Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15262/2025 09.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: “Rast MTK” və "xxxx" MMC) “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan-kadastr cizgisinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Əli bəy Hüseynzadə küçəsi, giriş 235 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,02414 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan kadastr-cizginin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə “Rast MTK” və "xxxx" MMC 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 134,2 kv. metr olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi mülkiyyət hüququ ilə X2, Qızana Nəcəf qızının və Ummixanım Süleyman qızının xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 04/6932 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin (tikintialtı və həyətyanı) faktiki sahəsi 0,02414 ha təşkil edir. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X2, X8 və X1 mülkiyyətində olan sözügedən fərdi yaşayış evi onların ölümündən sonra vərəsəlik qaydasında iddiaçıya keçmiş və ev üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X6 iddiaçının babası, X14 onun babasının anası və X4 babasının bacısı olmuşdur. Göründüyü kimi, sözügedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Aşumovlar ailəsinin 100 ildən çoxdur istifadəsindədir. Ötən müddət ərzində iddiaçı və onun ailəsi fərdi yaşayış evindən və torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı hazırkı tələblə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinası heç bir hüquqi əsasa söykənmədiyi kimi, faktiki əsasları da mövcud deyil. Belə ki, qeyd edilən əraziyə dair hansı hüquqi şəxsin hansı hüquqlarının olmasına dair heç bir məlumat bildirilməmişdir. Hər hansı şəxsə verilmiş ərazi olsa belə, Aşumovlar ailəsinin 100 ildir ki, mülkiyyətində olan torpaq sahəsi üzərində olan hüquqların başqa hüquqi şəxsə verilməsi, mülkiyyət hüququnun kobud pozuntusudur. Hətta həmin ərazidə heç bir söküntü işləri aparılmır və aparılmasının nəzərdə tutulması barədə orada yaşayan vətəndaşların da heç bir məlumatı yoxdur. Cavabdeh özü 1972-ci il tarixli texniki pasporta əsaslanaraq xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evi üzərində X2, Qızana Nəcəf qızının və Ummixanım Süleyman qızının xüsusi mülkiyyət hüququnu tanımış və qeydiyyata almışdır. Hazırda isə hansı əsasla həmin texniki pasporta şübhə ilə yanaşaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tanımaqdan imtina etdiyi ağlabatan deyil. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən ərazi icarə hüququ əsasında (49 illik) digər hüquqi şəxsin, "xxxx" MTK-nın adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamənin hüdudları daxilində yerləşir və ümumi əraziyə dair idarəyə digər hüquqi şəxsin, "xxxx" MMC-nin müraciəti daxil olmuşdur. Bundan başqa, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən fərdi yaşayış evi ilkin olaraq X6, X5 və X8 adına qeydiyyata alınmışdır. Təqdim edilmiş texniki pasportda adı qeyd olunan X9, arxiv texniki paspostunda qeyd olunan X3 arasında əlaqəli sənəd aşkarlanmamış və təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanındakı 0,0189 kv.m torpaq sahəsində yerləşən 134.20 kv.metr fərdi yaşayış evi üzərində X2, Qızana Nəcəf qızının və Ummixanım Süleyman qızının ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla istifadədə olması göstərilmişdir. xx.xx.2021-ci il tarixli X6 və digərlərinin adına tərtib edilmiş yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi faktiki 0,02414 hektar təşkil edir. xx.xx.2025-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələrdən görünür ki, xx.xx.1935-ci il tarixdə vəfat etmiş X4, xx.xx.1964-cü il tarixdə vəfat etmiş X6 və xx.xx.1937-ci il tarixdə vəfat etmiş X7 qalan miras əmlak ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 134.2 kv.metr olan fərdi yaşayış evindən ibarətdir və həmin miras əmlak onların vərəsəsi kimi iddiaçıya keçmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 (Yeni qaydalarla: ünvan 2 ünvanındakı 0.0189 kv.m torpaq sahəsində yerləşən 134,20 kv.metr fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla istifadədə olması göstərilmişdir. xx.xx.2025-ci il tarixli iddiaçının adına tərtib edilmiş yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə və faktiki 0,0241 ha, tikintialtı sahə isə 0,0189 ha təşkil edir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 134.2 kv.m, həmin evin yerləşdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,0241 ha təşkil edir. 0323 saylı, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 548 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 11404 saylı inşaat pasportu əsasında Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 410-cu məhəllədə ayrılmış torpaq sahəsini "xxxx" MTK-ya 49 il müddətinə icarəyə verilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN – 5763 KOD 00800003 şəhadətnamədən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 548 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı və 0323 saylı, xx.xx.2004-cü il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 410-cu məhəllədə yerləşən torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 49 il müddətinə "xxxx" MTK-ya müvəqqəti istifadə üçün verilmişdir. xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, B.Məcidov və digər küçələrin əhatə etdiyi ərazidə yerləşən 10 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədiylə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə daxil olmuş müraciətlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələyə dair rəy bildirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, müraciət edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, B.Məcidov və digər küçələrin əhatə etdiyi ərazidə yerləşən 10 ha ərazinin daxilində çox sayda yaşayış və qeyri-yaşayış təyinatlı daşınmaz əmlak obyektləri yerləşir. Həmçinin ərazi daxilində "xxxx" MTK-nın adına JN- 5763 nömrəli şəhadətnamə ilə verilən torpaq sahəsi də mövcuddur. Mübahisəli əraziyə dair ortofoto görüntüləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və bu barədə ona çıxarışın, plan kadastr-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.[daşınmaz əmlak sertifikatıdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində” yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)” qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.02414 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması və bu barədə ona reyestrdən çıxarış və plan kadastr-cizginin verilməsini xahiş edir. İddiaçı öz tələbinin hüquqi əsası kimi göstərir ki, qeyd edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında miras əmlak kimi keçmiş və həmin fərdi yaşayış evi üzərində hüquqları xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona çıxarış verilmişdir. Belə olan halda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də onun mülkiyyəti sayılmalıdır. Cavabdehin imtinasının əsasını o təşkil edir ki, göstərilən ərazi icarə hüququ əsasında (49 illik) “Rast MTK”-nın adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamənin hüdudları daxilində yerləşir və ümumi əraziyə dair “Violan MMC”-nin müraciəti daxil olmuşdur. Bundan başqa, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən fərdi yaşayış evi ilkin olaraq X6, X5 və X8 adına qeydiyyata alınmışdır. Təqdim edilmiş texniki pasportda adı qeyd olunan X9, arxiv texniki pasportunda qeyd olunan X3 arasında əlaqəli sənəd aşkarlanmamış və təqdim olunmamışdır. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehin arxivində də nüsxısi mövcud olan Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasportda iddiaçının babası Əliheydər Aşumovun adı qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş texniki pasportda digər mülkiyyətçi kimi Aşumova Xanım, texniki pasportun arxiv nüsxəsində isə Aşumova Beyanxanım kimi qeyd edilməsini isə texniki pasportun tərtib edildiyi dövrdə texniki imkanların məhdud olması səbəbindən yol verilən texniki səhv kimi qiymətləndirir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). Qeyd texniki pasportdakı sözügedən fərqliliklər mübahisə predmeti deyildir və bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, texniki pasportda iddiaçının babası İddiaçı adının olması işin mübahisəsiz halıdır. Belə olan halda texniki pasportla bağlı qeyd edilən digər hallar formal mahiyyətə malikdir. Digər tərəfdən işin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi fərdi yaşayış evinə dair iddiaçının yaxın qohumlarının (babası, babasının anası, babasının bacısı) adına müvafiq texniki pasportu olmuş, onların vəfatından sonra miras əmlak vərəsəlik qaydasında iddiaçıya keçmiş və iddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əldə etmişdir. “Torpaq islahatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçı onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (706.1). Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər (706.2). Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər (706.3). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir (51). İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK-nın 49 illik icarəsinə verilmişdir. Bundan sonra isə ərazidə yaşayış binalarının tikintisinin aparılması üçün "xxxx" MMC tərəfindən müraciət daxil olmuşdur. Qeyd edilən halların aydınlaşdırılması üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə “Rast MTK” və "xxxx" MMC 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu barədə qeyd etdiyi hal iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, “Rast MTK”-ya torpaq sahəsi yalnız icarə müqaviləsi əsasında verilmiş, lakin iddiaçının ondan daha öncə torpağa gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Mübahisəli əraziyə "xxxx" MMC tərəfindən edilmiş müraciətlə bağlı da yekun hüquqi addım atılmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Əli bəy Hüseynzadə küçəsi, giriş 235 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,02414 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və plan kadastr-cizginin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Əli bəy Hüseynzadə küçəsi, giriş 235 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,02414 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-15262/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15262/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver