Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15263/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 İdris oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı Ali Shanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pakistan İslam Respublikasının vətəndaşı Ali Shanın xx.xx.2025-ci il tarixli AR-da müvəqqəti yaşamaq icazəsinin verilməsi ilə bağlı müraciətinin rədd edilməsinə dair müvafiq qərarını ləğv edərək Pakistan İslam Respublikasının vətəndaşı Ali Shana müvəqqəti yaşamaq icazəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Ali Shan 2019-cu ildən 2024-cü ilə qədər hər il Azərbaycan Respublikasında müvəqqəti yaşamaq hüququ əldə etmişdir. 28.04 2024-cü ildə isə Azərbaycan Respublikası vətəndaşı ilə nikahda olmasından irəli gələrək ona daimi yaşamaq hüququ verilmişdir. xx.xx.2024-cü il tarixli DMX-nin qərarı ila Ali Shanın Azərbaycan Respublikası ərazisinə girişi bir il müddətinə məhdudlaşdırılmaqla ölkə hüdudlarından kənara çıxarılmışdır. Həmin müddət başa çatdıqdan sonra, yəni xx.xx.2025-ci ildə 01 aylıq viza ilə Ali Shan Azərbaycan Respublikasına, rəsmi nikahlı arvadının yanına qayıtmışdır. Elə bu əsaslarlada Dövlət Miqrasiya Xidmətinə xx.xx.2025-ci il tarixində rəsmi müraciət edərək müvəqqəti yaşamaq hüququ verilməsini xahiş etmişdir. Lakin DMX bu müraciəti xx.xx.2025-ci ildə əssasız olaraq rədd etmişdir. AR Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Belə ki, X9 Yurdu Univeristetində əyani ali təhsil almış, daha sonra Azərbaycan Respublikası vətəndaşı X1 ilə 04 may 2020-ci ildə Pakistan Respublikasında nikaha girmiş və həmin sənəd Azərbaycan Respublikasının İslamabad səfirliyinin konsulluq şöbəsinin aposteli ilə təsdiqlənmişdir. Bunların əsasındada Ali Shana dəfələrlə müvəqqəti yaşamaq hüququ, daha sonra daimi yaşamaq hüququ verilmişdir. Habelə bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X8 adlı uşaq dünyaya gəlmişdir. Belə ki, bu iş üzrə xx.xx.2025-ci il tarixdə Ali Shan Azərbaycan Respublikası ərazisinə 01 aylıq viza ilə giriş etmişdir, yəni 28 avqust 2025-ci ildə mövcud şəraitdə ölkəni tərk edib Azərbaycan Respublikası vətəndaşları olan işsiz rəsmi arvadından və övladından ayrılmalıdır. Bununla da azyaşlı uşağa baxan arvadının maddi vəziyyətdi dahada ağırlaşacaqdır. Belə ki, Ali Shan Azərbaycan Respublikasında əvvəllər yaşamaq icazəsi olan dövrdə rəsmi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək müqaviləsi bildirişindən görünür ki, ərizəçi xx.xx.2023-cü ildən ölkədən çıxarılana qədər müddətsiz olaraq "menecer" vəzifəsi üzrə "X7" MMC-də işləmişdir. Heç bir vergidən yayınma halları, habelə dövlətə qarşı digər öhdəliklərdən imtina halı baş verməmişdir. İndi də müvəqqəti yaşamaq icazəsi verildiyi təqdirdə yenə əmək fəaliyyəti ilə məşğul olub ailəsinin maddi ehtiyacını qarşılamağı düşünürdü. Əks halda, yəni ərizəçi ölkədən çıxarılacağı təqdirdə iki Azərbaycan vətəndaşı olan arvadı və övladının konstitusion nikah hüquqları kobud surətdə pozulacaq, ərizəçinin nikah hüquqlarının bərpası xeyli dərəcədə çətinləşəcək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində nəzərdə tutulan vətəndaşların layiqli həyat yaşaması anlayışı ortadan qalxacaqdır. Cavabdeh xx.xx.2025-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixli müraciətə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcud olduğu müəyyən edildiyindən Pakistan İslam Respublikası vətəndaşı Ali Shan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin verilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli, 10100994 nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, cavabdeh sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, müvafiq icra hakimiyyəti orqanı adıçəkilən şəxsə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin verilməsinə etiraz etmişdir. Cavabdeh etirazında iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İş materiallarından görünür ki: G1551317 nömrəli pasport məlumatlarından görünür ki, iddiaçı Ali Shan xx.xx.1992-ci il tarixdə Pakistan İslam Respublikası, X10 şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır. DYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Ali Shana xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək müvəqqəti icazə verilmişdir. Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 22 avqust 2025-ci il tarixli, 10100994 nömrəli qərarı ilə Pakistan İslam Respublikası vətəndaşı Ali Shana müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 09 avqust 2025-ci il tarixli, 318919/m nömrəli müraciəti təmin edilməmiş, Pakistan İslam Respublikası vətəndaşı PZ1811202 nömrəli Pasporta malik olan Ali Shan üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, işin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli, 10100994 nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması barədə Qərarı mübahisələndirir. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Göründüyü kimi nəinki Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurma halı, həmçinin də milli təhlükəsizliyə zərər vurula biləcəyi halı da müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün və əvvəlki icazənin ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti yox, aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyətli dövlət orqanının rəyi nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətməsinin müəyyən edilməsi aidiyyəti inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o,elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, qeyd edilən cümlədən görünür ki, ziyan vurma halı yox, məhz ziyan vurma halının mövcud ola biləcəyi formasında ifadədən istifadə edilmişdir ki, aidiyyəti səlahiyyətli qurum tərəfindən şəxs barəsində gəlinən milli təhlükəsizliyə təhdid törətməsi barədə mövqe qeyd olunan səbəblərdən də əsaslı qəbul edilir. Hazırkı iş üzrə də cavabdeh tərəfindən iddiaçı barədə araşdırma aparılması məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 47.5 və 47.6-cı maddələrinin tələblərinə uyğun olaraq rəy alınması üçün müvafiq icra hakimiyyəti orqanlarına sorğular göndərilmiş, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı etiraz edərək müvəqqəti icazənin uzadılması barədə mənfi mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Bu zaman aidiyyəti elektron rəy (inzibati icraat materiallarında elektron sorğuya cavab kimi qeyd olunmuş etiraz) məhkəmə iclasında tətqiq edilmiş, qərarın qəbulu zamanı həmin halın əsas götürülməsi barədə qərarın qəbuluna əsas olan digər hallar nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, milli təhlükəsizliyə ziyan vurma ehtimalının mövcudluğu özündə Azərbaycan Respublikasında yaşayan şəxslərin, o cümlədən ailələrin təhlükəsizliyini ehtiva edir. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı Ali Shanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2-1(112)-15263/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15263/2025
20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver