Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1527/2020 02.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-1993-cü illərdə Ağdam rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibədə fəal iştirak etməsinə baxmayaraq ona hələ də “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Dövlət Xidmətinin 09.08.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti rəisinin ünvanına daxil olmuş ərizə və sənədlərinə baxılmışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə “müharibə veteram” statusu müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi hallarda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın rəyi ilə verilir. Odur ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsini sübut edən əsasverici sənədlər olduğu təqdirdə, ona “müharibə veteram” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Onun müharibədə iştirakını şahidlər və Ağdam RİHB-nin birinci müavinin 31.05.2019-cu il tarixli arayışı təsdiq edir. Ağdam RİHB-nin birinci müavininin 31.05.2019cu il tarixli arayışında göstərilir ki, Ağdam şəhər sakini İddiaçı 1988-ci ildən-1991-ci ilədək Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qanunvericilik aktının tələblərinə əsasən, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. İddiaçı iddia tələbinin əsası kimi Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 31 may 2019-cu il tarixli müvafiq arayışa istinad edir. Həmin arayışdan başqa iddiaçının döyüşlərdə iştirakını sübut edən hər hansı digər sənəd mövcud deyildir. Həmin arayış isə İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş adlı siyahıya əsasən, 2019-cu ildə arxiv sənədləri mövcud olmadan və arxiv sənədlərinə istinad edilmədən tərtib edilmişdir. İddiaçının 1988-ci ildən 1991-ci ilədək döyüşlərdə iştirak etməsini, məlum hadisələrdən 28 il sonra, yəni 2019-cu ildə tərtib edilmiş siyahı ilə müəyyən edilməsi məhkəmə tərəfindən əsas və sübut kimi götürə bilməz. Həmin siyahı iddiaçının həqiqətən də qeyd etdiyi dövrdə döyüşlərdə iştirak etməsini təsdiq edən mötəbər sübut kimi hesab edilə bilməz. İddiaçı Ağdam rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 01 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İşdə olan Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 02/530 saylı, 31 may 2019-cu il tarixli arayışdan görünür ki, X2 1988-ci ildən 1991-ci ilə qədər Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Əsas olaraq Ağdam şəhər Mənzil Kommunal İstismar İdarəsinin təqdim etdiyi siyahı və 07 may 2019-cu il tarixli 288 saylı arayış göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamentinin Ağdam Avtokombinat MMC tərəfindən verilmiş 35 saylı, 31 may 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı 01.08.1976-cı il tarixdən 01.04.1992-ci il tarixə kimi Ağdam 2711 saylı hərbiləşdirilmiş Avtodəstədə sürücü işləmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamentinin Ağdam Avtokombinat MMC tərəfindən verilmiş 38 saylı, 31 may 2013-cü il tarixli arayışdan görünür ki, Ağdam 2711 saylı Avtodəstəyə məxsus möhür və ştamp 1992-ci ildə dəyişdirilərək Ağdam Avtokombinat, 2006-cı ildə Ağdam Avtokombinat MMC olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş 09.08.2019-cu il tarixli, N/2895 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə və sənədlərinə baxılmış, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarına istinad olunaraq, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsini sübut edən əsasverici sənədlər olduğu təqdirə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla biləcəyi göstərilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı Ağdam Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 02/530 saylı, 31 may 2019-cu il tarixli arayış əsasında onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyinin sübut edildiyinə istinad edərək, cavabdehin imtinasını əsassız hesab edir. Həmin arayışda göstərilmişdir ki, İddiaçı 1988-ci ildən 1991-ci ilə qədər Ağdam şəhərində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Lakin məhkəmə göstərilən arayışı iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən həmin arayış iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edildiyi halda yetərli sübut kimi qəbul edilə bilərdi. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısına İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi sorğu əsasında Ağdam Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən 02/121 saylı, 04 mart 2020-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısında xx.xx.1954-cü il təvəllüdlü Ağdam rayon sakini İddiaçı adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Lakin siyahının surəti və həmin siyahıda İddiaçı adının qeyd edilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırki halda iddiaçının döyüşlərdə iştirakını təsdiq edən başqa sənədlər olmadığından, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 02/530 saylı, 31 may 2019-cu il tarixli arayış əsasında ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1527/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1527/2020
02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver