Məhkəmə qərarları › İş №2-1(112)-1526/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1526/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1526/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ona Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası 30 iyun 2021-ci il tarixli 106204 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-2021-ci il tarixdə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasının “Hüquq mühafizə Fəaliyyəti” fakültəsinə daxil olmuşdur. 30 iyun 2021-ci il tarixində həmin universiteti bitirmişdir (diplomun verilmə tarixi 30 iyun 2021-ci il). Həmin tarixli 106204 0000859) saylı bakalavr diplomu verilmişdir. Sözügedən Akademiyada 2016-2021-ci illər olmaqla əyani əsasla təhsil almışdır. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmişdir. Daha sonra ekspertlərin yoxlanışından sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarəsi ona tədris dili üzrə bilik səviyyəsinin qənaət bəxş olmaması səbəbindəb imtina məktubu vermişdir. Təqdim etdiyi sənədlərdən də görünür ki, təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə Akademiyanın tələbə ixtisasına müəyyən qədər yiyələnmişdir. Diplomumun tanınmasında heç bir qadağa olmadığı halda diplomunun tanınmaması Beynəlxalq Konvensiyaya ziddir. Həmçinin diploma əlavədən də görünür ki, o ali təhsil aldığım müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Hətta xarici passportundan da təhsil aldığı müddətlərdə müntəzəm olaraq Rusiya Federasiyasına səfər etdiyi və uzun müddət orada qaldığı açıq-aydın görünür. Onun bilik səviyyəsinin ölkəmizdə müəyyən olunan səviyyə ilə uyğun gəlmədiyi hissəsi ilə əlaqədar isə qeyd etməyi zəruri bilir ki, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası beynəlxalq standartlara cavab verən təhsil verir ki, bu təhsili bildirən diploma əlavə də ona təqdim edilmişdir. Əgər həmin təhsil müəssisəsində beynəlxalq standartlara uyğun təhsil verilməsəydi, yəqin ki, onda həmin Universitet ölkəmizdə rəsmi olaraq tanınmazdı. Təəssüflər olsun ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddia ərizəsində qeyd etdiyi bu hallan araşdırmadan teztələsik qərar vermiş və haqsız olaraq onun ali təhsil almağı haqqında olan diplomunu tanımamışdır. Bu isə onun gələcəkdə normal karyera qurmağına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqına töhvələr verməyinə ciddi maneə törədir.

3. Cavabdeh qurumun xx.xx.2022-ci il tarixli qərarında bildirilmişdir ki, ekspertiza zamanı ərizəçinin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya"mn İİİ.1.2 maddəsinə əsasən, müraciətə baxılması zamanı tərəflər ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu i! tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə, ərizəçinin tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilməz. Qeyd olunanlara əsasən qərara alındı:

1. Ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmasın.

2. Qərarın surəti məlumat üçün ərizəçiyə təqdim edilsin. 3.Qərardan 30 (otuz) gün müddətində inzbati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun olaraq tanınır. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Sözügedən Qaydaların 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir:

1. Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi;

2. xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya"nın İİİ.1.2 maddəsinə (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir) əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini, spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması halı onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. İddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunsuzluq təşkil etməsi müəyyən edilmişdir. Belə ki, bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil etməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar etməyi və onların müxtəlif həll yollarını təhlil etməyi və qiymətləndirməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah etməyi, həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarmalıdır ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir. Qeyd edilən normalardan da göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələbləri müəyyən edən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə dəfələrlə (2-1(102)-449/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)- 667/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarlar) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

5. Məhkəmənin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən İddiaçı tədris (rus) dilini bilmə səviyyəsinin Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasının “hüquqşünaslıq” ixtisasını mənimsəməsi üçün yetərli olub-olmaması barədə mütəxəssis rəyi verilməsi qərara alınmışdır.

6. Bakı Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2-1(112)-10078/2022 nömrəli Qərardadda qeyd edilmişdir ki, İddiaçı rus dili üzrə bilik səviyyəsinin yoxlanılması və rus dili üzrə əldə etdiyi dil biliklərinin Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında aldığı "Hüquqşünaslıq” ixtisasını mənimsəməsi üçün kifayət olub-olmaması barədə BDU-nun filologiya fakültəsinin aidiyyəti kafedrası tərəfindən mütəxəssis rəyi alınsın. Müraciətdə qeyd edilən məsələ ilə bağlı bildirilir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə görə təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nə əsasən Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparan publik hüquqi şəxsdir. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil Haqqında”, “Elm haqqında" qanunlarını və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64-cü maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Qeyd olunan normaların tələbindən göründüyü kimi, BDU yalnız “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirir, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodolji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparır. BDU-nun başqa fəaliyyət növləri, o cümlədən mütəxəssis rəyinin verilməsi ilə bağlı hüquq, vəzifə və səlahiyyəti nəzərdə tutulmamışdır. Həmçinin BDU-nun Filologiya fakültəsi rus və ya başqa dillərin tədrisi üzrə deyil, Azərbaycan dili və ədəbiyyatının tədrisi üzrə ixtisaslaşmışdır. Həm müəllim, həm də tələbə kontingentinin sayı baxımından da fakültədə Azərbaycan bölməsi üstünlük təşkil edir. Digər tərəfdən həmin fakültədə Qərardadda qeyd edilən “Hüquqşünaslıq” ixtisası olmayıb, bu sahə üzrə mütəxəssis də yoxdur. Ona görə BDU hər hansı dil biliklərinin müəyyən edilməsi sahəsində ixtisaslaşmış müəssisə olmadığı üçün şəxsin müvafiq dil biliklərinin “Hüquqşünaslıq” ixtisasının mənimsənilməsi üçün kifayət olub-olmamasını müəyyən edərək mütəxəssis rəyi verilməsi imkan xaricindədir. Hesab edir ki, belə müraciətlərin müvafiq dil biliklərinin araşdırılması üzrə ixtisaslaşmış müəssisələrə ünvanlanması daha məqsədəmüvafiq olardı. Eləcə də mütəxəssis rəyinin verilməsi ilə bağlı prosedur kifayət qədər mürəkkəb olub, müsahibənin keçirilmə vaxtı və yeri barədə məhkəməyə və iş üzrə tərəflərə məlumat verilməsi, məhkəmə prosesi iştirakçılarının və onların nümayəndələrinin müsahibədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, müsahibənin videoyazısının aparılması, rəy vermiş mütəxəssisin sualları cavablandırmaq üçün məhkəmədə iştirak etmək məcburiyyəti və s. fakültənin iş rejimini pozur. Bu da nəticədə BDU-nun qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətinə mane olur və tədris prosesinin pozulmasına səbəb olur. Digər tərəfdən “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 4.16-cı bəndinə əsasən Universitetin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikası Əmək Məcəlləsi, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları, bu Nizamnamə və Universitetin daxili intizam qaydaları ilə, eləcə də Universitetlə əmək münasibətləri olan şəxslərə münasibətdə əmək müqavilələri ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək vəzifəsi olduğu kimi, onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək hüququ da vardır. İşəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. İşəgötürən işçilərdən yalnız əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququ vardır. Hər hansı qayda və üsulla işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. {Əmək Məcəlləsinin 9, 10, 11, 17, 57-ci maddələri) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64-cü maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Qeyd olunan normaların tələbindən göründüyü kimi işəgötürən və işçinin hüquq və vəzifələri əmək qanunvericiliyi və onlar arasında bağlanılmış fərdi əmək müqaviləsinə əsasən müəyyən edilir. Əmək qanunvericliyinə və BDU ilə işçilər arasında bağlanılmış əmək müqaviləsinə əsasən işçilərin əmək funksiyaları yalnız tədris prosesinin aparılması ilə bağlı olub, işçinin hər hansı başqa bir fəaliyyətdə, o cümlədən mütəxəssis rəylərinin verilməsi ilə bağlı fəaliyyətdə iştirak etmək vəzifəsi nəzərdə tutulmamışdır. İşçilər bu fəaliyyətdə könüllü iştirakdan isə qəti şəkildə imtina edirlər, işəgötürənin də işçiləri nəzərdə tutulmayan fəaliyyətdə iştirak etməyə və ya suallara cavab vermək, şifahi və ya yazılı məsləhətlər vermək üçün hər hansı quruma getməyə məcbur etmək səlahiyyəti yoxdur. Odur ki, hazırda müraciətdə qeyd edilən məsələ ilə bağlı mütəxəssis rəyinin verilməsi imkanımız xaricindədir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Penitensiar Xidmətin 26 aprel 2022-ci il tarixli arayışında bildirilmişdir ki, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili) ədliyyə leytenantı İddiaçı həqiqətən xidmətin göndərişi əsasında 2016-2021-ci illərdə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyasında dövlət hesabına əyani təhsil almışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Penitensiar Xidmətin 28 fevral 2023-cü il tarixli arayışında bildirilmişdir ki, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili) ədliyyə leytenantı İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdən xüsusi rütbəli kimi Penitensiar xidmətdə qulluqdadır.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

13. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

14. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

16. Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası tərəfindən verilmiş 725 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Bakalavr diplomuna əsasən, İddiaçı “hüquqşünaslıq” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir.

17. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

18. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.

19. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

20. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

21. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

22. Eyni zamanda, imtina verilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

23. İmtina verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

24. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur.

25. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı məhz Ədliyyə Nazirliyinin sifarişi əsasında Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyasında təhsil almış, təhsilini başa vurduqdan sonra Ədliyyə Nazirinin xx.xx.2021ci il tarixli əmri ilə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyasının müdavimi olaraq 14 saylı Cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili) təyin olunmuşdur və hazırda da xüsusi rütbəli kimi Penitensiar xidmətdə qulluqdadır.

26. Beləliklə, yuxarıda istinad olunan normalara görə və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomların qarşılıqlı tanınmasına dair beynəlxalq müavilə mövcud olduğundan iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

27. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia tələbi təmin edilsin. Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası tərəfindən İddiaçı adına verilmiş 725 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar