Məhkəmə qərarları › İş №2-1(112)-15275/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15275/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15275/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçnın nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 noyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 382 №-li, 11.04 1997-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən Nizami Rayon İcra Hakimiyyəti başçısının 11.12.96-cı il tarixli, 03/1759 №-li məktubu nəzərə alınaraq, Nizami rayonu, Çobanzadə küçəsindəki 2404-cü məhəllədə “Araz” kiçik müəssisəsinin ofis layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 292 №-li, 23 iyun 2001-ci il tarixli Sərəncamına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 18/03P-8/41 saylı xx.xx.2001-ci il tarixli məktubla Nizami rayonu, Çobanzadə küçəsi 2405-ci məhəllədə “Araz” kiçik müəssisəsi tərəfindən tikilmiş və X3 məxsus binalara aşağıdakı poçt ünvanları təyin edilmişdir. “A” tikilisinə 1-8 km qəsəbəsi, Çobanzadə döngəsi 8; “B” tikilisinə 3-8 km qəsəbəsi, Çobanzadə döngəsi 7; “S” və “D” tikilisinə -4-8 km qəsəbəsi, Çobanzadə döngəsi 9.Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2404-cü məhəllədə vətəndaş X2 xüsusi mülkiyyətində olan özəl qeyri-yaşayış binalarının hər birinə ayrı-ayrılıqda özəl yaşayış statusu verilməklə yaşayış fonduna daxil edilmişdir. X2 adına Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Çobanzadə döngəsi, 8 №-li evə dair 11 iyul 2001-ci ildə texniki pasport tərtib edilmişdir. xx.xx.2004-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 (satıcı) Bakı şəhəri, Çobanzadə döngəsi, ev 7-də yerləşən yaşayış sahəsi 83,90 kv/m ümumi sahəsi 146,8 kv/m, köməkçi sahə 41,40 kv.m olan üç otaqlı və 810,90 kv.m torpaq sahəsində yerləşən mənzili X1. 1.09.2006-cı il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 (satıcı) 0,1996 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 63,5 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan, köməkçi sahəsi 19,4 kv/m olan və Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə döngəsində yerləşən üç otaqlı 9 saylı fərdi yaşayış evini X11 satmışdır. 2.12.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 (satıcı) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,5 kv/m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 19,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı (bundan sonra - iddiaçı) satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 9 (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Cavid Manafov küçəsi, giriş 99) iddiaçının xüsusi mülkiyyətindədir İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, “...fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, idarənin arxivində olan texniki pasport xx.xx.2001-ci il tarixlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport əsas hesab edilir. Yuxarıda qeyd olunalar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 1995,5 kv.m. torpaq sahəsi üzrə mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alınması və bununla əlaqədar ona “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixli 30/730 reyestr nömrəli "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna" əsasən, ünvan 3 ünvanında yerləşən 1995,5 kv. m. (0.1995 ha.) torpaq sahəsi faktiki istifadədə olmuşdur. Daha sonra həmin ünvanda yerləşən evə iddiaçının adına xx.xx.2024-cü il tarixli **********78-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" da alınmışdır. Lakin torpaq sahəsinin Çıxarışının alınması ilə bağlı iddiaçı tərəfindən müraciət olunsa da, ona xx.xx.2025-ci il tarixli 3- 21-3- 30/2-1928/2025 **********28 nömrəli imtina verilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.11. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar;

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

Məhkəmənin mövqeyi: İşin hallarına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 382 №-li, 11.04 1997-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən Nizami Rayon İcra Hakimiyyəti başçısının 11.12.96-cı il tarixli, 03/1759 №-li məktubu nəzərə alınaraq, Nizami rayonu, Çobanzadə küçəsindəki 2404-cü məhəllədə “Araz” kiçik müəssisəsinin ofis layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 292 №-li, 23 iyun 2001-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2404-cü məhəllədə vətəndaş X2 xüsusi mülkiyyətində olan özəl qeyri-yaşayış binalarının hər birinə ayrıayrılıqda özəl yaşayış statusu verilməklə yaşayış fonduna daxil edilmişdir. X2 adına Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Çobanzadə döngəsi, 8 №-li evə dair 11 iyul 2001-ci ildə texniki pasport tərtib edilmişdir. İddiaçı 2.12.2024-cü il tarixli alqı-satqı müqaviləsini əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,5 kv/m, yaşayış sahəsi 44,1 kv/m, yardımçı sahəsi 19,4 kv/m olan 3 otaqlı fərdi yaşayış evini əldə etmiş və həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh fərdi yaşayış evinə dair texniki pasportun 2001-ci ilin yanvarın 1-dən sonra, yəni xx.xx.2001-ci il tarixli olmasına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən imtina etməkdə haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 382 №-li, 11.04 1997-ci il tarixli “Sərəncamına əsasən “Araz” kiçik müəssisəsinə ayrılmış, sonradan Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 292 №-li, 23 iyun 2001-ci il tarixli Sərəncamı ilə iddiaçının adına keçirilmişdir (iddiaçıya aid hissədə). Bu baxımdan iddiaçıya münasibətdə mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması Bakı Şəhər İcra Hakimiyyəti başçısının 382 №-li, 11.04 1997-ci il tarixli “Sərəncamı və həmin Sərəncamla ayrılmış torpaq sahəsinin iddiaçının adına keçməsinə dair Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 292 №-li, 23 iyun 2001-ci il tarixli Sərəncamı qəbul edilməlidir. Qeyd edilən Sərəncamlar isə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunu 8.0. və 8.0.1-ci maddələrinə əsasən torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1811/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən bu qərarın 42-45-ci bəndlərində göstərilən tələblərə əməl olunmamış və inzibati orqan sərəncama dəyişiklik formasında hərəkət etmişdir. Bununla belə, hazırkı mübahisəyə münasibətdə xx.xx.2004-cü il tarixli, 42 nömrəli sərəncama əlahiddə olaraq deyil, iddiaçının mərhum ərinə torpaq sahəsinin ayrılması barədə xx.xx.1997-ci il tarixli, 403 nömrəli sərəncamla vəhdət halında (ayrılmış torpaq sahəsinin iddiaçının mərhum ərinin adından onun adına keçirilməsi ilə bağlı məzmunda) və yuxarıda qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla qiymət verilməlidir. Belə yanaşma həm də ondan irəli gəlir ki, inzibati orqanlar tərəfindən düzgün olmayan rəsmiləşdirmə formasından istifadənin neqativ nəticələri maraqlı şəxslərin üzərinə qoyula və onlar üçün əlavə məhdudiyyətlər yarada bilməz”. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 1995,5 kv.m. torpaq sahəsi üzərində iddiaçının amülkiyyət hüququnun qeydiyyata alınması və bununla əlaqədar ona “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı ünvan 2 ünvanında yerləşən 1995,5 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bununla əlaqədar ona “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar