Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1529/2020 17.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi tələbinə dair iddiasınaBakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı onun güzəştli əsaslarla mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-1992-ci illərdə erməni quldurlarının Sədərək rayonuna basqını zamanı könüllü dəstənin tərkibində döyüşlərdə iştirak etmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ümumi stajı 34 il 01 ay 01 gün olmaqla Dövlət Sərhəd Qoşunlarında fasiləsiz və qüsursuz xidmət edərək hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya hüququ qazanıb 2018-ci ilin avqust ayında pensiya təyin olunmuşdur. Hərbidən ehtiyata buraxıldıqdan sonra mənzil şəraitinin yaxılaşdırılması məqsədilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Azəbraycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri barədə fərmanının tələblərinə əsasən mənzil uçotuna götürülməsi və evlə təmin olunanadək kirayə haqqı ödənilməsi barədə sərəncam verilməsi üçün aidiyyəti üzrə Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin, inzibati orqan onun xx.xx.2019-cu il tarixli müraciətinə Ş-38.068 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə mənfi münasibət bildirmiş, inzibati orqanın qərarı ilə tələbinin icrasından imtina edilmişdir. Eyni zamanda bildirmişdir ki, qanunla nəzərdə tutulmuş hüquqlarının bərpa edilməsində çəkdiyi mövcud çətinliklər ailə üzvləri və yaxın ətrafındakılarla onun münasibətlərinə mənfi təsir edir. Belə ki, qeyd etdiyi kimi həyatının ən məhsuldar vaxtını dövlət və dövlətçilik naminə xidmətdə keçirdiyinə baxmayaraq, hal-hazırda mövcud vəziyyətlə əlaqədar yaxın ətrafının ona qarşı haqlı iradları vardır. Azəbraycan Respublikası Silahlı Qüvvələrin veteranıdır. Həyatının ən məhsuldar dövrünü hərbi xidmətə sərf etmişdir. Nəzərə alınsa ki, bundan sonra yenidən yaşayış sahəsi qurmaq onun imkanları xaricindədir, onun və ailə üzvlərini hansı maddi çətinliklərlə qarşı-qarşıya olması aydın görünür. Səhhəti ilə əlaqədar xidmətini davam etdirə bilməmiş və bu gün layiq olduğu diqqət və qayğını görməyi, sosial problemlərlə üzləşmişdir. Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti Ş-38-068 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə imtinasını onunla əsaslandırmışdır ki, ərizəçi (ehtiyatda olan zabit) xx.xx.2017-ci il tarixdə şəxsi mülkiyyətində olan ünvan 2 ünvanındakı 4 saylı mənzilini bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirərək, mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Eyni zamanda Xətai rayon İcra Hakimiyyəti qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. İnzibati orqan hesab edir ki, iddiaçı öz mənzilini özgəninkiləşdirərək, mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Ancaq, inzibati orqan ərizəçinin mənzil şəraitini araşdırmamış, mənzilin əldə edilməsini müəyyənləşdirməyərək qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2011-ci il 8 dekabr tarixində imzalanmış Fərman isə Silahlı Qüvvələrin hərbi qulluqçularının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tarixi bir qərar olmaqla, onların mənzillə təmin edilməsi məsələsinin həllinin real və praktik mexanizmini özündə təsbit edir. Fərmanda qeyd olunub ki, ilk növbədə göstərilən müddətdə qüsursuz xidmət etmiş hərbi qulluqçular müəyyənləşdirilərkən hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə mənzillə təmin olunması nəzərə alınmalıdır. Bu səbəbdən də, hesab edir ki, inzibati orqanın müraciətinə verdiyi imtinası əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq iddia tələbinə qarşı rəsmi etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Naxçıvan MR, İliç rayonu, Sədərək kəndində anadan olmuşdur. İşdə olan xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamənin surətindən görünür ki, X1 vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsində yerləşən 14 saylı evin 4 saylı mənzilidir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 462 nömrəli arayışdan görünür ki, 1966-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, xx.xx.1994-cü ildən xx.xx.2017-ci ilədək isə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – X6 xx.xx.2017-ci il tarixli, 801 ş/h nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır. İşdə olan N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində xidmət etdiyi müddətdə xidməti mənzillə təmin olunmuş, ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamışdır, Silahlı Qüvvələrin ehtiyatına bruaxılması ilə əlaqədar xidməti mənzili təhvil vermişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 3 mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 61 kv.m olan 3 otaqlı mənzili İddiaçı xx.xx.2017-ci il tarixdə, xx.xx.2004-cü il təvəllüdlü X4 bağışlamışdır. Bundan sonra xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 4 mənzil 82 ünvanında yerləşən mənzili X2 götürmüşdür. Kirayə müddəti xx.xx.2021ci il tarixədək müəyyən edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, S-38-068 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixdə şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsində yerləşən 14 saylı evin 4 saylı mənzilini, bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirərək, mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nətəcələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüşdür. Odur ki, xahişini təmin etmək imkan xaricindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi əsassızdır. Belə ki,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, xx.xx.1994-cü ildən xx.xx.2017-ci ilədək isə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – X6 xx.xx.2017-ci il tarixli, 801 ş/h nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissəsində xidmət etdiyi müddətdə xidməti mənzillə təmin olunmuş, ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamışdır, Silahlı Qüvvələrin ehtiyatına bruaxılması ilə əlaqədar xidməti mənzili təhvil vermişdir. İddiaçıya vərəsəlik hüququ üzrə atasından ünvan 5 mənzil 4 ünvanında yerləşən mənzil miras əmlak kimi qalmışdır. O, həmin mənzili xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü oğlu X4 bağışlamışdır. Həmin mənzil daha sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən X3 mülkiyyətinə keçmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan RespublikasınınSilahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü hissəsinə uyğun olaraq cavabdeh tərəfindən həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinin tələbinə görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdiləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. Məhkəmə hesab edir ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçı ona miras qalmış əmlakı xx.xx.2004-cü il təvəllüdlü oğlu X3 adına bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirməklə mənzil şəraitini süni şəkildə pisləşdirdiyindən qanunvericilikdə nəzərdə tutulan güzəştlər ona şamil edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X10 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1529/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1529/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver