Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15280/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Səbail bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair arxiv sənədinin verilməsi və s.” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səbail bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair arxiv sənədinin verilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 08 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Səbail bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona aid torpaq sahəsi üzrə arxiv sənədinin tam şəkildə təqdim edilməsinin cavabdehə həvalə edilməsi, dövlət reyestində mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və ona çıxarışın verilməsinin təmin edilməsi, hüquqlarının pozulmasına görə cavabdeh şəxslərin qanuni məsuliyyətinin müəyyən olunması, qanunla nəzərdə tutulmuş digər inzibati tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3546/2025 saylı qərarına əsasən iddiaçıya aid torpaq sahəsi üzrə çıxarışın dövlət reyestrində verilməsi təmin edilməmişdir. Bundan əlavə, onun mülkiyyət hüququna aid sənəd arxivdən təqdim edilməmişdir. Arxiv sənədlərin verilməməsi səbəbindən torpaq sahəsi üçün dövlət reyestrində çıxarışın verilməsi mümkün olmamışdır. İddiaçı qeyd etmişdir ki, bu vəziyyət onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Qanunvericiliyə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə çıxarışın verilməsi vacibdir və dövlət reyestrində qeydiyyatı təmin edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Səbail bələdiyyəsi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış, iddiaçının fikri dinlənilmiş, zəruri hüquqi təkliflər verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini olduğu kimi müdafiə edərək, mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin əsaslandığı sübutlar: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Səbail bələdiyyəsinin 63 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamının və digər sənədlərin surətindən görünür ki, Səbail rayonu, 20-ci sahə, Lomonosov küçəsindən 200 kv.m torpaq sahəsi X1 adına sənədləşdirilmiş, torpaq sahəsinin alqı-satqısına dair akt və yerləşmə cizgisi tərtib edilmişdir. -AR Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Səbail bələdiyyəsinin arxiv sənədləri Filiala təhvil verilməmişdir. -Səbail bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Səbail bələdiyyəsi tərəfindən 2007-ci ilədək qəbul olunmuş qərarlar və ona əsas olan sənədlərin dövriyyəsinə dair qeydiyyat kitabları, eləcə də həmin dövrə aid olan inzibati aktlar və ona əsas olan icraat materialları, iclas protokolları və s. digər sənədlər Səbail bələdiyyəsinin arxiv bazasında mövcud olmadığından sorğuda qeyd edilmiş sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi mümkün deyildir. -Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 308.2, 313 və digər maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə sorğuda göstərilmiş sənədlər Bakı şəhəri Səbail bələdiyyəsindən götürülməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. X5 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X6 həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır (4.1, 5.1, 5.2 və 5.3-cü bəndlər). İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı Səbail bələdiyyəsinin 63 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə X3 ayrıldığı bildirilən Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə, Lomonosov küçəsində yerləşən 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Hazırkı tələbi üzrə əsas məqsədi isə Səbail bələdiyyəsinin qeyd olunan xx.xx.2004-cü il tarixli, 63 nömrəli sərəncamının arxiv əsaslarının ona təqdim edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia bir neçə əsasa görə mümkün sayılmamalıdır. İlk növbədə qeyd olunur ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Səbail bələdiyyəsinin 63 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamından göründüyü kimi, torpaq sahəsi X2 adına ayrılmışdır. Bununla bağlı İddiaçının əsl iddiaçı X4 ilə əvəz edilməsi təklif edilmiş, lakin İddiaçı X2 oxuyub, yazmaq bilmədiyini əsas gətirərək tələbi olduğu kimi müdafiə etmişdir. Belə olan halda, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən mümkünlük şərti ödənilmir. Bundan başqa, iddiaçı cavabdeh Səbail bələdiyyəsinin torpaqayırma sənədlərin arxiv əsaslarının təqdim edilməsi ilə bağlı cavabdeh quruma müraciətini və ya cavabdehin bu məsələyə dair hər hansı münasibətini (imtinasını) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iddia öhdəliyin icrası növünə aid olduğundan xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi şərtinə tabedir. Plenum Qərarının 2.3cü bəndindən göründüyü kimi, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını aydınlaşdırılmalıdır. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bundan başqa, iddiaçı cavabdehə ilkin müraciətini təqdim etmiş olsaydı belə, yenə iddiaya mahiyyəti üzrə baxılmasına şərait yaranmırdı. Bu mənada ki, məhkəmənin sorğularına verilmiş cavab məktublarından göründüyü kimi, X3 torpaq sahəsinin ayrılmasını nəzərdə tutan Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli Sərəncamı və həmin sərəncama əlavə edilmiş sənədlər nə bələdiyyənin arxivində bazasında, nə Dövlət Arxivinin Bakı Filialında, nə də Baş Prokurorluqda müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələblə bağlı bələdiyyənin sözügedən sərəncamının və digər əlaqəli sənədlərin arxiv çıxarışının təqdim edilməsi ilə bağlı cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirililə bilməz. Qeyd edilməlidir ki, iddianın mümkün sayılması baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırda isə cavabdeh tərəfindən hazırkı məsələdə iddiaçının hansı hüquqlarının pozulduğu və ya hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi müəyyən edilmir. Halbuki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının iddia tələblərindən biri də Səbail bələdiyyəsinin sərəncamı ilə ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsidir. Bu tələb iddiaya cavab verməli olmayan orqana qarşı (Səbail bələdiyyəsi) qaldırıldığından mümkün hesab edilə bilməz. Çünki yuxarıda istinad olunan Plenum qərarının 2.3-cü bəndindən də göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddia tələbinin düzgün cavabdehə qarşı yönəldilməsidir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı tərəf Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli Sərəncamına əsaslanaraq, həmin sərəncamla ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı bu tələb üzrə səlahiyyətli inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-3546/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərar mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçı əvvəllər bəhs olunan iddia tələbi üzrə düzgün cavabdehə qarşı iddia qaldırmış və həmin tələbi ilə bağlı mahiyyəti üzrə məhkəmə qərarı mövcuddur. Məhkəmə “hüquqların pozulmasına görə cavabdeh şəxslərin qanuni məsuliyyətinin müəyyən olunması və digər inzibati tədbirlərin görülməsi” tələblərinə münasibətdə qeyd edir ki, bu tələblər əsas tələbdən asılı olduğundan həmin hissələrdə də mümkün sayılmamalıdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-15280/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15280/2025
08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver