Məhkəmə qərarları › İş №2-1(112)-1528/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1528/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1528/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi quluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axrıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsi nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (gün) əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsini cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, iddiaçı, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 10 il xidmət etmişdir. N saylı hərbi hissə komandirinin müvafiq əmri ilə 18 yanvar 2008-ci il tarixdə bölük komandiri vəzifəsindən (baş leytenant rütbəsində) azad olmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla xəstəliyə görə Silahlı Qüvvələrin ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin axrıncı abzasına və “Hərbi qulluqçuların Statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axrıncı abzasına uyğun olaraq ona növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Müdafiə Nazirinin ünvanına poçt qəbzinə SS773018443AZ) 27 yanvar 2022-ci il tarixdə (Müdafiə Nazirliyinin ünvanına çatma vaxtı xx.xx.2022-ci il) tarixində ərizə təqdim etmişdir. Ərizəsində istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə iddiaçıya kompensasiyanın birdəfəlik ödənilməsini və ödəməni həyata keçirərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi rəhbər tutulması xahiş edilmişdir. Müdafiə Nazirliyinə ünvanlanmış ərizəsi hərbi hissə komandiri polkovnikleytenant Tural Abdullayev tərəfindən (N nömrəli hərbi hissəsində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli N nömrəli ünvanına çatma vaxtı xx.xx.2022-ci il) cavablandırarkən aşağıdakıları bildirmişdir: X4 Şəxsi Heyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Qaynar xətt telefon nömrəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətiniz əsasında N nömrəli hərbi hissənin vətəndaşların müraciətlərinin vəziyyətinin yoxlanılması komissiyası tərəfindən baxılmışdır. Ehtiyatda olan baş leytenant İddiaçı xidmət müddəti ərzində istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi barədə N nömrəli hərbi hissəyə müraciət etməsi məqsədə uyğundur. N nömrəli hərbi hissənin cavalandırılması ilə razılaşmayaraq adı çəkilən hərbi hissəyə müraciət edilmiş, müraciətdə tərxis olunarkən son xidmət yeri N nömrəli hərbi hissə olduğu üçün və Müdafiə Nazirinə ünvanlanmış ərizəsi məhz N nömrəli hərbi hissəyə yönləndirilməsini nəzərə alaraq ödəmənin həmin hərbi hissə tərəfindən həyata keçirilməsi xahiş edilmişdir. Müraciət edilməsindən uzun müddət keçməsinə baxmayaraq bu günədək cavablandırılmamışdır. İnzibati Prosesual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Əlavə olaraq qeyd etmək istəyirəm ki,inzibati orqana ünvanladığım poçt vasitəsilə yazılı ərizəmdən 35 gündən artıq müddət keçməsinə baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Ona görə də iddiaçı bu faktı ərizənin cavablandırılmamasını inzibati orqanın imtinası hesab etmişdir. Hesab edir ki, İnzibati orqan tərəfindən ünvanlanmış olduğu tövsiyə xarakterli cavab məktubu “Vətəndaşların müraciətə baxılması qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin kobud şəkildə pozulması ilə hazırlanmış və heç bir məntiqə sığmır. Göründüyü kimi,vətəndaş olaraq iddiaçı inzibati orqan olmayan hərbi hissəyə müraciət etməməlidir. Müraciətinin təmin edilməsini Müdafiə Nazirliyi həyata keçirməlidir. Ona görə də müraciətini cavabdeh olan Müdafiə Nazirliyinin tərxis olunduğu son xidmət etdiyi hərbi hissəyə yönləndirməsi, eləcədə həmin hərbi hissənin başqa bir hərbi hissəyə yönləndirməklə tövsiyə edilməsi vətəndaşı süründürməçilik kimi qiymətləndirilməlidir. İnzibati orqan tərəfindən cavab məktubunda xidmət etdiyi hərbi hissəyə müraciət etməyi məqsədə uyğun hesab edərək qeyd etməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, “İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasisiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1528/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edilmişdir ki, Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N dekabr 2022-ci il tarixli 5752 nömrəli məktubundan görünür ki, ehtiyatda olan baş leytenant İddiaçı 01 mart 2003-cü il tarixdən N iyun 2007-ci il tarixədək N nömrəli hərbi hissədə, N iyun 2007-ci il tarixdən 18 yanvar 2008-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 22 dekabr 2007-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) 18 yanvar 2008-ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. Xidmət etdiyi dövrdə istifadə etmədiyi növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasının ödənilməsi barədə N nömrəli hərbi hissənin qərarına əsasən N (yüz altmış bir) gün (2003cü il- 45 gün, 2004-cü il- 33 gün. 2005-ci il - 28 gün, 2006-cı il- 40 gün, 2007-ci il -15 gün) növbəti müzuniyyət əvəzinə 2313,57 (iki min üç yüz on üç) manat 57 qəpik pul kompensasiyası hesablanıb ödənilmişdir. 2022-ci il tarixdə iddiaçı N nömrəli hərbi hissəyə müraciət etmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin “q" bəndinə əsasən nəzərdə tutulmuş 3 (üç) ay müddətinə növbəti məziniyyət verilmədiyinə görə, həmin günlərin əvəzinə pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. 2007-ci ildə növbəti məzuniyyətdən 30 (otuz) gün istifadə etdiyindən ona istifadə etmədiyi 15 (on beş) gün əvəzinə pul kompensasiyası ödənildiyinə görə, qalan 45 (qırx beş) gün məzuniyyyət əvəzinə 647,10 (altı yüz qırx yeddi manat 10 qəpik) pul kompensasiyası ödənilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli və Azərbaycan Respublikası Müdafiə Nazirinin 18 mart 2015-ci il tarixli 15 nömrəli qərarının tələblərinə əsasən 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının (255.00 manat), hərbi rütbəyə görə (125,00 manat) və xidmət illərinə görə əlavənin (57.00 manat) məbləğini ayın təqvim günlərinin orta illik miqdarında (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla həyata keçirilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu; - İddiaçı Q-008342 nömrəli şəxsi işi; - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 1039 saylı məktubu; - iddiaçının cavabdeh inzibati orqana müraciətinin və müraciətini təsdiq edən poçt qəbzinin surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırki iş üzrə ehtiyatda olan baş leytenant İddiaçı 10 il müddətində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyini və xəstəliyə görə N saylı hərbi hissə komandirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunaraq xx.xx.2008-ci il tarixdə Silahlı qüvvələrdən ehtiyata buraxıldığını bildirmişdir. İddiaçı, Azərbaycan Respublikasının Müdafiə nazirinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinə ərizə ilə müraciət edərək istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq hesablanaraq ödənilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022ci il tarixli, 1039 saylı məktubla iddiaçıya “Ehtiyatda olan baş leytenant İddiaçı xidmət müddəti ərəzində istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi barədə N nömrəli hərbi hissəyə müraciət etməsi məqsədə uyğundur” cavabı ünvanlanmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə) müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən ona hər hansı cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissənin komandirinin məktubunun surətindən və cavabdeh inzibati orqanın etirazından da görünür ki, iddiaçı İbadov X2 120-ci maddəsinin “q” bəndinə əsasən nəzərdə tutulmuş 90 günlük məzuniyyətdən istifadə etməmiş və 45 günlük məzuniyyətə görə pul kompensasiyaya ödənilmiş, lakin ona qalan 45 gün üçün istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyası ödənilməmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə, İddiaçı məxsus Q-008342 nömrəli şəxsi işi məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı oğıu xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 22 dekabr 2007-ci il tarixli 0632 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) 18 yanvar 2008-ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin:

120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.

121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir

124. Ştatlı vəzifə tutmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət verilərkən növbəti məzuniyyətin müddəti hərbi qulluqçuların müvafiq komandirlərin (rəislərin) sərəncamında olduğu ümumi müddətdən çıxılır. Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata, yaxud istefaya göndərilməklə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması növbəti məzuniyyət bitdikdən sonra işlərin və vəzifənin təhvil-təsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinin axırıncı abzasına əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il 217 nömrəli Qərarına əsasən:

1. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

2. Müəyyən edilsin ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinin, Azərbaycan Respublikası Strateji X3 Agentliyinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi qanunvericiliyin sadalanan normalarına əsasən, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı məzuniyyətdən istifadə etmədiyi və məzuniyyətin 45 gününə görə kompensasiya ödənilmədiyi sübuta yetirildiyindən hazırki iş üzrə cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar