Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15258/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayədəsi və vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və Maliyyə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən yol verilmiş hərəkətsizlik nəticəsində qeyri-qanuni tikintilərin aparılması və həmin tikintilərdə tikinti normalarının pozulmasının qarşısının alınmaması nəticəsində ona vurulmuş 9.807,36 AZN həcmində maddi ziyanın, 10.400 AZN dəyərin itkisi, qiymətləndirmə rəyi ilə bağlı ödənilmiş 100 AZN və hüquqi xidmətlə bağlı ödənilmiş 1200 manat olmaqla, cəmi 21.507,36 (iyirmi bir min beş yüz yeddi tam yüzdə otuz altı) AZN məbləğində kompensasiya vəsaitinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində iddiaçıya məxsus "Mazda CX- 5" markalı, **-DO-*** dövlət qeydiyyat nişanı olan avtomobilini "Messenat Holdinq"in binasında icarədə olan "VTB Azərbaycan" Bankın əməkdaşları üçün müəyyən olunmuş və Xətai prospekti, 38 ünvanında yerləşən Messenat Holdinqin binasının dayanacağında saxlamışdır (qeyd olunan bankın işçisidir). xx.xx.2023-cü il tarixində, saat təqribən 11:00da bankın əməkdaşlarından zəng edərək, avtomobilinin üzərinə yaxında yerləşən binadan taxtalar düşüb və avtomobili zədələdiyini bildirib. Nə baş verdiyini görmək üçün dərhal dayanacağa getdi. Dayanacağa gələrək avtomobilə çoxlu ziyan dəydiyini gördü və maşının vəziyyətinin şəklini çəkdi. Taxtaların maşının üzərinə düşməkdə davam etdiyini görüb öz təhlükəsini və riskini nəzərə almayaraq maşını təhlükəsiz yerə köçürtdü. Həyat yoldaşı Sultan Danyalova zəng etdi, yaxınlıqda olduğundan o, tezliklə hadisə yerinə gəldi və maşının vəziyyətini daha ətraflı foto şəkil və videoya çəkdi. Avtomobil, demək olar ki, bütün korpus üzrə əhəmiyyətli əzilmə və cızıqlar kimi çoxsaylı zədələr almışdır və ön şüşə də çatlamışdı. O, bundan bir qədər sonra saat 11:31-də 102-yə zəng edib hadisə barədə məlumat verdi. İşin uzun müddət aidiyyəti müəyyən edildikdən sonra araşdırılması üçün Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə verildiyi bildirirdi. Və həmin idarəyə yazılı şikayət verdi. Eyni zamanda, həyat yoldaşı, Sultan Danyalov, FHN-nin qaynar xəttinə 112 nömrəsinə zəng etdi və avtomobilin saxladığı yerdə yaxında olan tam tikilməmiş binadan avtomobilin üzərinə tikinti materialların (taxta və dikt) düşməsini dedi və insanların və ya nəqliyyat vasitələrinin yaralanması riskini bildirdi. İşin araşdırılmasına müvəkkil edilmiş şöbənin baş təhqiqatçısı xx.xx.2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hadisənin günün təbii hava şəraiti güclü küləyin əsməsi nəticəsində yaxınlıqda tikintisi aparılan binadan taxtaların düşməsi nəticəsində baş verdiyindən cinayət tərkibi müəyyən edilməmişdir. Qərarda göstərilən bina, tikintisi aparılan və yarımçıq tikilidir, düşən taxta isə həmin tikilidə istifadə olunmuş qoruyucu səthin taxtalarıdır (şəkillər əlavə edilir). Yəni, tikintini aparan şəxs tikinti təhlükəsizlik normalarını pozaraq həyat üçün real təhlükə yaratmışdır. İşin hallarından da göründüyü kimi, tikintini aparan şəxs tikinti qoruyucu səddini köhnə taxtalarla və tam bərkidilməmiş şəkildə həyata keçirmişdir. Agentlik tərəfindən ona verilmiş vəzifələrini icra etməməsi və hüquqlarından istifadə etməməsi nəticəsində Bakı şəhərinin mərkəzində təhlükəsizlik qaydalarına uyğun olmayan və qoruyucu sahəsi təmin edilmədən tikinti işləri həyata keçirilmişdir. Agentliyin həmin hərəkətsizliyi nəticəsində isə onun əmlakına ziyan vurulmuşdur. Avtomobilinə dəymiş zərərin müəyyən edilməsi üçün tərəfndən "Mazda" rəsmi servisinin icraçısı "xxxx" MMC-nin servis xidmətinə müraciət etdi. Həmin servis tərəfindən araşdırma aparılmış və təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən avtomobilə dəymiş zərər 9.807,36 (doqquz min səkkiz yüz yeddi tam yüzdə otuz altı) AZN təşkil edir. Bundan başqa, avtomaşının xəsarət almadan cəmi 48 gün əvvəl alınmışdı. Yəni tam təzə idi. Xəsarət dəyməsi isə onun əmtəə-bazar dəyərini də aşağı salmışdır. Bununla bağlı tərəfindən Əmlak Ekspert Mərkəzinə müraciət olunmuşdur. Həmin mərkəzin təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəyə əsasən avtomaşın 10.400 (on min dörd yüz) AZN əmanət dəyərini itirmişdir. Müvafiq rəyin verilməsi ilə bağlı 100 manat ödəniş həyata keçirdi. Dövlət orqanları tərəfindən müraciətlərinə baxılmadığını gördükdə o, keyfiyyətli hüquqi yardım almaq məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 3 saylı vəkil bürosunun vəkili X4 ilə müqavilə bağlayaraq 1200 manat ödəniş etdi. Bundan sonra tərəfindən xx.xx.2023-cü il tarixində AR FHN TTNDA-nə müraciət edilərək, kompensasiya ödənilməsi xahiş edilmişdir. Lakin həmin müraciətə cavab verilməmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
7. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 511 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi haqqında Əsasnamə"yə əsasən: 7.1. öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir;
8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 8.6. istismar olunan bina və qurğuların seysmik davamlılığının, təbii fəlakətlərə qarşı dayanıqlığının artırılması üzrə zəruri tədbirlər proqramının işlənib hazırlanmasını öz səlahiyyətləri daxilində təşkil etmək və həyata keçirilməsinə nəzarət etmək; 8.7. ərazilərin, binaların və qurğuların təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə layihələndirmə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək; 8.22. dövlət nəzarət sistemini tətbiq etmək üçün tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərində normativ hüquqi və normativ texniki aktların tələblərinə əməl olunması məqsədilə öz səlahiyyətləri daxilində aşağıdakı işləri yerinə yetirir: 8.22.5. tikinti və tikinti ətrafı ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək; 8.23. tikinti norma və qaydalarını pozmaqla həyata keçirilən tikintilərdə, hüquqi və fiziki şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8. Göründüyü kimi Əsasnamə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi ilə tikinti, bərpa, yenidənqurma və sair işlərini aparan hüquqi və fiziki şəxslər arasında olan münasibətləri tənzimləyir. İddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi maddi və mənəvi ziyanın ödənilməsi barədə ərizə ilə binanın mülkiyyətçiyə müraciətdir.
9. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarda qeyd edilmişdir ki, qeyd olunan hadisə günü təbii hava şəraiti güclü küləyin əsməsi səbəbindən binadan taxtaların düşməsi nəticəsində baş verdiyindən cinayət tərkibi müəyyən edilməmişdir.
10. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva