabdehin etirazının əsası ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi mənzil binanın texniki mərtəbəsində yerləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (bundan sonra – Mənzil Məcəlləsi) göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir (35.1.). Qeyd edilən normanın məzmunundan görünür ki, binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər sırasında texniki mərtəbələr də qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşayış binaları Layihələndirmə normaları”nın 3-cü bəndində göstərilmişdir ki, mansarda - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Texniki mərtəbə - binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbədir. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələrarası ola bilər. Mərtəbələr arasında hündürlüyü 1,8 m və daha az olan məkan, yalnız kommunikasiyaların çəkilişi üçün istifadə olunur və mərtəbə sayılmır. İş üzrə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi, texniki mərtəbənin pilləkan qəfəsindən lift şaxtasından və boş otaqdan ibarət olduğu, iddiaçının göstərdiyi sahənin həmin boş otaqda yerləşdiyi, həmin otağın təmirsiz olduğu. Həmin mərtəbənin binaya dair qəbul aktında qeyd olunan yaşayış sahəsinə daxil olmadığı aydın olur. Eyni zamanda binanın yükskdən çəkilmiş fotoşəklindən görünür ki, iddiaçının iddia etdiyi “mənzil” binanın ümumi mərtəbələrinə aid deyil. Belə ki, həmin sahə binanın damında əlavə olaraq inşa edilmiş binanın bir hissəsidir. Həmin sahədə boş otaqla yanaşı binaın lift şaxtasının da yerləşməsi göstərilənləri bir daha təsdiq edir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi sahə binanın texniki çardaq hissəsinə uyğun gəlir ki, həmin hissə yuxarıda qeyd edilən qanunvericilik aktlarına əsasən binanın ümumi istifadədə olan hissəsi olmaqla həmin sahə üzərində ayrı-ayrı şəxslərin mülkiyyət hüququ tanına bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1524/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1524/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver