Məhkəmə qərarları › İş №2-1(112)-15284/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15284/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15284/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “cari hesabında qalan vəsaitin növbədənkənar ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsini nəzərə alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun cavabdeh kimi tanınması və cari hesabda qalan 21293 (iyirmi bir min iki yüz doxsan üç) ABŞ dolları vəsaitin növbədənkənar ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bank Technique ASC-dən xx.xx.2014-cü il tarixli 201S10F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqavilə şərtlərinə əsasən, 40000 ABŞ dolları əmanətini geri almaq üçün Xətai Rayon Məhkəməsinə 11.08. 2015-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bank Technique ASC-dən xx.xx.2014-cü il tarixli 20İSİ0F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən, 40000 ABŞ dolları, vurulmuş mənəvi ziyana görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat onun xeyrinə tutulması barədə qərar qəbul etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən qarşılıqlı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədən dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 fevral 2016-cı il tarixli qərarı ilə Texnika Bank müflis elan olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 aprel 2016-cı il tarixli qərardadı ilə "xxxx" ASC- nin Ləğvedici qismində təyin olunmuş "xxxx" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra mənə 30000 (otuz min) manat, yəni 18917 (on səkkiz min doqquz yüz on yeddi) ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. 21293 (iyirmi bir min iki yüz doxsan üç) ABŞ dolları isə bu günə qədər ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsindən uzun müddət, 8 il keçməsinə baxmayaraq, bu günə qədər "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən qətnamə icra olunmamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xəbərdarlıqlarına baxmayaraq, "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu“ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsini icra etməkdən əsassız olaraq imtina etmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna axırıncı dəfə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq olmuşdur. Həmin xəbərdarlığa "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfində verilmiş 02 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsini icra etmək niyyətində deyil. Cari hesabında qalan 21293 (iyirmi bir min iki yüz doxsan üç) ABŞ dolları vəsaitin növbədənkənar verilməsinin təmin edilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”na ərizə ilə müraciət etmişdir. Ərizə "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən təmin edilməmişdir. "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” pul vəsaitini əsassız saxlamaqla ona küllü miqdarda ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Qətnamə iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş və qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixli 201 Sİ OF ********* saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 40000 ABŞ dolları, ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi xx.xx.2016-cı il tarixdə verilmişdir. Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış **********239 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (81)-1541/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və "xxxx" MMC bankın ləğvedicisi təyin edilmişdir. Daha sonra həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən "xxxx" ASC-yə ləğvedici qismində təyin edilmiş "xxxx" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)- 8344/2015 nömrəli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə cəmi 40.000 (qırx min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun Bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan redaksiyasına müvafiq olaraq xx.xx.2016-cı il tarixdə 30.000 (otuz min) manat, yəni 18.917 (on səkkiz min doqquz yüz on yeddi) ABŞ dolları məbləğində kompensasiya ödənilmiş, 21.293 (iyirmi bir min iki yüz doxsan üç) ABŞ dolları isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq, xx.xx.2016-cı il tarixdə 1-1892-16 nömrə ilə kreditor tələbi kimi qeydə alınaraq kreditorların reyestrinə daxil edilmiş və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlik qaydasında ödəniləcəkdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ləğvedici qismində təyin olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlıdır. Belə ki, iddiaçı cari hesabda qalan 21293 (iyirmi bir min iki yüz doxsan üç) ABŞ dolları vəsaitin növbədənkənar ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş ica sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.” Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. Yuxarda qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasına nəzarət məhz həmin qətnaməni qəbul etmiş məhkəmənin (hakimin) səlahiyyətlərinə aid edilmişdir. İddiaçının hazırkı iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinin icrası ilə bağlı olduğundan, hazırkı mübahisə iddia icraatı qaydasında deyil, icra qaydasında həll olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi xx.xx.2015-ci il tarixli icra vərəqəsi əsasında icraya yönəldilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsində cavabdeh ləğv prosesində olan "xxxx" ASC-dən İddiaçı xeyrinə 40.000 ABŞ dolları məbləğində pul vəsaiti tutulması göstərilmiş, xx.xx.2016-cı il tarixdə İddiaçı 30.000 manat məbləğində kompensasiya ödənilmiş, geri qalan məbləğ (21293 manat) məbləğ xx.xx.2016-cı il tarixdə 1-1892-16 nömrə ilə kreditor tələbi kimi qeydə alınaraq kreditorların reyestrinə daxil edilmiş və növbəlilik qaydalarına uyğun olaraq ödəniləcəyi bildirilmişdir. “X1” 82.1-ci maddəsində müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi qeyd olunmuşdur. Bu səbəbdən də ləğv olunmuş (müflis elan olunmuş) banklara qarşı kreditorların tələblərinə əsasən çıxarılmış məhkəmə qərarının icrasının təmin edilməsi yalnız növbəli qaydada olur. “İcra Haqqında” Qanunun 2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı olduğundan iddia mümükün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı ərizə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar