Məhkəmə qərarları › İş №2-1(112)-1527/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1527/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1527/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçının cavabdehə qarşı “məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə pensiya məbləğinin yenidən hesablanması və faktiki aldığı pensiya ilə qanunla almalı olduğu pensiya məbləği ilə arasında olan fərqin hesablanaraq, birdəfəlik olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci ildən bəri fasiləsiz olaraq "xxxx" MMC-nin 2 saylı Poçt Filialındı poçtalyon vəzifəsində işləyir. Eyni zamanda, kar olduğuna görə əlildir, iki yetkinlik yaşına çatmayan övladı var və onları təkbaşına böyüdür. Hazırda pensiya alır, lakin pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, işlədiyi stajın düzgün hesablanmadığı və işlədiyi 2010-cu il tarixdən 2018-ci ilə kimi olan müddətin ümumi staj müddətinə hesablanmadığı nəticəsində pensiyanı daha az məbləğdə alır və təminat hüququ bu günədək məhdudlaşdırılıb. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin, Azərbaycan Respublikası Pensiya Fondu mənim qanuni xahişimi yerinə yetirməkdən imtina etmiş, Pensiya Fondu tərəfindən ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı hesab edir ki, ona təyin edilmiş pensiya məbləği yenidən hesablanmalı və arada olan fərq hesablanaraq ona ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəqiləşdirilməsinə dair ərizə təqdim edərək "xxxx" MMC-də işlədiyi dövrdə aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək "xxxx" MMC-də poçtalyon vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə istinad edərək qeyd edir ki, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdən isə əllilik dərəcəsi dəyişdirilməsi səbəbindən İİİ dərəcə əliliyə görə pensiya təyin edilərək ödənilmişdir. İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək "xxxx" MMC-də poçtalyon vəzifəsində işlədiyini iddia etsə də, sığortaolunanlar haqqında məlumat bazası olan Sığorta Alt Sisteminə əsasən İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd edilən normaların da tələblərindən göründüyü kimi xx.xx.2006-cı il tarixdən sonra sığortaolunanların əmək pensiyası onların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən hesablanır. İddiaçı isə 2010-cu il tarixdən 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12, 26-cı maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək göstərilən əsasları müdafiə edərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək tələbinin təmin edilməsindən imtina edilmişdir. -Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçıya DSMF-in Binəqədi rayon Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, İİİ dərəcə əlilliyə keçməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır. -xx.xx.1988-ci il tarixdən doldurulmağa başlamış ИТ-İ ******* №li əmək kitabçasının cavabdeh tərəfindən təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də (xx.xx.2009-cu il tarixədək "xxxx" Dövlət Müəssisəsi olmuşdur) poçtalyon işləyir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ...21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.6-cı maddəsinə əsasən sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.7. sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.8. sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Həmin Qanunun 14-cü maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır; Həmin Qanunun 18-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır; Azərbaycan Respublikası Prezidentinin "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş "məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.28-3-cü maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifəsinə aid edilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, sığortaçın vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Beləliklə, faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə əlillik dərəcəsinin dəyişməsi ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək "xxxx" MMC-də poçtalyon vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçının 2010-2018-ci illərdə iddiaçının "xxxx" MMC-də işləməsi tərəflər arasında mübahisələndirilmir. Cavabdeh hesab etmişdir ki, mübahisə predmeti olan illər ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Müvafiq sorğu əsasında "xxxx" MMC tərəfindən İddiaçı 2010-2018-ci illərdə əməkhaqqından tutulmuş 3 faiz ödənişlərin DSMF-ə köçürülməsi barədə arayış məhkəməyə təqdim edilmişdir. Qeyd olunan arayışdan görünür ki, İddiaçı 2010-2012-ci illərdə analıq məzuniyyətində olduğundan ona əməkhaqqı hesablanmamış, 2013-cü ilin üzrə hesablanmış 1755,01 manat əməkhaqqıdan 52,65 manat, 2014-cü il üzrə 1951,05 manat əməkhaqqıdan 58,53 manat, 2015-ci il üzrə 2391,31 manat əməkhaqqıdan 71,74 manat, 2016-cı il üzrə 2156 manat əməkhaqqıdan 64,68 manat, 2017-ci il üzrə 2438,16 manat əməkhaqqıdan 73,15 manat, 2018-ci il üzrə 2377,42 manat əməkhaqqıdan 71,32 manat sosial sığorta haqları DSMF-ə ödənilmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, pensiya qanunverciliyinin tələbinə görə əmək pensiyasının təyin edilməsi müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsi ilə şərti ilə mümkündür. Hazırkı iş üzrə iddiaçının işlədiyi "xxxx" MMC-nin arayışından göründüyü kimi iddiaçı 2013-cü il tarixdən 2018-cü il tarixədək "xxxx" Dövlət Müəssisəsində əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əməkhaqqı almış və onun əməkhaqqından məcburi sığorta haqları tutularaq aidiyyəti üzrə köçürülmüşdür. Əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət edilməsi iddiaçının öhdəliyi olmamışdur. Belə ki, yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi müvafiq dövrdə qüvvədə olan qanunvercilik işçidən (sığortaolunandan) məcburi sığorta haqqının tutulması məsələsində işəgötürəni (sığortaedəni) məsul şəxs kimi müəyyən etmiş, sığortaedən tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün fərdi şəxsi hesablarda qeydə alınmasını isə sığortaçıya, yəni cavabdehə həvalə etmişdir. Hazırkı halda, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan və təyinatı aşkar göstərilən ödənişlərin köçürülməsinə baxmayaraq, məcburi dövlət sosial sığortasının məqsədləri üçün zəruri məlumatların fərdi şəxsi hesaba daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabında qeydə alınmaması onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Ona görə də iddia tələbi 2013-2018-ci illərə dair hissədə əsaslıdır və təmin olunmalıdır. İddiaçının 2010-2013-cü illərdəki əmək fəaliyyəti dövründə məcburi sosial sığorta haqlarının ödənilməsi təsdiqini tapmadığından və iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. İPM-nin 14.3-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Qanunun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı "xxxx" MMC-də işlədiyi 2013-2018-ci illər ərzində aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-də işlədiyi 2013-2018-ci illər ərzində aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar