Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15254/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhuma məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə iclasından kənar qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, ümumi sahəsi 0,20 hektardan ibarət, 376 saylı bağ sahəsinin 07 fevral 1977-ci ildə vəfat etmiş Seyfulla Rəcəb oğluna məxsusluğunu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Seyfulla Rəcəb oğlu xx.xx.1977-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən ümumi sahəsi 0,20 hektardan ibarət 376 saylı bağ sahəsi “Bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi” haqqında xx.xx.1967-ci il tarixli müqaviləyə əsasən mərhumun istifadəsinə verilmişdir. İddiaçı 1967-ci ildən hazırkı vaxtadək həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin 1250 kv.m hissəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. Məlumat üçün, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi və sərhədlərinin şərti olduğu, həmçinin ərazinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi və bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti olmadığı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 8.1.1-ci maddəsin əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşdən görünür ki, hazırkı iddia bağ sahəsinin mərhum şəxsə məxsusluğu barədə arayışın verilməsi ilə bağlıdır. Bu səbəbdən, yuxarıdakı normanın tələblərinə uyğun olaraq hazırkı iddia ərizəsinə ərazi aidiyyət qaydalarına uyğun olaraq iddiaçının iddia etdiyi bağ sahəsinin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbində iddia etdiyi bağ sahəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşdiyini bildirsə də, cavabdeh iddia ərizəsinə yazılı etirazında sözügedən sahənin 1250 kv.m hissəsinin Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyini qeyd etmişdir. Həmçinin, məhkəmə sorğusu əsasında əldə edilmiş mübahisəli bağ sahəsinin ortofoto görüntüsünə nəzər saldıqda, həmin torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin, bir hissəsinin isə Abşeron rayonunun inzibati ərazisi daxilində yerləşdiyi müəyyən edilir. İPM-nin 9.1-ci maddəsinə əsasən aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə (9.1.1); birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda (9.1.2); mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda (9.1.3). Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Göründüyü kimi İnzibati Prosesssual qanunvericiliyə əsasən ərazi aidiyyətinin müəyyən edilməsinin mümkün olmadığı hallarda səlahiyyətli məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin, bir hissəsinin isə Abşeron rayonunun inzibati ərazisi hüdudlarında yerləşməsi səbəbindən, İPM-in müstəsna aidiyyətlə bağlı normalarına əsasən işə baxmağa səlahiyyətli məhkəmənin müəyyən edilməsində çətinlik yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxmaqda səlahiyyətli məhkəmənin Bakı İnzibati Məhkəməsi, yoxsa Sumqayıt İnzibati Məhkəməsi olmasını müəyyən etmək üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və İPM-in 8.1.1 və 9.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhuma məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 15254/2025 saylı iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-15254/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15254/2025
02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver